İcra başçısının əleyhdarları Prezident Administrasiyasının qarşısına yığışdı

icra-bascisinin-eleyhdarlari-prezident-administrasiyasinin-qarsisina-yigisdi-
Oxunma sayı: 773

PA-na yığışdıqdan sonra rayon sakinləri RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirdilər. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin fəaliyyətinə həsr edilən mətbuat konfransında sakinlər özbaşınalıqlardan şikayətləndilər. Onların sözlərinə görə, mətbuata icra başçısının fəaliyyəti ilə bağlı tənqidi açıqlamaları onlara qarşı təzyiqə səbəb olub.

Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynulllayevin sözlərinə yüzlərlə vətəndaşın imzası ilə Qəzənfər Ağayevdən dövlət başçısına edilən şikayətlər nəticəsiz qalır: «Yazdığımız korrupsiya və cinayət faktları araşdırılmaq əvəzinə, şikayət edən vətəndaşlara qarşı təzyiqlər edilir. Tələb edirlər ki, imzalarınızdan imtina edin. Masallıda dözülməz vəziyyət yaranıb. Biz təəssüf edirik ki, 200 min əhalisi olan rayonu bir nəfərə qurban verirlər. Belə olmaz».
Masallı Ziyalılar Birliyində yüzlərlə yerli sakinin təmsil olunduğunu vurğulayan M.Eynullayevin sözlərinə görə, icra başçısı rayon ziyalılarına qarşı da sayğısızlıq edir: «Görmüşük ki, ziyalı olan yerdə hər kəs ehtiram göstərir. Bu adam isə ziyalını təhqir edir, tutdurur, döyüdürür».

Rayon sakini Əhəd Əhədov isə Prezident Administrasiyasındakı görüşlərindən danışdı. Onun sözlərinə görə, şikayətçiləri PA-dan rayon üzrə kuratorHabil Əzməmmədov qəbul edib: «Amma biz tələb etdik ki, Zeynal Nağdəliyevlə görüşmək istəyirik. Söz veriblər ki, özü də olmasa müavini ilə görüşəcəksiniz».
Rayonun yaşlı insanlarından olan İbrahim Muradov son bir neçə ildə Qəzənfər Ağayev kimi icra başçısı görmədiyini dedi: «Hələ bu rayona belə bir insan gəlməyib. Sanki Masallı torpaqları atasından ona miras qalıb. İstədiyi yeri satır, istədiyi mağazanı uçurur. Bu adama «dur» deyən yoxdur. Şikayətlərimizə də baxmırlar. Mətbuatdan xahiş edirik ki, Masallıda baş verənləri diqqətdə saxlasınlar».
Rayon sakini Hikmət Babayev isə icra başçısı ilə şəxsi görüşündən danışdı: «Ali təhsilliyəm. İşlə bağlı qəbulunda oldum. Qəzənfər Ağayev mənə dedi ki, demokratiyadır, get öz işinə tap. Dedim axı, mümkün deyil. Dedi ki, sən iş yerini tap, nə qədər rüşvət lazımdırsa mən verim. Baxın, bu da icra başçısının səviyyəsi. Belə şəxsdən rəhbər olarmı?».
H.Babayev onu da bildirdi ki, rayonun abadlaşdırılması üçün prezidentin ayırdığı 2 milyon manat vəsait necə və ara xərclənir, heç kəsin xəbəri yoxdur».
Sonda sakinlər bildirdilər ki, bir müddət də gözləyəcəklər. Əgər şikayətlərinə baxmasalar aksiyalara başlayacaqlar.