İftar oyunbazlığı

iftar-oyunbazligi
Oxunma sayı: 646

Ancaq, inanın, bizim quzeyli xanımlardan daha sərbəst, daha hür davranır, düşüncələrindəki işıqla məni əməlli-başlı heyrətləndirirdi. Humanitar sahə üzrə Danışqah (Universitet) məzunu idi. Fars, ərəb, ingilis və fransız dillərini bilirdi. Üstəgəl türk dili... Latın əlifbasında oxuyub yazmaqda çətinlik çəkirdi bir az. Bu çətinlik əsasən ingilis əlifbasında olmayan məşhur hərflərimizlə bağlı idi. Mən bu günüqara hərflərin ingilis qarşılığını yazıb verəndə məlum oldu ki, ona xeyli kömək etmişəm. Və hətta demək olar ki, problemi həll olunub. Çünki ilişdiyi nöqtələr zatən bu hərflər idi.

Dinlə bağlı da balaca söhbətimiz oldu, adını unutduğum bu soydaşımızla. Allaha inandığını söylədi. Amma namaz qılmırdı. Mənim, necə olur, başınızı bağlayırsınız, Allaha inanırsınız, ancaq namaz qılmırsınız sualıma Tehranda yaşadığından Azərbaycan dilində güclü fars aksenti ilə danışan həmsöhbətim belə cavab verdi: “Bizim bu başı yekələr ki, əməlləri ilə sözləri dürüst gəlməz, onlara baxandan sonra namaza bir həvəsim qalmır!”

Əlbəttə, çoxlu arqument gətirib xanımın yanlış düşündüyünü, imanın hər kəsin özü ilə Allahı arasında intim bir iş olduğunu söyləyə bilərdim. Ehtiyac görmədim! Əvvəla ona görə ki, ərəb dilini bilən və səmavi kitabımızı orijinaldan oxuyan bu xanımla mübahisəm, özü demiş, dürüst olmazdı. İkinci də ki, hara yozuruq yozaq, xanımın bir balaca haqqı da vardı.

Və hətta bu haqq balaca olmasına baxmayaraq o qədər ciddi idi ki, asanlıqla bizim məmləkətə də şamil etmək olardı.

Bəli, bizdə də geniş imkanı olan çoxlu hacılar, kərbəlayi və məşədilər var ki, əməllərinə baxanda onlarla eyni dinə mənsub olduğundan utanırsan. İslamın xalq və əməkdar artistləri hesab olunacaq bu əşxasın iftar süfrələrinə baxanda adamın gözü kəlləsinə çıxır. Bir dənə arağı-çaxırı əskikdir! Bunlar Ramazanın nə olduğunu bilmirlər, yoxsa camaatı dolayıblar? Bəlkə elə Ramazanın özünün mahiyyəti bundan ibarətdir, mən bilmirəm?

Peyğəmbərin iftarını bir xurma və yarım bardaq ilıq su ilə açdığını, daha sonra “kasıbların yediyi yeməklərdən” yediyini səhih mənbələrdən çox oxumuşam. Elə isə, bu qədər yoxsulu, evsiz-eşiksizi, para üzündən müalicə ala bilməyən xəstəsi olan bir məmləkətdə tox adamların bu iftar israfçılığı, bu iftar oyunbazlığı nə deməkdir? Yaxşı deyək ki, xalqın gözü kordur, Allah hər şeyi görmürmü bəyəm?

Bəndəniz çox zaman o fikirdə olub ki, dini, onun içinə soxulmuş riyakarlarla dəyərləndirmək düzgün deyil. Amma yaş artıb saç ağardıqca səhv qənaətdə olduğumu anlayıram. Ona qalsa, gedək, lağ elədiyimiz kommunistlərin konstitusiyasına baxaq, görək nə qədər ədalətlidir. Amma nəzəri məsələlər praktikaya gələndə hansı nəticəni verdi? Eyni məntiqlə Hitleri nasistlərdən ayırmaq mümkündür. Nasizm belə demirdi, Hitler səhv elədi vs. Ağıllı adam sonuca baxır, əfəndilər.

Xalqımız nə qədər küt olsa da bu məsələdə dinc durmayaraq özünün praqmatik olduğunu nümayiş etdirib zamanında: aşıq gördüyünü çağırar. Bizim gördüyümüz isə, maaləsəf ki, heç yaxşı şeylər deyildir.

Bir dəfə yolum Razinə düşümüşdü (yəni Bakıxanov. Mən qədirşünas xalqımızın dilində danışıram). Necə oldusa azıb-təzib milyonçular məhəlləsinə düşdüm. Diqqətimi çin səddini xatırladan hündür bir hasarın üstünə yazılmış yazılar cəlb etdi. Parlaq mərmərdən yonulmuş bu hərflərə bəlkə də 10 min dollarlarla pul xərclənmişdi. Bu yazılar Həzrət Əlidən sitatlar idi! Yerimdə donub qaldım! O Həzrət Əli ki, taxta ayaqyalın çıxmışdı və xəlifə olanda da köhnə çarıqlarını öz əlləri ilə yamayırdı. Yoxsulları unutmasın deyə qarnına daş bağlayıb gəzirdi! Yoxsa bunlar da kasıbların başını piyləmək üçün uydurulmuş əfsanədən başqa bir şey deyil?!

Ax, namərdlər! Öz axmaq əməllərinizlə ən qiymətli dəyərləri əfsanəyə döndərdiniz. Özünüz əfsanə ola-ola...