İdiotlar! tükəzbanlar! qaqaşlar!

idiotlar-tukezbanlar-qaqaslar
Oxunma sayı: 844

Belə baxanda düz edirlər. Ağıllı adamlardır. Bazar – bazar. Alver – alver. Nəylərinə gərəkdir özlərini gülüş hədəfinə çevirmək? Bazar iqtisadiyyatı deyilmi? Tələbat nəyədir – onu satırlar. Gənclər gəlib davalı kino istəyəcək – satacaqlar. Erotik kino istəyəcək - satacaqlar. Tələbat bunadır - vəssalam. Zatən intellekt səviyyəsi “Kurtlar Vadisi”ndəki aktyorların “kəlamlarından” o yana getməyənlərdən nəsə ummaq axmaqlıqdır.

xxx

İki həftə əvvəl izlədiyim filmlərin adları belədir: “Mosfilm”in “Cinayət və Cəza” filmi, “İdiot” filmi, fransız rejissoru Jan Qabonun “Səfillər” filmi. Bu 3 filmi şənbə-bazar izləmişəm. İzləyəndə qətiyyən fasilə verməmişəm. Çay içməmişəm. Konfet yeməmişəm. Siqaret çəkməmişəm. Nəticə - fikrim yayınmayıb, oxuduqlarım gözümdə canlanıb. Əsl səbəb – filmlərin keyfiyyətli olması.

xxx

Keçən həftə Çexovun “6 nömrəli palata”sının motivləri əsasında bir filmin olub-olmaması ilə bağlı axtarış apardım. Sən demə, var imiş. Rejissorun milliyəti diqqətimi cəlb etdi – Karen Şaxnazarov. Lakin bu, filmə qiymət verməyimə qətiyyən mane ola bilməzdi. İstər mənfi cəhətdən, istərsə də müsbət... Filmə baxdım. Qoyduğum diaqnoz – belə bir şedevr əsərə belə bir film çəkən rejissoru dəlixanaya salmaq lazımdır. Lütfən, vətənşüvənlikdə ittiham etməyin – olanı deyirəm. Özünüz baxa bilərsiniz.

xxx

Uşaqlıq vaxtımdan danışım. Hamı kimi bizdə də ağ-qara sovet televizoru var idi. Yadıma gəlir, rus kanallarından bir dənə RTR göstərirdi. Bizim kanallar isə döyüş və fantastik filmlər verməkdə rəqabətə girmişdi. Valideynlərim RTR-dən təzəcə film izləməyə başlayırdılar ki, ağlamağa başlayırdım. Çünki bizim milli kanalda döyüş filmi gedirdi. Davalı filmə baxmaqdan zövq alırdım. Valideynlərim də mənə başa sala bilmirdilər.... Daha doğrusu, başa salırdılar.... Sadəcə, mən başa düşmək istəmirdim. Uşaq idim. Filmin təsiri özünü axşamlar göstərirdi – qorxulu yuxular... Tər içində ayılıb qışqırmaq... Sayıqlamalar... Ancaq əbəs yerə... Yenə də digər uşaqlar kimi, öz uşaq təxəyyülümlə bu cür filmləri seyrə davam edirdim. Sadəlövh uşaqlıq dövrü...

xxx

İzdivac verilişlərində pullu kişi axtaran tükəzbanları görəndə yadıma Nastasya Filippovna düşür. Dostoyevkinin “İdiot” romanının qəhrəman qadını. Qız istəyirəm onu satın almaq istəyənlərlə Nastasya Filippovna kimi məzələnsin. Təklif olunan pulu oda atsın. Oğul istəyirəm Knyaz Mışkin kimi saf olsun. Oğul istəyirəm öz Jan Valjanlığını dərk eləsin. Oğul istəyirəm Javer kimi, öz peşə borcuna sadiq olsun. Oğul istəyirəm Raskolnikov kimi məntiqli düşünüb öz arvadını namus-qeyrət üstündə baltalasın. Oğul istəyirəm dindar olub Marmeladov kimi sərxoş olsun... Ancaq anlayıram – qaqaşdan – oğul, tükəzbandan – Nastasya Filippovna olmaz. Olsaydı, “Onun Yarısı”, “Toy Olsun!” olmazdı. Knyaz Mışkin kimilər isə, elə idiotdur. Bu gedişnən, idiot olaraq da qalacaqlar...

xxx

Bu yazını evdə olmayanda yazdım. Vərəqə... Bu gün. İşdən çıxıb evə gəlirdim. Yolum bazardan keçirdi. Qarşımı saqqallı bir gənc kəsdi. Əlindəki fotonu mənə uzatdı. Seyid Lazım Ağanın fotosu idi. Aramızda belə bir dialoq oldu:

– ...Satırsan?

– Əstəğfürullah, qardaş, göydə allah var, ucuz satırıq!

– Mən soruşdum, satırsan, ya yox? Ayrı sual verdim?!

– ... 50 qəpikdir, qardaş.

– Lazım deyil!..

Elə üzümü çevirib gedirdim ki, arxamca nəsə dedilər. Deyəsən, qarğış edirdilər.

xxx

Evə çatdım. Bir stəkan çay içdim. Kompüteri açdım. Oxuduğunuz yazını yazmağa başladım. Qurtardım. Sayta göndərdim. Vərəqi əzib zibil yeşiyinə tulladım.