Bilirsiz, Qorxmaz Əlili nə deyib?

bilirsiz-qorxmaz-elili-ne-deyib
Oxunma sayı: 6402

Asəf Quliyev

Artıq bir neçə gündür ki, şoumen Qorxmaz Əlilinin qaçqınlar haqqında dediyi sözlər müzakirə olunur. Hətta seçki ehtirasları da bu mövzunun aktuallığına xələl gətirmədi.

Kimisi Qorxmaz Əliliyə söydü, kimisi onu satqın adlandırdı, kimisi onun timsalında bütöv bir şəhərin insanlarına, kimisi də qaçqın olmayanların hamısına ağzından gələni dedi. Amma indi əsəblər bir az sakitləşib. Mən Qorxmaz Əliliyə nə söyməyəcəm, nə də ona başqa bir söz deməyəcəm.

Mən Qorxmaz Əliliyə və onun düşüncəsini bölüşənlərə (bəli, bəli, bu düşüncəni bölüşənlər var) etdikləri səhvin miqyasını sadəcə başa salmağa çalışacam.

Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hərbi uğurlarını siyasi və diplomatik əsaslandırmaq üçün istifadə etdikləri bir sıra “arqument”ləri var.

Bunlar barədə müxtəlif vaxtlarda fikirlərimi bölüşmüşəm.
Bu əsaslandırmalardan yalnız birini diqqətinizə çatdırıram:

• Ermənilər Dağlıq Qarabağın aborigen əhalisidir, türklər isə gəlmədir. Məhz buna görə də ermənilər Dağlıq Qarabağa daha çox bağlıdır. Ermənilər bu torpağa bağlı olduğundan heç nəyə baxmayaraq buranı tərk etmədi, türklər isə köçüb getdi.

Sözsüz ki, bir balaca ağlı olan adam Qorxmaz Əlilinin fikirləri ilə ermənilərin bu “əsaslandırmasını” tutuşdursa çox şey aydın olar.

Amma Qorxmaz Əlili bu həqiqəti ya bilməyib, ya da nəzərə almayıb. Üçüncü ehtimalı real hesab etmirəm, yəni Qorxmaz Əlilinin ermənilərə işləməsini.

Amma bu yerdə bir suala da cavab tapmaq istərdim.

Bəs Qorxmaz Əlili niyə bu həqiqəti bilməyib?

Və bu həqiqəti bilməyən təkcə Qorxmaz Əlilidirmi?

Çünki çoxları Qarabağ mövzusuna biganədir. O cümlədən də Qorxmaz Əlili.

Kimsə, lap elə Qorxmaz Əlili də deyə bilər ki, biganə deyiləm.

O zaman mən də sual verirəm ki, bu reallığı niyə bilmirdin?

Bilmirsənsə, o zaman bildiyin mövzudan danış. Məsələn, şoudan, zaddan.

Məsələ ondadır ki, Ermənistanda kim tərəfindən idarə olunduğunu bilmədiyim internet fəalları var. Bu fəalların vəzifəsi Azərbaycan mediasını izləyib özlərinə sərfə edən sitatları seçməkdir. Təbii ki, bu sitatlar yeri gələndə istifadə də olunur.

Mən əminəm ki, Azərbaycanda mövcud Qarabağ reallığından ağız dolusu danışanların çoxu mövzudan bixəbərdi. Və bu bixəbərlər ermənilər üçün informasiya təxribatlarında əla dayaq nöqtəsi olur.
İki misal çəkəcəm:

• Bir-iki il əvvəl özünü Qarabağ məsələsi üzrə ekspert hesab edən dostlarımızdan biri Gürcüstan mediasına müsahibə vermişdi və bildirmişdi: “Azərbaycan ordusu Ağdamın Çıraqlı kəndini azad edib”. Amma bu ekspert bilmirdi ki, Ağdamın Çıraqlı kəndi cəbhə xəttində yerləşsə də, işğal altında deyildi ki, azad da edilsin.

• Son iki ayda mediada Qarabağ mövzusunda yazılan yazıların monitorinqini aparıram. Bu mövzuda ən çox oxunan yazı sentyabrın 6-dan başlayan Komanda Qərargah Hərbi Oyunları zamanı ehtiyatda olan zabitlərin orduya çağırılması ilə bağlı Müdafiə Nazirliyinin izahatı oldu. Bir sutka ərzində bu xəbər 6000-dən artıq oxundu. Amma Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün planlaşdırılması ilə bağlı ilkin xəbər bir sutkada heç 600 dəfə də oxunmadı.

Bu iki misalda Qarabağdan yazanların və Qarabağ haqda oxuyanların səviyyəsini göstərmək istədim.

O ki, qaldı Qorxmaz Əliliyə, qoy o və başqaları bildikləri mövzudan danışsın.