İcra başçısı cəzalandırılsın! – Fotosessiya, Bəyanat

icra-bascisi-cezalandirilsin-fotosessiya-beyanat
Oxunma sayı: 671

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən həftənin sonunda Saatlı və Sabirabad rayonlarında polis hücumlarına qalması ilə bağlı bəyanatla çıxış edib. Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda 2010-cu ilin yazında baş vermiş Kür daşqınlarından 20 ay keçdiyi bildirilir. Bəyanatda qeyd olunur ki, ötən müddət ərzində daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində müəyyən işlər görülsə də fəlakətin nəticələri hələ ki, tam aradan qaldırılmayıb. Buna görə də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı vaxtaşırı olaraq daşqın bölgəsinə səfər edərək fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, regiondakı mövcud problemləri öyrənir, təsirə məruz qalmış sakinlərlə görüşlər keçirir, onların üzləşdikləri və narahat edən problemləri aidiyyatı dövlət qurumları qarşısında qaldıraraq həllinə çalışır: “Təsadüfi deyil ki, problemlərin həlli istiqamətində “Kür” Qərargahı ilə Fövqəladə Hallar Nazirliyi arasında son zamanlar əməkdaşlıq qurulub, hər iki qurum arasında vaxtaşırı görüş və müzakirələr keçirir ki, bu əməkdaşlıq az da olsa öz müsbət bəhrəsini verməkdədir. Daşqınların təsirinə məruz qalmış 500- nəfərdən artıq vətəndaş son yarım il ərzində “Kür” Qərargahına müraciət edib. Müraciətləri araşdırmaq və mövcud vəziyyəti öyrənmək üçün bölgələrə səfər edən Qərargah üzvləri növbəti görüşün yanvarın 07- də Sabirabadda keçirilməsini qərara almışdı. Görüşdə həm də daşqınlarla bağlı Nazirlər Kabinetinin 08 avqust 2011-ci ildə imzalanmış, indiyə qədər mətbuatda dərc olunmayan 231s saylı sərəncamın müzakirəsi nəzərdə tutulurdu. Bu məqsədlə sözü gedən rayonda “Şam” İstirahət Mərkəzi ilə müqavilə imzalanmış, tədbir üçün zəruri hazırlıq işləri görülmüşdü. Lakin tədbirin keçirilməsinə 1 gün qalmış Qərargah nümayəndələrinə İstirahət Mərkəzinin rəhbərliyi rayon icra hakimiyyətinin göstərişi ilə tədbiri ləğv etməyə məcbur olduqlarını bildirərək imzalanmış müqaviləni ləğv etmiş və üzrxahlığını bildirmişdi.
“Kür” Qərargahı Sabirabadda digər yerlərlə danışıqlar apararaq nəzərdə tutulan tədbirin keçirilməsini təmin etməyə çalışsa da təəssüf ki, rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin müdaxiləsi ilə buna imkan verilməmiş, görüşə gələn insanlar polisin təzyiq və təqibləri ilə üzləşmişlər. Daşqınların təsirinə məruz qalmış vətəndaşlarla “Kür” Qərargahı üzvlərinin görüşünə nə qapalı zalda, nə də ki, açıq havada keçirilməsinə imkan verməyən Sabirabad Polis şöbəsi və rayon icra Hakimiyyəti Qərargah üzvləri Mehman Əliyev və Oqtay Gülalıyevi öncə Sabirabad rayon Polis Şöbəsinə apararaq 2 saata yaxın onlarla “profilaktik” söhbət aparmışlar. Sabirabad rayon Polis Şöbəsindən çıxdıqdan sonra görüşə gəlmiş bir qrup yerli sakinlə xudafizləşib Bakıya qayıtmaq istəyən Qərargah üzvlərinin qarşısını Sabirabad və Saatlı rayon Polis şöbəsinin əməkdaşları kəsərək özlərini təqdim etmədən, sənəd tələb edərək, Qərargah üzvlərini maşından düşməyi, adı çəkilən rayonlara nə üçün gəldiklərini soruşmuş, onları zorla Saatlı rayon polis şöbəsinə aparmaq istəmişlər. Qərargah üzvlərinə qarşı qeyri-etik və zorakı münasibət göstərən polis əməkdaşları “Kür” Vətəndaş Cəmiyyətinə məxsus videokameranı müsadirə etmiş, onun yaddaşını pozaraq yararsız vəziyyətdə geri qaytarmışlar. DİN- nin 102 qaynar xəttinə müraciət etdikdən sonra polis əməkdaşları Qərargah üzvlərini sərbəst buraxmışlar.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı baş verən bu üzücü olaylardan dərin narahatlığını ifadə edir. Yanvar ayının 06-07-də Sabirabad və Saatlıda baş verən hadisələr bir daha göstərdi ki, bəzi qüvvələr və hakimiyyət orqanları Kür Araz daşqınlarının yaratdığı problemlərin həllinə çalışmaq, vətəndaşları dinləmək, bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq etmək əvəzinə insanlarda xof yaratmaq, onları basqı altında saxlamaq, QHT və medianı bölgəyə buraxmamaqla regionda polis gestapo rejimi yaratmaq istəyirlər. Bütün bunlar isə ona görə edilir ki, regionlar rəsmi təbliğat vasitələrində deyildiyinin əksinə olaraq məmur laqeydliyi, sosial problemlər, işsizlik, dərəbəylik, korrupsiya girdabında batır. QHT- lər, media cəmiyyətin aynası olduğundan yerli hakimiyyət orqanları yarıtmaq əməllərinin və çirkin simalarının bu aynada başqaları tərəfindən görülməsini istəmirlər.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 07 yanvarda daşqınların təsirinə məruz qalmış insanlara və “Kür” Qərargahı üzvlərinə qarşı Sabirabad və Saatlı rayon polis şöbəsi əməkdaşlarının göstərdiyi qanunsuz, zorakı, qeyri- etik hərəkətləri qətiyyətlə pisləyir, Daxili İşlər naziri Ramil Usubovdan baş vermiş hadisəyə və polislərin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “QHT- lər və ictimai birliklər haqqında”, eləcə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini pozduğuna görə Sabirabad rayon İcra Hakimiyyətinin rəhbərliyi haqqında ciddi ölçü götürülməsini tələb edir, Prezident Administrasiyasını baş vermiş hadisə barədə ciddi ölçü götürməyə çağırır.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Azərbaycan respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstək Şurasına müraciət edərək bölgələrdə QHT- lərin normal fəaliyyət göstərilməsinə imkan verməyən bu kimi halların araşdırılması və aradan qaldırılması üçün Dəstək Şurasını əməli addımlar atmağa çağırır”.