İlhamə ATV-ni ittiham etdi

ilhame-atv-ni-ittiham-etdi
Oxunma sayı: 652

Artıq Avropada da məşhurlaşan populyar müğənnimiz İlhamə Qasımovanın ATV kanalında yayımlanan “10”-lar verilişində aparıcının ünvanladığı suallara verdiyi cavabların ardıcıllığı pozulmaqla, montaj edilərək yayımlanıb. “Qafqazinfo”ya müğənninin mətbuat xidmətindən verilən məlumata görə, İlhamənin ailəsi ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirməsi məqsədilə verdiyi cavabların ayrı-ayrı sözləri onun şəxsi həyatında sanki qalmaqal, problem olduğu məzmunda birləşdirilməklə süjet hazırlanıb. Həmin süjet bu həftənin çərşənbə axşamı efirə verilərək çərşənbə günü təkrar yayımlanıb. Müğənni qəti şəkildə bəyan edir ki, “10”-lar verilişində o, şəxsi həyatında problemin olduğunu, ailəsindən ayrıldığı, övladlığa uşaq götürdüyü barədə fikir səsləndirməyib. Sadəcə müğənni onun barəsində yuxarıda qeyd edildiyi şayiələrin dolaşdığını və bunların əsassız, boş söz-söhbət olduğunu dilə gətirib.

Müğənninin söylədiyi fikirlər isə, elə montaj olunub ki, sanki müğənni ailəsində problemlərin olduğunu söyləyib: “Mən tamaşaçıları, məni sevənləri, yaxınlarımı qınamıram. Özüm verilişin təkrarına baxanda şoka düşdüm. Şəxsi həyatımda problemin olduğu, ailəmdən ayrıldığım, övladlığa uşaq götürdüyüm barədə yayılan söz-söhbətlərin şaiyə olduğunu söylədiyim halda, dediyim sözlər elə montaj edilmişdi ki, sanki mən yuxarıda qeyd edilən şayələrin doğru olduğunu söyləmişəm. Mən verilişdə demişəm ki, şəxsi həyatımla bağlı heç bir açıqlama vermək istəmirəm. Amma aparıcı israr edəndə haqqımda bəzi şayiələrin dolaşdığını, bunların həqiqətəuyğun olmadığını və birdəfəlik bu söz-söhbətlərə son qoymaq istəyimi bildirmişəm. Çox təəssüf ki, veriliş qalmaqal yaratmaq ücün mənim sözlərimi montaj edərək şəxsi həyatımla bağlı nəinki söz-söhbətlərə son qoydu, əksinə, yeni şayiələrin dolaşmasına rəvac verdi. Mən bundan ancaq təəssüflənirəm”.

İ. Qasımova bəyan edir ki, onun şəxsi həyatında, sənətində olduğu kimi hər şey əladır, öz qaydasındadır. Onu sevənlərin narahatcılığına heç bir əsas yoxdur. Müğənni yeni-yeni uğurlara imza atmaq ücün var gücü ilə çalışır. Bu günlərdə müğənni klipi Almaniyada ən yaxşılar nominasiyasına namizəd olduğu ücün həmin mərasimdə iştirakı nəzərdə tutulur.