İlham Əliyevin təzadlı mövqeyi

ilham-eliyevin-tezadli-movqeyi
Oxunma sayı: 675

***
Azərbaycan sürətlə silahlanır.
Nə üçün?

***
Yanvarın 23-də Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş keçirildi. Tərəflərin imzaladığı bəyanatdan görünür ki, hansısa məsələlərdə razılıq əldə olunub.

Bəyanatdan sitat: “Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər”.

Görüşün nəticələrini şərh edərkən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib ki, humanitar əlaqələrin genişlənməsi üçün Rusiya vasitəçilik edəcək.
Sitat: “Bakı və İrəvan bizə müraciət edib ki, belə əlaqələrin qurulmasında təşəbbüsçü olaq. Rusiya həmişə bu kimi humanitar əlaqələrin qurulmasına tərəfdar çıxıb və vasitəçi rolunu oynamağa hazırdır”.

***
Humanitar əlaqələr deyəndə 1988-ci ildə, erməni iddiaları başlayandan sonra Azərbaycanın incəsənət xadimlərinin Yeravana səfəri və orada verdikləri konsert yadıma düşdü. Onda da vasitəçi məhz Moskva idi.

***
Görüşün nəticələrini şərh edən Sergey Lavrov bir məsələ barədə də jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhə xətti boyunca baş verən insidentlərin araşdırılması mexanizmini hazırlayıblar və bu sənəd Soçidə prezidentlərə təqdim olunub.
Yada salaq ki, bu məsələ 8 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsindən sonra gündəliyə gəlmişdi. Və ATƏT-in Minsk Qrupunun həmsədrləri yaranmış vəziyyyətdə snayperlərin geri çəkilməsini tövsiyə etmişdilər ki, bu da Azərbaycanın maraqlarına cavab vermirdi. Yeni təkliflərdə nəyin nəzərdə tutulduğu hələlik bəlli olmasa da, prezidentlər həmsədrlərə bu məsələ ətrafinda işi davam etdirməyi tapşırıblar.

***
Sadalananlardan hasil olan nəticə belədir: Hamının tənqid obyekti olan “status-kvo” dəyişdirilməyəcək.

Əgər “status-kvo” dəyişdiriləcək olsaydı, o zaman cəbhə xəttində insidentlərin araşdırılması mexanizminin hazırlanmasına ehtiyac qalmazdı. Çünki “status-kvo” dəyişdiriləcəyi halda yaranacaq situasiyada indiki vəziyyətə uyğun hazırlanan mexanizmlər yararsız ola bilər.

Bundan başqa, “status-kvo”nun dəyişdirilməsi üçün tərəflərin müəyyən güzəştləri qaşılmazdır. Lakin Azərbaycan belə güzəştlərə getməkdən birmənalı imtina edir, Ermənistandan isə belə güzəştlər tələb olunmur.

***
İndi Azərbaycan cəmiyyətində təzadlı bir vəziyyət yaranıb. Bir tərəfdən sürətlə silahlanma, digər tərəfdən isə ermənilərlə humanitar əlaqələrin vacibliyinin bəyan edilməsi.
Ümumiyyətlə, Azərbaycanda ifratlaşma son illərin ağrılı problemlərindən biridir. Məsələn, eyni vaxtda cəmiyyətin ifrat dindarlaşması və ifrat kosmopolitləşməsi müəyyən problemlər yaradır.

Qarabağ problemi ətrafında da belə bir situasiyanın yaranması təhlükəli ola bilər. Cəmiyyət ifrat davakarlarla ifrat sülhpərvərlərə parçalana bilər ki, bu da nəticədə Qarabağ problemi ətrafında fikir ayrılığı yarada bilər. Yaranan fikir ayrılığı isə Azərbaycana Qarabağ bahasına başa gələ bilər.

İndi situasiya elədir ki, həm müharibə tərəfdarları, həm də humanitar əlaqə tərəfdarlarının fəaliyyətində vətənpərvərliklə qeyri-vətənpərvərlik arasında çox incə bir keçid var. Bu həddi aşmamaq üçün vətəni sevmək azdır. Bu məsələdə gördüyün işin peşəkarı olmaq və düşünülməmiş addımlardan çəkinmək lazımdır. Əks təqdirdə, 5-3 erməni əsgərini öldürməklə və yaxud da Qarabağın erməni icması ilə görüşə Rasim Musabəyovu göndərməklə Azərbaycana xeyir yox, ziyan vermiş olacağıq. Belə olan təqdirdə məğlubiyyət qaçılmaz olacaq.

Amma Soçi görüşündən sonra bir məsələnin üzərindən pərdə hamı üçün götürüldü. Aydın oldu ki, həm müharibə, həm də humanitar əlaqələrlə bağlı bəyanatların arxasında məhz Prezident İlham Əliyev dayanır.