“İctimai Palata “Eurovision” başa çatanadək aksiyaları dayandırmalıdır”

ictimai-palata-eurovision-basa-catanadek-aksiyalari-dayandirmalidir
Oxunma sayı: 676





- Qüdrət bəy, İctimai Palatanın son zamanlar təşkil etdiyi aksiyaları, bu aksiyaların davam etdirilməsi ilə bağlı aparılan müzakirələri və irəli sürülən tələbləri necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, ötən il aprelin 2-də baş verən hadisələrə görə həbs edilmiş şəxslər azad olunmalı, İctimai Palata isə "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək aksiyaları dayandırmalıdır. İctimai Palatada təmsil olunan siyasətçilərin bir hissəsi başa düşür ki, əhalinin onların keçirdiyi aksiyalara göstərdiyi münasibətlə hökumətə təsir göstərmək və iqtidarı bu və ya digər addımı atmağa sövq etmək mümkün deyil. Əksinə, yaranmış vəziyyətdən yalnız Azərbaycanın bədxahları istifadə edə bilər və İctimai Palatada təmsil olunan sağlam qüvvələr baş verənlərin fərqində olmalı, daha dərindən düşünərək qərar qəbul etməlidirlər.

Məhbusların azad edilməsinə gəldikdə isə, hökuməti bu məsələdə daha müdrik və çevik siyasət yürütməyə çağırıram. Belə siyasət isə yeri gələndə ölkənin maraqları naminə bir addım güzəştə getmək bacarığı tələb edir. Düşünürəm ki, 9 May, yaxud mərhum prezident Heydər Əliyevin doğum günü ərəfəsində əfv yolu ilə imzalamaqla bu problemi aradan qaldırmaq olar.

- Almaniyanın ölkəmizdəki səfiri mətbuata açıqlamasında Azərbaycanda onun ölkəsinə qarşı qaba və mənfi bir təbliğat aparıldığını, Almaniyanın nüfuzunu korlamağa cəhd göstərildiyini bəyan edib. Səfirin açıqlamasına münasibətiniz necədir?


- Öncə qeyd edim ki, Almaniya mətbuatı da Azərbaycanın imicini korlamaqla məşğuldur. Bu kampaniya qarşılıqlı şəkildə həyata keçirilir. Hesab edirəm ki, Almaniya mətbuatı Azərbaycan əleyhinə daha qaba və daha mənfi təbliğat aparır. Bu məsələ ilə bağlı bir məqama diqqət çəkmək istəyirəm: Bu yaxınlarda Tiflisdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə parlamentarilərin etik davranış qaydaları haqda məsələlər müzakirə olunurdu. Müzakirələrə Fransa, Böyük Britaniya, Polşa kimi ölkələrdən millət vəkilləri və siyasi ekspertlər də qatılmışdılar. Azərbaycan parlamentindən bu tədbirdə mən iştirak edirdim. Tədbirin gedişində bizə və gürcülərə müzakirə olunan məsələ ilə bağlı dərs keçmək istəyən avropalılara inkişaf etmiş demokratiyaya malik olan Qərb dövlətlərindən keçirilən bir sorğunun nəticələrini xatırlatdım. Qeyd edim ki, bu sorğu 5 Qərbi Avpropa ölkəsində - Almaniyada, Fransada, Böyük Britaniyada və Polşada keçirilib. Sorğuda iştirak edən respondentlərin 89 faizi parlamentarilər də daxil olmaqla dövlət və hakimiyyət nümayəndələrinin dürüst və vicdanlı olduqlarına inanmadıqlarını, onlara etimad göstərmədiklərini bildiriblər. Avstraliyada keçirilən sorğunun nəticələri isə Qərbi Avropada daha acınacaqlı olub və bu ölkədə dövlət və hökümət nümayəndələrinə etimadsız münasibət 93 faiz təşkil edib. Xatırladım ki, sorğuların nəticələri "Guardian" qəzetində yayımlanıb.

Bu faktı konfransda dilə gətirməklə, Avropa syiasətçilərinə xatırlatdım ki, təbii olaraq mənfi qiymətləndirdiyiniz korrupsiya, lobbiçilik fəaliyyəti, maraqların toqquşması, parlamentari adına yaraşmayan hərəkətlər sizin ölkələrinizdə də var. Şübhəsiz, bu o demək deyil ki, bizim vəziyyətimiz daha yaxşıdır. Ancaq bu problemlərin həm demokratiyası inkişaf etmiş, həm də demokratiyası inkişafda olan ölkələrdə olduğunu kimsə təkzib edə bilməz. Bu baxımdan, kimlərəsə dərs keçmək, qıcıqlandırıcı addımlar atmaq əvəzinə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparmaq, onların aradan qaldırılmasının yolları barədə düşünmək lazımdır. Bunu ona görə xatırlatdım ki, bəzən Qərbi Avropa ölkələri Azərbaycan iqtidarını tənqid edəndə bu haqlı olaraq qıcıq doğurur və əks reaksiyalara səbəb olur. Hecə olur ki, onlar tənqid edəndə bu ədalətli olur, biz edəndə isə yox?!
O ki, qaldı Almaniyanın nüfuzuna və Almaniya demokratiyasına, bunun bariz nümunəsini Liyada baş verən hadisələr zamanı gördük. Qəddafi öz xalqını qıranda Almaniya HATO üzrə müttəfiqlərilə bir yerdə olmadı və bu qırğının qarşısının alınması məqsədilə verilən qərara səs vermədi. Almaniya mətbuatı isə buna görə hökumətin ünvanına heç bir tənqidi fikir səsləndirmədi.
Bu arada bir məqama da diqqət çəkmək istəyirəm: Bizə yönələn tənqidlərin kim tərəfindən edilməsinə baxmayaraq, əgər tənqid obyektivdirsə, o zaman bu tənqidi fikirlərdə yer alan problemlər aradan qaldırılmalıdır. Tənqidin kimin tərəfindən edilməsi ikinci dərəcəli məsələdir. Amma tənqidi fikirlər də hansısa maraqlardan qaynaqlananan kampaniya xarakteri daşımamalı, xoş niyyətli olmalıdır.

- Bildiyiniz kimi Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Kristof Ştrasser Azərbaycana səfərdən imtina edib. Sizcə bu imtinanın səbəbi nədir və Ştrasserin davranışlarını necə qiymətləndirirsiniz?


- Ştrasserin səfərdən imtina etməsini yanlış addım hesab edirəm. Əgər o xoş niyyətlə problemlərin aradan qaldırılması istəyirdisə, o zaman Azərbaycana gəlməli, müzakirələr aparmalıydı. Çünki onun təmsil etdiyi qurumun təməl prinsipləri də belə davranmağı tələb edir. Yox əgər Ştrasser yaranmış vəziyyətdən yararlanmaqla Azərbaycana qarşı kampaniya aparmaq niyyəti güdürdüsə, o zaman düşünürəm ki, məruzəçinin səfərdən imtina etməsi onun özü üçün uğurlu sayıla bilər.