İlham Əliyev “Qəbələ” klubuna baş çəkdi

ilham-eliyev-qebele-klubuna-bas-cekdi
Oxunma sayı: 667

“Qafqazinfo”nun xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, əsas stadionun, məşq bazasının və Qəbələ Futbol Akademiyasının inzibati binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar torpaq sahəsi ayrılıb. Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaq. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadion ilə yanaşı, kompleksdə əlavə 6 stadion da fəaliyyət göstərəcək. Beşi təbii, biri isə süni örtüklü olan stadionlardan dördü artıq istifadəyə verilib.

Prezident İlham Əliyevə Qəbələ Futbol Akademiyasının yeni binasında aparılan tikinti işləri barədə də məlumat verilib. Qeyd olunub ki, ilyarım ərzində istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın daxilində təbii və süni örtüklü meydançalar, yeməkxana, istirahət otağı və digər yardımçı obyektlər fəaliyyət göstərəcək. İnşaat işləri ilə paralel olaraq “Qəbələ” klubunun uşaq futbol bölmələrinə seçimlər də aparılıb. Hazırda akademiyada 200-dək uşaq təlim keçir.

Hələlik seçimlər Qəbələ rayonunu, gələcəkdə isə bütün bölgələri əhatə edəcək.

Dövlət başçısı inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Cıdır Kompleksində aparılan tikinti işləri ilə də tanış olub. Dövlət başçısı inşaat işlərini əks etdirən stendlərə baxıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Atçılıq Federasiyasının sifarişi ilə inşa olunan kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılıb. İnşaat işlərinə bu ilin iyulunda başlanılıb. Ərazidə 4,7 min tamaşaçı yeri olan stadion, 1,6 min metrlik yaşıl ot örtüyündən və 1,6 min metrlik narın qumdan ibarət cıdır meydanı tikiləcək.

Bundan başqa, kompleksdə yarışları izləmək üçün 80 kvadratmetrlik monitor, 180 at üçün tövlə, jokeylər üçün 15 ev, konkur oyunları üçün açıq və bağlı manejlər, hər biri 2 min yerlik iki tamaşaçı zalı, gəzinti və istirahət parkı, kafe, restoran, xüsusi avtodayanacaqlar inşa olunacaq. Kompleksdə uşaqların at sürməyi öyrənmələri üçün kiçik meydança da tikiləcək.