İdmançılarımız rəşadətlə məğlub olur

idmancilarimiz-resadetle-meglub-olur
Oxunma sayı: 649

Bir yerdə ki, dünyanın 204 ölkəsinin bayrağı asıla, ancaq endirilmək yenə də sənin taleyinə yazıla. Bu nədirsə təsadüf deyil. Bizim ən qiymətli nemətimizin başında nəsə var. Bu barədə mütləq ayrı bir yazını “Qafqazinfo” oxucularına söz verərək keçək növbəti hadisəyə.

Dünyanın bütün camaatı gözünü yarışmanın keçirildiyi “Olimpiya stadionunun” içinə zilləyən vaxt məlum olub ki, bizimkilər çöldə “talkuçka” açıb, yaxşı pul tuturlar. “Skynews” da eləməyib tənbəllik reportaj hazırlayaraq bütün dünyada Azərbaycanın rəsmi nümayəndə heyətinin Londonda bilet satmasını nümayiş etdirdi. Bu nə biabırçılıqdırsa hələ də fərli-başlı açıqlama tapıb verə bilmirlər. Camaat bizim şirin ləhcəmizlə “bilet var-bilet var” deyən alverçilərimizi çəkib göstərir, bizimkilər deyir ki, böhtandır. Yaxşı, bunu da qoyaq bir tərəfə... Əslində qoymamalıyıq, ancaq köşənin əsas məqsədi ayrı olduğu üçün məcburuq.

Məlum olduğu kimi 53 idmançımızın təmsil olunduğu olimpiadada biabırçı məğlubiyyətlərimiz davam etməkdədir. Artıq onların yarısı çıxdaş olub. Cəmi bir nəfərimiz qeyri-mübarizə şəraitində bürünc qazana bilib. Ona da özümüzünkü deyə bilmərik əslində. Bolqar Valentin Xristovun bizə nə qədər dəxli var?.. Situasiya onu göstərir ki, hələ məğlubolma seriyası davam edəcək və Londondan Bakıya təkcə “bolqar bürüncü” gətirilsə heç kim təəccüblənməsin. Bilmək olmaz, bəlkə yaxşı pul verən olsa, onu da elə Londonda aşağı qiymətə satmaq olar.

Yaranmış situasiya və baş verənlər ölkə ictimaiyyətində maraqlı reaksiyalara səbəb olub, müzakirələr başlayıb. Müzakirələrdə iştirak edən tərəflərdən bir hissəsi idmançılarımızı yıxıb sürüyür, bu məğlubiyyətləri biabırçılıq kimi qələmə verir, idmançıların harın saxlanmasından gileylənirlər. Digər tərəf isə aləmə car çəkir ki, amandır, belə danışmayın, yerdə qalanları ruhdan sala bilərsiniz. Və bu uduzmağa görə ölkədə yürüdülən idman siyasəti qınanmamalıdır.

Bu haçalanma artıq KİV-də də özünü göstərir. Bu gün səhər işə gələndə radio 106.3 FM-də “Olimpiada xəbərləri”ni dinləyirdim. Aparıcı təxminən belə deyirdi. “Filan idmançımız daha bir parlaq qələbə qazanaraq səkkizdə bir finala yüksəlib”, “Boksçumuz ilk görüşündə möhtəşəm qələbəyə imza atıb”, Sonra məlum olur ki, bu möhtəşəm qələbə qazanan idmaçıların ilk görüşləri haqda imiş bu xəbər. Həmin möhtəşəm idmançını ikinci görüşdə o ki, var çırpıblar. Lakin yenə də xəbər belə təqdim olunur - “İdmançımız rəqibindən üstün olsa da, hakimlər xalı o birinə veriblər”, “Təəssüf ki, güclü idmançımız mübarizəni davam etdirə bilməyib”.

Mən belə xəbər təqdimatlarını oxuyarkən gülməkdən uğunub gedirəm. İlahi, biz necə bədbəxt təfəkkürlə yaşayırıq. Təsəvvür edirsinizmi, vaxtı ilə Çar Rusiyası Birinci Dünya Müharibəsində uduzanda imperiya qəzetləri bu başlıqlarala çıxırmış. “Ordumuz müzəffəranə şəkildə geri çəkilir”, “Əsgərlərimiz rəşadətlə məğlub olur”. Bu çar təfəkküründən yüz il vaxt keçib, həmin imperiya yüz yerə parçalanıb, ancaq Azərbaycan insanının təfəkküründə hələ də məğlubiyyətə bu şəkildə əxlaqsız don geyindirmək vərdişi dəyişməyib. Niyə baş verənləri öz adı ilə çağırmırsınız, cənablar? Niyə normal müzakirə açıb məğlubiyyəti müzakirə etmirsiniz? Nədən qorxursunuz? Biz uduzmuşuq və bu biabırçılığımızı təhlil edib harada büdrədiyimizi öyrənməli, nəticə çıxarmalıyıq. Yoxsa, basdırın, bütün zibillərin üstünü görək nə vaxta kimi basdıracaqsınız? Hanı bizim televiziyalarımızın canlı təhlil proqramları? Niyə federasiya rəhbərlərini, baş məşqçiləri ortaya çəkib sorğu-sual etmirsiniz? Nə vaxta kimi “rəşadətlə məğlub eləyəcəksiniz bu milləti?” Ölkədə idmana, konkret olaraq Londona aparılan idmançılara nə qədər pullar xərclənib?

Bu hadisə göstərdi ki, Azərbaycanın idman siyasətində böyük problemlər var. “İdman ili” kimi aksiyalar fiaskoya uğrayıb və proses başlı-başına buraxılıb. Bu da məhəllə yarışlarında yer tutan idmaçıların başımıza çıxardılmasının nəticəsi? Yarışlara idmançıların tapşırıqla göndərilməsi, lisenziyaların pulla alınması, BBC-nin Kəmaləddin Heydərova rüşvət ittihamı, komandaların baş məşqçilərinin şəxsi münasibətlərlə təyinatı və onlarla bu kimi ittihamlar haqlı səslənir və bu ört-basdırın üstü bir gün açılmalı idi. Məhz dünyanın gözü qarşısında.

Bu məğlubiyyətdir, cənablar. Lütfən meydanı başıaşağı və sakit tərk edərək, bayıra çıxmaq, bacardığınız işin qulpundan yapışmaq lazımdır. Məsələn, qara bazarda yaxşı klyent tutub, bilet satmaq olar. Təbii ki, satıb qurtarmayıbsınızsa...