“İdmanın çox böyük xeyri var”

idmanin-cox-boyuk-xeyri-var
Oxunma sayı: 1642

“Hər bir vətəndaşa idmanla məşğul olmağı tövsiyə edirəm. İdmanın çox böyük xeyri var - idman insanı fiziki cəhətdən möhkəm edir, idmançılar, xüsusilə də Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər və təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət var”.

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınması mərasimində çıxışı zamanı deyib. Prezident bildirib ki, bizim idmançılarımız bu hörməti həm öz qələbələri ilə, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanıblar: “Azərbaycan nisbətən gənc müstəqil dövlətdir, bizim müstəqilliyimizin cəmi 20 yaşı var. Ancaq bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilib və bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır, beynəlxalq idman ailəsində layiqli yer tuta bilmişik və bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır”.

Prezidentin sözlərinə görə, idman ölkəsi adını qazanmaq asan məsələ deyil. “Biz öz əməyimizlə, idmançılarımızın zəhməti ilə, məşqçilərin əməyi ilə bu adı qazanmışıq. Və eyni zamanda, Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Mən şəxsən onun şahidiyəm ki, bir çox ölkələrdə Azərbaycandakı təcrübə öyrənilib. Çünki bəzi hallarda idman federasiyaları arasında, cəmiyyətdə və klublar arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında ziddiyyətlər olur. Azərbaycanda isə bütün idman qurumları vahid komanda şəklində fəaliyyət göstərir - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klublar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkədə idmanı inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu idarəçilik sistemi bugünkü nəticələrə gətirib çıxarıb”.

İlham Əliyev bildirib ki, yaxın zamanlarda Bakıda yeni, müasir, bütün dünya standartlarına cavab verəcək üzgüçülük kompleksinin tikintisinə başlanılacaq. "Buna da böyük ehtiyac var. İndi demək olar ki, bütün rayonlarda üzgüçülük hovuzları var, ancaq Bakıda bu sahədə geridə qalmışıq, idmançılarımız sovet dövründən qalan hovuzlardan istifadə edirlər. Əlbəttə, bu, yaxşı hal deyil. Ona görə də yeni su saray və üzgüçülük olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac var”.

“...Bir məsələyə də toxunmaq istəyirəm. İdmançıların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olub, hər il 20-30 idmançıya dövlət və Milli Olimpiya Komitəsi tərəfindən mənzillər verilir. Bu praktika artıq 15 ildir ki tətbiq edilir. Biz 1997-ci ildən bu proqramı başlamışıq və istedadlı, böyük uğurlara malik olan idmançılarımızın məişət problemlərini həll edə bilmişik”.


İlham Əliyev qeyd edib ki, bizim idman qəhrəmanlarımız gənc idmançılar üçün həm idmanda, həm də həyatda nümunə olmalıdırlar. “O ki qaldı Azərbaycan dövlətinə və mənim bu sahədəki fəaliyyətimə, mən 15 ildir ki Milli Olimpiya Komitəsinin prezidentiyəm. Ölkə Prezidenti kimi mənim çoxsaylı işlərim və çoxşaxəli funksiyalarımın olmasına baxmayaraq, Milli Olimpiya Komitəsinin prezidenti kimi də mən daima idmançılarla təmasdayam, onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm və hesab edirəm ki, bu, həm cəmiyyət üçün, həm də idmanın inkişafı üçün lazımdır. Onu da qeyd etmək istəyirəm ki, mən ölkə Prezidenti vəzifəsinə də idman aləmindən gəlmişəm - 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilmişəm, 2003-cü ildə isə respublika Prezidenti. Yəni mən Azərbaycan rəhbərliyində, belə demək mümkündürsə, idmançıları təmsil edirəm, bundan sonra da hər bir sahəyə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərəcəyəm”.