İlham Əliyev icra başçılarını təyin etmə prinsipindən danışdı

ilham-eliyev-icra-bascilarini-teyin-etme-prinsipinden-danisdi
Oxunma sayı: 685

Prezident İlham Əliyev qərb bölgəsinə səfəri zamanı Ağstafada etdiyi çıxış zamanı icra başçılarının təyin edilməsi prinsipləri haqda danışıb. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, İ. Əliyev bildirib ki, hər bir rayon, hər bir kənd üzrə proqram vardır: “Bu, təkcə Ağstafanı deyil, bölgəni deyil, bütün rayonları əhatə edir. Əsas məsələ ondadır ki, yerlərdə bu proqramlar düzgün icra olunsun. Yerlərdə işləyən məmurlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsinlər. Hesab edirəm ki, indiki dövrdə bizim əsas vəzifəmiz bundan ibarətdir.

Burada əlbəttə ki, kadrların düzgün seçilməsi məsələsi gündəmə gəlir. Mən çalışıram ki, bu kadrlar maksimum təhlil aparmaq şərti ilə seçilsin, təyin edilsin. Hər dəfə, hər bir yerə, hər bir rayona icra başçısı təyin edərkən dəvət edirəm, tövsiyələrimi, göstərişlərimi, istiqamətləri verirəm ki, necə işləməlisən. Tapşırıram ki, təmiz işləməlisən, insanlarla bir yerdə olmalısan, insanların qayğıları ilə yaşamalısan, öz təşəbbüsünü də göstərməlisən. Çünki indi bölgələrdə layihələrin bir çoxu dövlət qurumları tərəfindən icra edilir. Qazlaşdırma, su, kanalizasiya layihələri, elektrik xətlərinin çəkilişi, böyük investisiya layihələri.

Ancaq yerli icra orqanlarının da öz imkanları vardır. Onlar bu imkanlardan istifadə etməlidirlər. Harada ki, seçim düzgündür, orada işlər daha yaxşı gedir. Harada ki, bu seçimdə səhvə yol verilib, orada işlər o qədər də yaxşı getmir, yaxud da ki, pis gedir. Mən sizə deyə bilərəm ki, 8 ildən artıqdır ki, Prezidentəm. Bu illər ərzində elə yerlər var ki, orada icra başçısı bir neçə dəfə dəyişilib. Bir neçə dəfə. Etimadı doğrultmaq lazımdır. Harada ki, icra başçısı bunu doğruldur o, mənim tərəfimdən qiymətləndirilir, dəstəklənir. Harada ki, özünü doğrultmur əlbəttə ki, orada biz tədbirlər görürük və mənim bölgələrə səfərlərimin səbəblərindən biri də məhz bundan ibarətdir ki, gedim öz gözümlə görüm. Özüm görüm ki, insanların əhval-ruhiyyəsi necədir?! Abadlıq işləri, ümumən işlər necə gedir?! Əlbəttə, Prezidentin çox geniş, gərgin iş qrafiki vardır. Ancaq bölgələrə səfərlərim çox əhəmiyyətlidir, həm mənim üçün, həm də burada yaşayan insanlar üçün. Bu, dövlət məmurlarını da daim səfərbər vəziyyətdə saxlayır. Belə də olmalıdır”.