İmişli hadisələri ilə bağlı bəyanat yayıldı

imisli-hadiseleri-ile-bagli-beyanat-yayildi
Oxunma sayı: 963


Bu gün səhər saatlarından başlayaraq İmişli RİH və Polis Şöbəsinin əməkdaşları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvlərinə və Qərargaha müraciət etmiş şikayətçilərin evlərinə gedərək onlara təzyiq edib. Bununla bağlı Qərargah bəyanat yayıb. Bəyanatda deyilir; “Ötən ilin yazında baş vermiş sel daşqınlarının və qrunt sularının təsirinə məruz qalmış 43 nəfər İmişli rayon sakini bir müddət öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək üzləşdikləri problemlərlə əlaqadar vətəndaş cəmiyyəti institutlarından dəstək istəmişdilər. 1- 2 iyun 2011- ci il tarixdə Qərargah üzvləri rayona səfər edərək müraciət müəllifləri ilə görüşmüş, onların iştirakı ilə 38 evə baxış keçiriblər. Yenidən həmin evlərə “Kür” Qərargahının iştirakı ilə baxış keçirilməsi təklifi ilə siyahı hazırlanaraq Fövqaladə Hallar Nazirliyinə təqdim edilib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvlərinin İmişliyə səfəri və şikayətçilərin evlərinə baxış keçirməsindən sonra İmişli rayon İcra Hakimiyyətinin göstərişi ilə müxtəlif qurumlar və rayon Polis Şöbəsi tərəfindən şikayətçilərə təzyiqlər başlayıb. 08 iyun 2011- ci ildə İmişli rayon Polis Şöbəsinin əməkdaşları başda polis işçisi Taleh Hüseynov olmaqla “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvlərinin və müraciət müəlliflərinin evlərinə gedərək onlara qarşı təzyiqlər göstərməyə, hədə- qorxu gəlməyə başlayıblar. “Kür” Qərargahının yerli üzvlərinə təzyiq edən polis işçiləri onlardan Qərargahın İmişlidə fəaliyyətini dayandırmasını, evlərə baxış keçirməsini qadağan etməyə, müraciət müəlliflərini isə öz müraciətlərindən imtina etməyə çağırıblar. Qərarga üzvləri polisin bu hərəkətinin qanunsuz olduğunu və onlardan şikayət edəcəklərini bildirdikdə polislər İmişli rayon İcra hakimiyyəti başçısının göstərişi ilə bu addımı atdıqlarını söyləyiblər. İmişli rayon Polis Şöbəsinin əməkdaşları öz inadlarından əl çəkməyərək “Kür” Qərargahının üzvlərini hədələmiş, şantaj etmiş və onları Polis Şöbəsinə çağırıblar.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 01- 02 iyun 2011- ci ildə İmişli rayonunun özündə və eləcə də rayonun Soltanmuradlı, Yalavac, Bəcirəvan, Yuxarı Qaralar və s. kəndlərdə 38 evə keçirdiyi baxışın və monitorinqin nəticələrini açıqlamamış İmişli rayon icra hakimiyyətinin narahatlıq keçirdiyini və vətəndaşların konistitusiyon hüquqlarının pozulmasına yönəlik kobud hərəkətlərindən təəssüfləndiyini bildirir. İcra qurumunun bu hərəkəti bir daha onu göstərir ki, daşqınların təsirinə məruz qalmış insanlara tikilmiş evlərə, eləcə də mövcud qəzalı evlərə vətəndaş cəmiyyəti institutlarının baxış keçirməsi Rayon İcra Hakimiyyətinin maraqlarına uyğun deyil və artıq bu hərəkət müəyyən şübhələrdən xəbər verir.

İcra qurumlarının göstərişi ilə Qeyri- Hökümət Təşkilatlarının fəaliyyətinə polis orqanlarının müdaxilə etməsi təəssüf və təəccüb doğurmaqla yanaşı “İctimai birliklər və Fondlar haqqında” Qanununla, həmçinin “QHT- lər haqqında Dövlət Konsepsiyası”- nın prinsipləri ilə ziddiyyət təşkil edir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Azərbaycan hökümətindən, dövlət başçısı cənab İlham Əliyevdən İmişli rayon İcra Hakimiyyətinin qanunlara və şəxsən onun özünün imzaladığı sərəncama zidd hərəkətləri barədə ölçü götürməyə çağırır.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Daxili İşlər naziri cənab Ramil Usubovdan İmşli rayon Polis Şöbəsinin əməkdaşları Taleh Hüseynov və digərlərinin qanuna sayğısız hərəkətləri barədə lazımi addımlar atmağa çağırır.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin yazında baş vermiş Kür daşqınları ilə bağlı yaradılmış Hökümət Komissiyasını daşqınların və qrunt sularının təsirinə məruz qalmış, İmişlidə tikilmiş və mövcud bütün qəzalı evlərə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə obyektiv və müqayisəli baxış keçirməyə çağırır”.