İctimai Palatanın seçki biabırçılığı

ictimai-palatanin-secki-biabirciligi
Oxunma sayı: 660

Biabırçılıq ondan başladı ki, Koordinasiya Şurasına namizədlər elan olunandan sonra «hər namizədə özünü tanıtmaq üçün 3 dəqiqə vaxt» verildi. Görünür, İP rəhbərliyi İctimai Palataya Azərbaycan siyasi elitasına aid olan, çoxillik mübarizəsi ilə tanınan ziyalıların yığışdığını nəzərə almağı lazım bilmir; görünür, İP-də toplanan siyasi baxımdan fəal insanların illər uzunu bir-birlərinin nəinki özünü, hətta yeddi arxa dönənini yaxşı tanıdıqları da heç kimin eyninə deyil. Təsəvvür edirsinizmi? Ən azı 20 illik siyasi-ictimai fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bəs-bəlli tanıdığı, bildiyi, məsələn, Rauf Arifoğlu, illərlə bir yerdə olduğu insanlara özünü «3 dəqiqəyə» tanıtmalıymış. Hələ onu demirəm ki, «özünü tanıtmağa» çıxan KŞ üzvlüyünə namizədləri İctimai Palata nümayəndələrinin ən azı 70 faizi eşitmək imkanına malik deyildi – koridor yox, heç həyət də tutmurdu bu insanları.

Təki «protokol qaydalarına» riayət olunsun, ona görəmi? Bəs, bu mənasız formalizmə əməl edənlər niyə seçki bülletenlərini əvvəlcədən hazırlamamışdılar?

Heç bir qayda, qanun, məntiqlə seçki günü, saat 15:00-da seçki bülletenlərinin çap olunmasına başlanmasını izah etmək mümkün deyil. Belə seçki keçirərlər? Seçki günü də bülleten çap olunar? Kimsə namizədliyini geri götürəcəkdisə, hazır bülletenin üstündən adını xətləməklə problemi həll etmək o qədərmi müşkül məsələdir? Formalizm deyirsiniz, bu da formalizm, illərlə öyrəşdiyimiz seçki vərdişi. Daha hoqqa çıxarmaq nə üçün?

Bu hoqqanın nəticəsiydi ki, cəmi 500 nəfərə qədər adam üçün nəzərdə tutulan seçki əsl cəhənnəmə çevrildi. Mənzərəyə baxın: bircə qutu qoyulub ortaya və dəmir çərçivəli qapının arxasına yüzlər yığışıb. Hər adam çıxdıqca bu andıra qalmış dəmir çərçivə açılır, basırıq yaranır. «Qapını bağlamağa ehtiyac yoxdur, içəri girmək olmaz və biz bunu yaxşı anlayırıq» deyib, qapını açıq saxlayırıq. Ali təhsilli ziyalılar dəmir intizamla bu sözə əməl edirlər və…

Adını çəkmək istəmədiyim seçki komissiyasının ağsaqqal üzvü hay-həşirlə, çıbır-bağırla qapını bağlamağa çalışır. Komandası: «Çəkilin, yoxsa seçkini ləğv edəcəyəm!»

Adam hələ də dərk etmir ki, seçki komissiyasının zay, yarıtmaz, başıpozuq fəaliyyəti nəticəsində qos-qoca kişilər, ziyalılar saatlarla ayaq üstə, basırıqda gözləməyə məhkum ediliblər. Anlamamağı cəhənnəm, 500 nəfərlik seçkini təşkil edə bilməyənin utanmaq əvəzinə hikkəsinə, ritorikasına, intonasiyasına, insanlarla rəftarına bax!

Bu cür biabırçı təşkilatçılığın nəticəsi necə olmalıydısa, elə də oldu. İP-in 500-ə yaxın üzvündən cəmi 258 nəfərin əsəbləri sonadək dözdü, qalanları (mən qarışıq) çıxıb getdi. Yarıtmaz təşkilatçılığın sayəsində «seçici fəallığının» anasını ağlar qoydular, hələ 13 ədəd bülleten də etibarsız sayıldı.

Əgər əksəriyyəti seçkilərdə namizəd kimi çıxış etmiş, seçki texnologiyasını kifayət qədər mənimsəmiş insanların səsverməsində 13 bülleten etibarsız sayılırsa, bunun səbəbini seçicilərin təcrübəsizliyində yox, «seçki komissiyasının» biabırçı fəaliyyətində axtarmaq lazımdır. Əlbəttə, İbrahim İbrahimliyə şəxsiyyət vəsiqəsini unutduğu üçün bülleten verməyən komissiyanın dürüst seçki keçirməsinə şübhə etmirəm – baxmayaraq ki, İbrahimlinin şəxsiyyətinə inanmayıb vəsiqəsini istəməyin özü də bir ayıbdır. Söhbət dürüstlükdən yox, təşkilatçılıqdan gedir.

