İki partiyanın DSK davası

iki-partiyanin-dsk-davasi
Oxunma sayı: 683

Mərkəzi Seçki Komissiyasının Ümid Partiyasından olan üzvü Akif Qurbanov Dairə Seçki Komissiyalarının formalaşması prosesində ittihamlar irəli sürüb. Onun fikrincə, MSK-nın katibi Mikayıl Rəhimov azlıq adına təmsil olunsa da, əslində azlığın hüquqlarının müdafiəsilə yox, çoxluğun maraqlarına xidmət edən istiqamətdə fəaliyyət göstərir və bu istiqamətdə dairələrə göstərişlər verir. BAXCP-dən isə A.Qurbanovun açıqlamalarını əsassız sayırlar. Bəs əslində nələr baş verir? Bu və başqa suallarımızı Ümid Partiyasının MSK-dakı təmsilçisi Akif Qurbanov cavablandırır.

- BAXCP-nin baş katibi Söhrab Abdullayev Seçki Məcəlləsinin konkret maddəsinə istinad edərək sizin ittihamlarınızın əsassız olduğunu bildirib. Doğrudanmı, Ümid Partiyası seçki məntəqələrinin formalaşdırılmasında azlıqda qalan digər 9 partiyanın maraqlarını nəzərə almaq istəmir?
- Əvvəla, onu qeyd edim ki, mənim BAXCP ilə hər hansı bir problemim yaranmayıb. Bizim yaranmış fikir ayrılığımız MSK-nın BAXCP-dən olan katibi Mikayıl Rəhimovla olub. Hesab edirəm ki, Mikayıl Rəhimov azlıq adına təmsil olunsa da, o azlığın hüquqlarının müdafiəsilə yox, çoxluğun maraqlarına xidmət edən istiqamətdə fəaliyyət göstərir və bu istiqamətdə dairələrə göstərişlər verir. Məsələnin mahiyyəti də budur. İkinicisi, mən Söhrab Abdullayevi tanımıram, onun hüquqi savadına da bələd deyiləm və fikirlərinə hörmətlə yanaşıram. O bildirib ki, bizim ittihamlarımız hüquqi deyil. Amma ondan fərqli olaraq Seçki Məcəlləsinin 36.2-ci maddəsi başqa şey deyir. Əslində onun şərhi Söhrab Abdullayev tərəfindən düzgün verilməyib. Seçki Məcəlləsinin 36.2-ci maddəsində ifadə olunub ki, məntəqə seçki komissiyasının azlıqdan olan 2 üzvünə namizəd kimi DSK-da təmsil olunan 3 nəfər komissiya üzvü, eyni zamanda onlara müvafiq Milli Məclisdə təmsil olunan siyasi partiya gedir. Söhbət ondan gedir ki, dairədə hansı partiyanın nümayəndəsi təmsil olunursa, ona müvafiq də, məntəqələrə nümayəndə verə bilər. Tutaq ki, 3 partiya - "Ümid", BAXCP və BQP bir dairədə təmsil olunursa, o dairədə yerləşən məntəqələrə də məhz həmin dairədə yerləşən nümayəndələrə verilməlidir. Əslində burda əsas məsələ birinci növbədə dairə üzvünün hüququdur. Bu məsələlərdə dairə üzvü həlledici faktora malikdir. 9 partiyanın hər biri bu və ya digər formada ayrı-ayrı dairələrdə təmsil olunub. Həmin partiyalar da dairə üzrə məntəqələrin formalaşmasında iştirak edə bilir. Ona görə də hər hansı bir partiyanın hüququnun pozulmasından söhbət gedə bilməz.

