İlham Əliyevə çətin sual

ilham-eliyeve-cetin-sual
Oxunma sayı: 727

Ölkə başçısı İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Türkiyənin "Kanal 24" televiziyasının xanım müxbiri İlham Əliyevə birbaşa və cavabı çətin suallar verib. “Qafqazinfo” xəbər verir ki, xanım müxbirin ilk sualı belə olub ki, nəyə görə Türkiyə Azərbaycanla vizanı 4 ildir birtərəfli qaydada ləğv etdiyi halda, Azərbaycan hələ də Türkiyəyə qarşı viza tətbiq edir. "İki ölkə arasındakı əlaqələrdən danışılarkən həmişə "dost və qardaş" tərifindən istifadə olunur. Madam ki, qardaş ölkəyik, mən bura niyə viza alıb gəldim", - deyə "Kanal 24"ün müxbiri soruşub.

Xanım müxbirin ikinci sualı isə rəsmi Bakının Şimali Kipri tanıya biləcəyinə dair Azərbaycan rəhbərliyinin bir vaxtlar səsləndirdiyi bəyanatın nə vaxt gerçəkləşəcəyi haqda olub.

İlham Əliyev əlbəttə ki, sualları cavabsız buraxmayıb: "Viza məsələsi ilə bağlı fikir mübadiləsi aparmışıq. Türkiyə hökumətinə minnətdarıq ki, Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Əfsuslar olsun ki, biz hələ buna hazır deyilik. Hazır olan kimi bu məsələni həll edəcəyik".

Şimali Kiprin tanınması məsələsinə gəlincə, İlham Əliyev buna qısa cavab verib: "Bu məsələ ilə bağlı dəfələrlə fikirlərimiz səsləndi. Bu məslə o qədər da asan deyil. Və Dağlıq Qarabağ məsələsi əlbəttə ki, gözümüzün qabağındadır. Vaxt gələndə bu məsələ də yəqin ki, öz həllini tapa bilər".