İcra Hakimiyyətindən İsa Qəmbərə məktub gəldi

icra-hakimiyyetinden-isa-qembere-mektub-geldi
Oxunma sayı: 647

BŞİH-dən göndərilən cavabda bildirilib ki, Müsavat başqanının məktubunda qeyd olunan ünvan-Dövlət Opera və Balet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Ona görə də Müsavat Partiyası adıçəkilən qurumla razılaşma əldə etdikdən sonra BŞİH-yə müraciət edə bilər.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabı o deməkdir ki, BŞİH Müsavatın qurultayın Dövlət Opera və Balet Teatrında keçirilməsinə etiraz eləmir, sadəcə olaraq həmin ünvanla razılaşmanı Müsavatın üzərinə qoyur: “Biz də Müsavat Partiyası olaraq gələn həftədən başlayaraq Dövlət Opera və Balet Teatrının rəhbərliyi ilə məsələni müzakirə edib həllinə çalışacağıq. Ümumiyyətlə yeni yaranmış vəziyyətlə bağlı partiyanın rəhbərliyi müzakirə aparıb qərar verəcək. Qəribəsi ondan ibarətdir ki, bizə BŞİH-nin bundan əvvəl təklif elədiyi Məştağadakı Mədəniyyət Evi, Adil İsgəndərov adına Mədəniyyət Evi, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evi də böyük ehtimalla Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Deməli o yerləri BŞİH bizə birbaşa təklif edə bilir. Amma nədənsə Dövlət Opera və Balet Teatrını birbaşa təklif etmirlər. Hər halda BŞİH-dən bir addım da irəliyə getməsi kimi qəbul oluna bilər”.