İlham Əliyev Albaniyanın baş nazirini qəbul edib

ilham-eliyev-albaniyanin-bas-nazirini-qebul-edib
Oxunma sayı: 638

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib.

Albaniyanın baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu dedi. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan baş nazir bildirib ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab veriblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın baş naziri Sali Berişa birgə nahar ediblər.