İctimai Palata mitinqlə bağlı qərarını açıqladı

ictimai-palata-mitinqle-bagli-qerarini-aciqladi
Oxunma sayı: 651

İctimai Palata mayın 6-na təyin olunan yürüş-mitinqlə bağlı qərar verib. Koordinasiya Şurasının aprelin 27-də keçirilən iclasında mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət qərarı çıxarılıb. Koordinasiya Şurasının üzvü Rafiq Manaflı “Media forum” saytına bildirib ki, aksiyanın mayın 6-da saat 16-dan 18-dək Bakıda, bu ünvanlardan birində keçirilməsi haqda qərar qəbul olunub:

- Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən - keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək;

- Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək;

- Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək.

Yürüş-mitinq “Yeni parlament seçkiləri”, “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin”, “Əmanətlər birə-bir qaytarılsın”, “Əmlakımıza toxunmayın”, “Korrupsiya və rüşvətxorluğa son” şüarları ilə keçiriləcək.

Mitinq məsələləri ilə məşğul olmaq üçün Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.

Mayın 1-də isə Koordniasiya Şurasının üzvləri Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirib mitinqlə bağlı sualları cavablandıracaqlar.

Xatırladaq ki, bundan əvvəl İctimai Palata iki dəfə 20-ci sahədəki stadionda mitinq keçirib. AXCP isə iki gün əvvəl bir daha həmin ərazidə keçirilçəcək mitinqdə iştirak etməmək qərarı verib. İctimai Palatanın da belə bir qərar qəbul edəcəyi, şəhər rəhbərliyinin həmin yerdə aksiya keçirməklə bağlı təklifinə mənfi cavab verəcəyi gözlənilir.