- Ümid Partiyası 125 dairənin neçəsində təmsil olunur?
- Təəssüflər olsun ki, bəzi dairələrdə təmsilçiliklə bağlı hüquq əvvəlcədən pozulub. Pozulma da nədən ibarətdir? Biz MSK-da azlığı təmsil edən 6 nümayəndə respublika üzrə 125 dairənin bölgüsünü aparmışdıq və razılaşmamıza əsasən 3 partiyaya 58 dairə düşürdü. O dairələrdən 2-si - 2 və 4 saylı Naxçıvan və Şərur dairələri üzrə idi. Amma təəssüflər olsun ki, azlığın hüquqlarını müdafiə etməli olan MSK katibi Mikayıl Rəhimov bu məsələdə xüsusi şəkildə israr etdi. MSK-nın gündəliyini sədr müəyyənləşdirir. Sədr də hakimiyyətin nümayəndəsidir. Azlığın nümayəndələrini təqdim etmək hüququ isə azlığın katibi kimi Mikayıl Rəhimova verilmişdi. Mikayıl Rəhimov isə bu imkandan istifadə edərək Ümid Partiyasının Naxçıvan üzrə təmsilçiliyi müəyyənləşdirilmiş namizədlərin təqdimatını həyata keçirmədi və özü Naxçıvanın yerli rəhbərliyindən gəlmiş siyahını təqdim edərək, onun müdafiəsində durdu. Səs çoxluğu da hakimiyyətin nümayəndələrinin əlində idi və Mikayıl Rəhimov onlarla işbirliyinə gedərək həmin nümayəndələrin keçirilməsini təkidlə həyata keçirmiş oldular. Nəticə etibarilə Naxçıvanda müxalifət adına Ümid Partiyasının təmsilçisinə imkan verilmədi. Azlığın katibi Mikayıl Rəhimovun təqdim etdiyi siyahıda da baxmayaraq ki, orda 5 partiyanın adı yazılmışdı, əslində o siyahıda həmin partiyaların üzvləri olmayıb. Siyahıda VHP-nin də adı var. Amma bu partiyanın MSK-dakı təmsilçisi Almas Qəhrəmanlı ifadə edir ki, bizim Naxçıvandan yerli şöbədən hər hansı siyahımız daxil olmayıb, biz siyahı üzrə mərkəzdən 3 dairəyə nümayəndə vermişdik və onlardan da 2-si siyahıdan çıxarıldı, 1-i yalnız təsdiq olundu. Yəni Naxçıvan rəhbərliyi başqa partiyaların adından öz adamlarını siyahıya salıblar. Heç Mikayıl Rəhimov özü BAXCP-dən olsa da, BAXCP-nin yerli şöbələrindən verilən adamlarının özünü tanımır. Çünki o siyahını BAXCP verməyib, siyahını Naxçıvan rəhbərliyi verib və bunlar da onun təsdiqinə təkid ediblər...

- Mikayıl Rəhimov hansı səbəbdən bu addımı ata bilər?
- Mən bunu bilmərəm. Hər halda o səbəbləri özləri açıqlamalıdır. Amma görünən odur ki, Naxçıvanın yerli rəhbərliyinin verdiyi təkid əsasında bunlar onu təsdiq etməliydilər. İndi bəlkə MSK katibi Mikayıl Rəhimovun onların qarşısında hər hansı bir öhdəliyi var, bunu bilmərəm. Söhbət ondan gedir ki, Mikayıl Rəhimovun başda rol oynaması ilə Naxçıvanda məhz müxalif siyasi partiyaların yerli təmsilçilik hüququnun, xüsusən də Ümid Partiyasının təmsilçilik hüququnun qarşısı alındı.

- Belə anlaşılır ki, problem Naxçıvandan yaranıb?
- Bəli, problem Naxçıvandan yarandı. İndi artıq katiblərin formalaşması məsələsində də problem var. Mən başa düşürəm ki, Seçki Məcəlləsinin tələbinə əsasən DSK-larda katiblərin seçilməsi dairənin səlahiyyətindədir. Amma bizim qoşulduğumuz beynəlxalq öhdəliklərdə, eyni zamanda Seçki Məcəlləsinin tələblərində bir bərabərlik prinsipləri var. Yəni komissiyada təmsil olunan partiyaların təmsilçilik norması bərabər hüquqlar şəklində həyata keçirilməlidir. Bu gün biz nəticəyə baxsaq respublika üzrə 125 dairədən cəmi 10 dairədə Ümid Partiyasının nümayəndələri katib kimi təmsil oluna bilir. Ən az təmsil olunan Ümid Partiyasıdır. BAXCP-nin və digər partiyaların 20-dən çox dairədə katibləri var. Niyə o partiyalara bu cür şərait yaradırlar, Ümid Partiyasının bu imkanları məhdudlaşdırılır? Bu onu göstərir ki, məqsədyönlü şəkildə icra strukturları ilə birlikdə bu siyasət həyata keçirilir və ən pis münasibət Ümid Partiyasınadır. Bu tip pozuntular indi də məntəqələrdə həyata keçirilir. Məntəqələrdə qeyri-qanuni olaraq 9 yerə bölünmə həyata keçirilir.

“Ekspress”, Aqil ASLAN