İctimai Palata hakimiyyətə xəbərdarlıq etdi

ictimai-palata-hakimiyyete-xeberdarliq-etdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin müzakirə edildiyi toplantıda bəyanat qəbul edilib. Bəyanatda Azərbaycan hakimiyyətindən ölkədə ciddi siyasi və iqtisadi islahatlar aparılması üçün konkret əməli fəaliyyətə keçmək tələb olunur : “Bu məqsədlə biz Azərbaycan hakimiyyətinin:

- İctimai Palatanın “Yol xəritəsi”ndə irəli sürdüyü islahatlar və dialoq təkliflərinə münasibət bildirməsini;
- İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla mühakimə edilərək həbs edilmiş və “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş üzvləri və digər fəallarının qeyd-şərtsiz azad olunmasını;
- hakimiyyət tərəfindən həyata keçirilən təqib və təzyiqlərə, vətəndaşların mülkiyyətinin talanmasına son qoyulmasını;
- azad fikirli ziyalılara qarşı son zamanlar hakimiyyətin yüksək dairələrində planlaşdırılaraq həyata keçirilən, ölkədə milli birliyə böyük zərbə olan təzyiqlərə və anti-təbliğata son qoyulmasını;
- vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsini zəruri hesab edirik”.

Bəyanatda vurğulanır ki, islahatlar aparılmasa cəmiyyətdə vətəndaş qarşıdurması yarana bilər: “Ölkədə real siyasi-iqtisadi islahatlar başlamasa, cəmiyyətdə baş verə biləcək sosial kataklizmlər və vətəndaş qarşıdurmalarına görə bütün məsuliyyət İlham Əliyevin və onun siyasi komandasının üzərinə düşəcək. İctimai Palata belə hesab edir ki, ölkədə yaranmış bu acınacaqlı vəziyyət Azərbaycanı dibi görünməyən uçuruma yuvarlayır. Odur ki, indiki mərhələdə İctimai Palata, ölkənin bütün ictimai-siyasi kəsimləri, ziyalılar, bütövlükdə cəmiyyət bu məsələlər barəsində ciddi düşünməli və köklü siyasi-iqtisadi dəyişikliklər həyata keçirilməsi istiqamətində fəaliyyət göstərməlidirlər”.

Fatimə Kərimli