İlham Əliyev Suriya ilə bağlı mövqeyini açıqladı

ilham-eliyev-suriya-ile-bagli-movqeyini-aciqladi
Oxunma sayı: 634

Çexiyada səfərdə olan prezident İlham Əliyev bu ölkənin prezidenti Vatslav Klausla birgə mətbuat konfransı keçirib. “Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, konfransda İ. Əliyev Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin çox dinamik şəkildə və sürətlə inkişaf etdiyini bildirib: “Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur...

Bu gün, eyni zamanda, regional məsələlərlə, regional təhlükəsizlik məsələləri ilə bağlı biz Sizinlə çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə də diqqət ayrıldı. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri də açılacaqdır”.

İlham Əliyev jurnalistlərin Suriyadakı proseslərlə bağlı sualını da cavablandırıb: “Əlbəttə, bu məsələ də müzakirə edildi. Çünki qeyd etdiyim kimi, söhbət əsnasında biz beynəlxalq məsələlərə də geniş şəkildə toxunduq. Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz vardır. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləmişdir və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynamışdır. Eyni zamanda, biz bəyan etmişdik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcəkdir və günahsız insanların qırılması dayandırılacaqdır”.