“İki körpəni anasız qoymayaq” - Video

iki-korpeni-anasiz-qoymayaq-video
Oxunma sayı: 676

Gülər Məmmədovanın həyatını xilas etmək üçün onun əməliyyatına lazım olan məbləği toplamaq məqsədi ilə bu gün aksiya keçirilib.
Jürnalistlər və tanınan digər simalar çıxışlarında “İki körpəni anasız qoymayaq” çağırışını etdilər.

Bu gün axşam saatlarından başlayaraq “Park Bulvar” alış-veriş mərkəzinə gələnlər həmişəkindən fərqli bir mənzərə ilə qarşılaşdılar. Ətraf müxtəlif televiziyaların efirlərindən tanınan simalarla dolu idi.

Jurnalistlər, eləcə də media sahəsində çalışan bir çox şəxslər, həmçinin tanınmış müğənnilər, ictimai xadimlər Gülər Məmmədovaya dəstək üçün təşkil olunmuş konsertdə iştirak edirdilər. Konsertdə çıxış edən hər kəs ətrafdakıları və sosial şəbəkələrdən tədbirə qoşulanları Space TV-nin prodüsseri, qan xərçənginə düçar olmuş iki azyaşlı körpənin anası Gülər Məmmədovanın sağalması üçün maliyyə yardımı göstərməyə çağırırdı. Müğənnilər isə ifaları ilə diqqəti bu aksiyaya yönəltdilər.

İfalarından sonra müğənnilər insanları bu aksiyaya qoşulmağa, bir ailəni yaşatmağa dəvət etdilər. Xeyriyyə konsertinə qatılanlara göstərdikləri dəstəyə görə minnətdalığını bildirən Gülər Məmmədovanın bacısı kiçik Osmanın anasız darıxdığını bildirdi.

2 yaşlı Osmanın, 4 aylıq Ayanın anası Gülər ağır xəstədir. Ona qan xərçəngi diaqnozu qoyulub və hazırda müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanandadır. Onun müalicəsi üçün 120 min dollar pul lazımdır. Bu məqsədlə Gülər xanımın həyat yoldaşı, ANS TV-in redaktoru Murad Hüseynovun iş yoldaşları, həmkarları sosial şəbəkələrdə və bəzi yerlərdə dəstək aksiyası keçirirlər.