İcra başçısına verilən vaxt bitdi

icra-bascisina-verilen-vaxt-bitdi
Oxunma sayı: 672

Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, icra başçısı sakinlərin avqustun 15-də keçirdiyi aksiya zamanı qaldırdıqları tələbləri 10 gün müddətinə reallaşdıracağını bildirsə də, buna əməl etməyib. Buna görə də rayonun Ulacalı, Mürsəlli və Şıxlar kəndinin sakinləri yenidən aksiyalara başlamaq qərarı veriblər. Onların bu aksiyasına Qasımbəyli, Əsgərbəyli və Axtaçı kəndlərinin sakinlərinin də qoşulması gözlənilir. Sakinlər aksiyanı sentyabrın ilk günlərində keçirəcəklərini bəyan ediblər. Onlar magistral yolu bağlamaq və Prezident Aparatının qarşısına yürüş etməyi nəzərdə tutublar.

Xatırladaq ki, avqustun 15-də Sabirabad rayonunun İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, daşqınlardan zərər çəkən 195 ailəyə bu günə qədər hər birinə cəmi 100 manat kompensasiya ödənilib. Halbuki bunun 1000-1600 manat arası olmalı olduğunu qeyd ediblər. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov aksiya iştirakçılarından 20-ni qəbul edib. Onları dinləyən icra başçısı bir həftə müddətində problemlərin həllinə çalışacağını bildirib. Sakinlər bildiriblər ki, daşqınlar zamanı zərər görmüş evlərə baxış zamanı qeyri-obyektivliyə yol verilib. Digər tərəfdən yolların bərbad vəziyyətdə olduğunu bildirən sakinlər bu problemin də həllini tələb ediblər. Digər problem isə kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı olub. Belə ki, sakinlər deyib ki, yerli icra hakimiyyəti orqanlarının müdaxiləsi nəticəsində kənd təsərrüfatı məhsullarının, əsasən də qarpızın rayondan kənara çıxarılmasına imkan verilmir. Onlar bu problemin də aradan qaldırılmasını tələb ediblər.