İctimai Palata Prezidentdən cavab gözləyir

ictimai-palata-prezidentden-cavab-gozleyir
Oxunma sayı: 647

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli “Media forum” saytına açıqlamasında belə deyib.

Aqil Səmədbəyli hesab edir ki, vaxt gələcək, hakimiyyət İctimai Palatanın yol xəritəsinə qayıdacaq, onu araşdırıb həyata keçirmək məcburiyyətində qalacaq: “Hakimiyyət gözləmə mövqeyi tutub. İctimai Palatanın yol xəritəsini birmənalı şəkildə rədd etmək mümkün deyil, çünki sənəd təkcə hakimiyyətə yox, beynəlxalq təşkilatlara, diplomatik korpuslara da təqdim olunub. Dialoqdan imtina etmək, məsələləri masa arxasında danışıqlar vasitəsilə həll etməkdən açıq formada boyun qaçırmaq hakimiyyəti çox biabırçı vəziyyətdə qoyur. Ona görə də nə rəsmi şəkildə rədd edə bilirlər, nə də qəbul edirlər”.

Aqil Səmədbəylinin sözlərinə görə, hakimiyyət reaksiya verməsə də, İctimai Palata hazırladığı yol xəritəsini bir kənara atmayacaq: “Bu məsələni müzakirə edirik. Sənədi hazırlayanda, qəbul edəndə və rəsmi qurumlara göndərəndə bəyan etmişdik ki, müxalifət bu sənədi təqdim etməklə nə qədər konstruktiv mövqe tutduğunu, məsələləri danışıqlar, dialoq yolu ilə həll etməyin tərəfdarı olduğunu sübuta yetirir. Təbii ki, hakimiyyət sənədi qəbul etmədiyi və birdəfəlik rədd etdiyi təqdirdə digər variantlar da müzakirə olunacaq. Cəmiyyətin hakimiyyətdən nə qədər narazı olduğunu hakimiyyətin yuxarı eşelonunda oturanların özləri də bilirlər. Onlar da ölkədəki vəziyyətdən xəbərdardırlar, hakimiyyətdən narazılığın maksimum həddə çatmasının fərqindədirlər.

Belə bir cəmiyyətdə həm Azərbaycanı, həm də hakimiyyəti hər an təhlükə gözləyir. Yəni qəzəbli kütlə bircə dəfə ayağa qalxsa və vəziyyət nəzarətdən çıxsa, heç kim bunun qarşısını ala bilməyəcək, buna gücü çatmayacaq. Bir neçə ay ərzində bir neçə ölkədə bunun şahidi olduq. Qəzəbli kütlə ayağa qalxanda ən çox itirən də hakimiyyətin yuxarı eşelonunda oturanlar olacaq. Biz isə istəmirik ki, Azərbaycanda vəziyyət bu həddə çatsın, hər şey nəzarətdən çıxsın və inqilab olsun. Çünki bunun nəticəsinin necə olacağı bəlli deyil. Müxalifət Azərbaycanı həddən artıq sevən, göz bəbəyi kimi qoruyan bir müxalifətdir. Biz istəmirik ki, ölkədə hər hansı qarşıdurma olsun. Hakimiyyət isə bizim bu xoş niyyətimizdən sui-istifadə edir”.