İcra başçısının müavini döyüldü

icra-bascisinin-muavini-doyuldu-
Oxunma sayı: 693

Bu barədə qəzetimiz çapa gedərkən məlumat almışıq. Məlumatda deyilir ki, icra başçısının müavinini Heydər Əliyevin mərhum lerikli dostu Xanış Şahiyevin (çoban Xanış) övladları döyüb.
Bildirilir ki, Xanış Şahiyevin oğlu Kamil Şahiyev Hidrometeoroloji Mərkəzin Lerikdəki şöbəsinə məxsus binanı zəbt edibmiş. Bu barədə rayon icra hakimiyyətinə məlumat daxil olan kimi Cəlil Baxşiyev Kamil Şahiyevin yanına gəlib. Icra başçısının müavini ondan binanı tərk etməyi tələb edib. Lakin Kamil Şahiyev Cəlil Baxşiyevin tələbinə məhəl qoymayıb. O, icra başçısının müavininə bildirib ki, məsələni icra hakimiyyətində aydınlaşdırarlar. Bu cavabı eşidən Cəlil Baxşiyev icra hakimiyyətinə qayıdıb. Bir qədər sonra Şahiyevlər nəslinin təxminən 30-ya yaxın nümayəndəsi icra hakimiyyətinin binasına hücum çəkib. Onlar Cəlil Baxşiyevi otağından çıxararaq ölümcül döyüb. Hadisə barədə dərhal Prezident Administrasiyasına və Daxili Işlər Nazirliyinə məlumat verilib. Bundan sonra Kamil Şahiyevlə qardaşlarından biri həbs edilib. Hazırda Cəlil Baxşiyevi döyən digər şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


azadliq.info