İlham Əliyev tarana hazırlaşır

ilham-eliyev-tarana-hazirlasir
Oxunma sayı: 639

Bu görüşlə bağlı bəzi məqamların təhlili göstərir ki, vəziyyət nə qədər gərgindir. Diqqət çəkən məqamlar isə kifayət qədərdir. Onların bəzilərinə nəzər yetirməklə müəyyən ehtimallar irəli sürmək olar.

Birinci. Rusiyanın tələsik görüş təklifi bu gərginliyin ən ciddi əlamətidir. Prezidentlik kürsüsü ilə vidalaşmağa hazırlaşan Dmitri Medvedyev üçün bu görüş heç bir divident gətirməyəcək. Deməli, bu təklifin arxasında Medvedyevin imici yox, Rusiyanın imperiya maraqları dayanır.

İkinci. Dmitri Medvedyevin bu təklifini şərh edən əksər politoloq və konfliktoloqlar görüşün xüsusi əhəmiyyət kəsb etmədiyi qənaətindədir. Onların fikrinə görə, prezidentlərin görüşündən heç bir nəticə hasil olmayacaq. Belə proqnozlar həm Azərbaycan, həm də Ermənistandan səslənir. Şərhçilərin əsaslandığı məqamlardan biri Medvedyevin prezidentlik müddətinin sona çatmaqda olmasıdır. Amma belə pessimist proqnozların kökündə dayanan məqamlardan biri də məhz informasiya qıtlığıdır.

Üçüncü. Doğrudan da, Soçi görüşünün vaxtından başqa heç nə məlum deyil. Ümumiyyətlə, Qarabağ münaqişəsinin həll olunması ilə bağlı aparılan danışıqların mühüm məqamlarının gizli saxlanılması və detalların sonradan üzə çıxması öyrəşdiyimiz reallıqdır. Amma bu görüşlə bağlı gizlilik pərdəsi daha qalındır. Məsələnin maraqlı məqamlarından biri də məhz budur. Rəsmi dairələr sanki xüsusi əhəmiyyət kəsb etməyən bir görüşə hazırlaşırmış kimi susqundur.

Dördüncü. Ötən ilin sonlarına yaxın Ramiz Mehdiyev və Elmar Məmmədyarovun Dağlıq Qarabağ erməniləri ilə bağlı yumşaq açıqlamaları bu görüşdən xeyli əvvəl verilmişdi. Amma indiki məqamda Dağlıq Qarabağ ermənilərinə ünvanlanmış bəyanatlar Rusiyanı qıcaqlandıra bilər. Çünki problemin kökündə dayanan bu toplum – Dağlıq Qarabağın erməni icması bir çoxları, o cümlədən Rusiyadakı destruktiv qüvvələr üçün alver predmetidir. Azərbaycanın alver predmetinə birbaşa “xod” eləməsi sözsüz ki, kimlərisə narahat edir.

Beşinci. Rusiya erməni məsələsində Fransanın son günlər fəallaşmasından əndişələnə bilər. Fransanın təşəbbüsü ələ almaq cəhdi bütövlükdə Qərbin cəhdi kimi qəbul olunur ki, bu da Rusiya üçün məqbul deyil.

Altıncı. İran ətrafında həlqənin daralması da bölgədə mövcud duruma təsir edə bilər. Çünki daralan həlqənin artırdığı təzyiq ətrafda da fəsadlar törədə bilər. Belə məqamda İranla bilavasitə həmsərhəd olan işğal altındakı ərazilər bu təzyiqin təsir dairəsinə düşür. Zərbə dalğasının Qarabağda hansı dəyişikliklər edəcəyi Rusiyanı bərk narahat edir.

Yeddinci. Ötən ilin ilk yarısında “Ərəb baharı” havasına köklənən Qərb bu il Qafqazlarda siyasi ab-havanı dəyişmək istəyə bilər. Bu isə birmənalı nə Bakının, nə İrəvanın, nə də Moskvanın maraqlarına cavab vermir.

Bütün bu sadalananlardan sonra Soçi görüşündən nə gözləmək olar?

Cavab birmənalıdır - Azərbaycandan güzəştlər tələb olunacaq.

Çünki, Rusiya hər vəchlə Ermənistanı Qərbin qucağına qaçmaqdan çəkindirmək istəyir. Belə olan halda Azərbaycandan güzəşt tələb etməklə, Ermənistanı razı salmaq taktikası ilə hərəkət edəcək.

Bunun əksini də ehtimal etmək olardı - Rusiya Ermənistandan güzəşt tələb edəcək və bununla da Azərbaycanı Qərbin ağuşundan geri dartacaq. Amma bu, inandırıcı səslənmir. Çünki, Ermənistanın geri addımı Azərbaycanı Rusiya ilə hesablaşmayacaq bir mövqeyə çıxara bilər. Bu gün Azərbaycana yeganə təzyiq vasitəsi Qarabağ münaqişəsidir. Bu problemin həlli və yaxud da həllinə yaxınlaşması isə Azərbaycanın daha müstəqil olmasını təmin edəcək. Deməli, Rusiya Ermənistanı yox, Azərbaycanı güzəştlərə məcbur edəcək.

Bəs Azərbaycan bu şəraitdə hansı addımları atacaq?

Əslində, Soçi görüşü xəbəri yayılandan bir həftə sonra və nəzərdə tutulan görüşə bir həftə qalmış Prezident İlham Əliyev keçirdiyi müşavirədə atılacaq addımların anonsunu verdi. Ötən il keçirilən paraddan sonra hərbi ritorikanı kifayət qədər azaldan dövlət başçısı yenə də Azərbaycanın hərbi potensialından və istənilən anda bu potensialın hərəkətə keçmək ehtimalından danışdı. Baş verənlərin təhlili göstərir ki, Prezident İlham Əliyev Soçi görüşündə tarana hazırlaşır.

Bu taranın fəsadları barədə də nəsə demək olardı. Amma nəticəsindən asılı olmayaraq hazırkı şəraitdə geriyə yol yoxdur.