İlham Əliyev meydançada – Fotolar

ilham-eliyev-meydancada-fotolar
Oxunma sayı: 650

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilib. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılıb.

Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülüb, yeni müasir işıqlandırma sistemi quraşdırılıb.

Bildirildi ki, tribunada hər biri 10 nəfərlik 16 “ailə baxış otağı” da inşa edilib. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub.

Məlumat verilib ki, stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulub. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılıb.

Diqqətə çatdırılıb ki, stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilib. Giriş hissədə eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulub.

Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verib.