İlham Rəhimovdan “Cinayətkarlıq və Cəza” təqdimatı – Fotolar

ilham-rehimovdan-cinayetkarliq-ve-ceza-teqdimati-fotolar
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, təqdimat mərasiminin Azərbaycan xalqının Xocalı Soyqırımının 20 illiyinin qeyd etməsi ilə üst-üstə düşməsini böyük əhəmiyyət kəsb edir, çünki Xocalı Soyqırımını törədənlər hələ də cəzalandırılmayıb, dünya xalqları isə bu cinayətə qəti etiraz etməyiblər.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri Məsumə Məlikova, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası Dövlət Dumasının Komitə sədri Vladimir Pligin, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünasları Aleksandr Bastrıkin və Yuriy Qolikdir.

Sonra İlham Rəhimov bütün çıxış edənlərə, o cümlədən tədbirə qatılanlara təşəkkür edib.

Tədbirdə Rusiya Federasiyasının Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov, general-leytenant Mozyakov Vitali Vladimiroviç, general-leytenant İqor Sobolevski, tanınmış vəkil Viktor Xmarin, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və s. iştirak ediblər.

Qeyd edək ki, “Cinayətkarlıq və cəza” adlanan monoqrafiya cinayətkarlıq kimi sosial hadisənin və cinayət cəzalarının köklü problemlərinin və onların səciyyəvi xüsusiyyətlərinin təhlilinə həsr edilib. Əsərin müasir cinayətkarlıq spesifik xüsusiyyətləri, onlarla mübarizənin yeni üsullarının, vasitə və metodlarının tətbiqi məsələləri, eləcə də, cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlər nəzərdən keçirilib.

Kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri, müəllimləri və aspirantlar üçün nəzərdə tutulub. Kitabdan cinayətkarlıq və cəza məsələləri ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər.

Xatırladaq ki, İ. Rəhimov keçmiş SSRİ-də cinayət hüququ üzrə doktorluq dissertasiyası müdafiə edən ən gənc hüquq elmləri doktoru, alimlik dərəcəsini alıb. O, 100-ə yaxın elmi məqalənin, hüquq elminin müxtəlif sahələrinin, xüsusilə cinayət hüquqnun, islah əmək hüququnun, qanunvericilik və məhkəmə fəaliyyətinin fundamental problemlərinə həsr edilmiş daha beş monoqrafiyanın müəllifidir.

Sədan Bünyadova