Amma bütün biabırçılıqlar bununla da bitmir.

«Onlar özləri də bilmirlər ki, nə edirlər»

İctimai Palata – Azərbaycan hakimiyyətinin ədalətsiz, haqsız, allahsız siyasətinə səmimi şəkildə etiraz edən fəal insanların birliyidir. Burda heç bir siyasi ambisiyadan söhbət gedə bilməz. Siyasi mübarizə üçün münbit şərait yaranacağı təqdirdə iddialar olacaq və onda İP-ə yığışan insanların fərqli yanaşma səbəbindən ayrı-ayrılıqda mübarizə aparmalarında qeyri-adilik axtarmayacağıq. Elədirmi?

İP üzvləri siyasi mübarizəni ən çətin anlarda çiyinlərinə almış liderlərin hazırda iddialarını müvəqqəti olaraq durdurmalarına və səmimi birgəliklərinə də normal yanaşmalıdırlar. Ancaq KŞ-ya son seçkilər nəyi üzə çıxardı?

Mən qətiyyən İsa bəyi Məsih, Əli bəyi Əbu Talib hesab etmirəm, onların heç biri müqəddəs deyil. Ancaq ən çətin dönəmdə mübarizə ruhunu yaşadan, mafioz, qaniçən siyasətə sinə gərən bunlardırmı?

İndi mənə deyin: böyük bir siyasi qurumun rəhbəri kimi 2005-ci ildən bəri bütün siyasi zərbələri ilk olaraq qəbul edən, şəxsi itkilərini nəzərə almadan haqq uğrunda vuruşan Əli Kərimlini səs etibarilə Ədalət Yusibova, Aqil Səmədbəyliyə, Leyla Əliyevaya, Vidadi Mirkamala, Zəfər Quliyevə kim uduzdurub? Bunu kim təşkil edib?

Yusifovdan Quliyevə qədər adını çəkdiyim bu adamların mübarizəsinin səmimiliyinə qətiyyən şübhə etmirəm və onları Azərbaycanın ən dəyərli ziyalıları sayıram – yanlış anlaşılmasın. Ancaq İP üzvləri doğrudanmı elə hesab edir ki, hakimiyyətin siyasətinə etiraz edən kəsimin qərar qəbul etməsində kimlərsə Əli Kərimlidən daha artıq mübarizdir?

Niyə 245 nəfər seçicinin 235-i İsa bəyə səs verməlidir? Kimdir o 10 nəfər ki, İsa bəyin Koordinasiya Şurasına düşməsini artıq hesab edir? Kimdir o 36 nəfər ki, Əli Kərimlinin hakimiyyətə qarşı tutduğu mövqeni – bir daha vurğulayıram, siyasi mübarizə istiqamətini yox, hazırkı səmimi etirazını!!! - düzgün saymır?

Hamının mövqeyinə hörmət edirəm, kimsənin seçiminə də etirazım yoxdur – yenə deyirəm, yanlış anlaşılmasın. Ancaq İP KŞ-ya seçkilər hakimiyyət uğrunda mübarizə seçkiləri deyil, axı! İctimai Palata sədr və ya prezident seçmir, axı! İP prezident seçkisinə namizədini müəyyənləşdirmir, axı! Bu «hakimiyyətə etiraz edən», «siyasi mübarizə şəraitinin yaranması üçün çalışan», «islahatların aparılmasını istəyən» səmimi birlikdirsə, şəxsi münasibətlərin tüğyan etdiyi bu boyda qeyri-səmimilik və siyasilik hardandır?

Əgər siyasi iddialar uğrunda mübarizə başlayıbsa və İP artıq strateji hədəflərini dəyişibsə, ayrılın, İctimai Palataya qədərki siyasi fəaliyyətinizlə məşğul olun, camaatı aldatmayın. Yox, məqsəd yalnız normal seçki mühiti yaratmaqdırsa və ölkədə ədalətli islahatlara nail olmaqdırsa, onda birliyinizdə səmimi olun!

Mən də İsa Məsih deyiləm, amma onun sözünü bu məqamda işlətməyi məqbul sayıram: bəylər və xanımlar, məncə, siz özünüz də bilmirsiniz nə edirsiniz!