İlham Əliyevdən nikbin açıqlamalar

ilham-eliyevden-nikbin-aciqlamalar
Oxunma sayı: 744

Bunu Prezidnt İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bunu beynəlxalq birlik də istəyir: “Beynəlxalq birlik də istəyir ki, bu münaqişəyə son qoyulsun. Son aylar ərzində bizi ruhlandıran vacib amillərdən biri də odur ki, bu məsələ ilə bağlı vasitəçilər və onların dövlət başçıları birmənalı şəkildə bildirirlər ki, status-kvo qəbuledilməzdir. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, torpaqlarımızın işğal altından çıxmasını tələb edir. Biz ümid edirik ki, danışıqların nəticəsi olacaq. Hər halda Azərbaycan danışıqlarda bütün dövr ərzində konstruktivlik nümayiş etdirib. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə öz ərazi bütövlüyümüzü bərpa edək”.

Azərbaycan Prezidenti bildirib ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır: “Əsrlər boyu xalqımız o ərazilərdə yaşayıb, yaradıb. Ermənilər o əraziyə qonaq kimi gəliblər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə ucaldılıb. Müharibənin ilk illərində ermənilər o abidəni dağıdıblar. Ancaq tarixi dəyişdirmək mümkün deyil. Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəliblər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıb. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır”.

İlham Əliyevun fikrincə, məsələnin həlli üçün, bütün amillər nəzərdən keçirilməlidir. “Tarix bəllidir”, - deyən dövlət başçısının sözlərinə görə, beynəlxalq hüquq normaları tam şəkildə Azərbaycanın mövqeyini müdafiə edir: “Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatda da Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür. İqtisadi cəhətdən indi Ermənistan ilə Azərbaycan müqayisə edilə bilməz. Bu tam başqa, necə deyərlər, çəki dərəcələridir. Siyasi proseslərə təsir imkanları baxımından da Azərbaycan daha əlverişli mövqedədir. Çünki həm coğrafi baxımdan, həm gördüyümüz işlər, infrastruktur, enerji siyasəti, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Azərbaycanın rolu əlbəttə ki, siyasi cəhətdən də çəkimizi daha da artırır. Mən şübhə etmirəm ki, bütün bu amillər, üstəgəl Azərbaycan Ordusunun güclənməsi nəticəsində biz Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bərpa ediləcək”.