İmişlidə aclıq aksiyası müvəqqəti dayandırıldı - Fotolar

imislide-acliq-aksiyasi-muveqqeti-dayandirildi-fotolar
Oxunma sayı: 658

Mart ayının 10- dan İmişlidə başlayan aclıq aksiyası bir həftə sonra dünən axşam saatlarında müvəqqəti olaraq dayandırılıb. “Qafqazinfo”xəbər verir ki, aksiyanın keçirilməsinə səbəb 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalmış sakinlərin problemlərinin bu günə qədər həll olunmaması, onlara dövlət yardımının göstərilməməsi, qəzalı vəziyyətə düşmüş evlərinin tikilməməsi ilə bağlı olub. Aksiyanın dayandırılması İmişlidə səfərdə olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin onlarla növbəti görüşündən sonra baş tutub. Aksiyaçılar hökümətə may ayının 10- qədər vaxt verərək təcili və təsirli tədbirlər görməyi tələb ediblər. Xatırladaq ki, aksiyanın gedişində İmişli RİH- nin rəhbərliyi aksiya iştirakçıları ilə görüşüb, onların problemlərini dinləyib və aksiyanın dayandırılmasını xahiş ediblər. Rayon səhiyyə şöbəsinin əməkdaşları aksiyaçıları qeydiyyata alaraq vaxtaşırı onları həkim müayinəsindən keçiriblər. Aksiya keçirənlərdən Elman Şahbazovun və Əjdər Hümbətovun, ekəcə də Yadigar Cəfərovun səhəti son günlər daha da pisləşib. Hətta 1- ci qrup Qarabağ müharibə veteranı E. Şahbazovun sinir problemləri yaranaraq nitqində qüsurlar əmələ gəlib. Hazırda o həkim nəzarəti altındadır.

Xatırladaq ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları ilə bağlı İmişlidə indiyə qədər 704 ev tikilib istifadəyə verilib. Yerli sakinlərin qənaətinə görə bir çox evlərin tikilməsində ayrı- seçkiliyə, korrupsiya hallarına yol verilib. Hazırda 40- dan artıq yerli sakin tərəfindən İmişli rayon İcra Hakimiyyətinə və FHN- ə qarşı mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə dəyən ziyanın ödənilməsi tələbinə dair məhkəmə iddiası qaldırılıb. İddia ərizələri 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində icrata qəbul edilib və artıq məhkəmə proseslərinə start verilib.

İmişli rayon sakinlərinin növbəti məhkəmə prosesi 19 mart 2012- ci il saat 11 30- da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində olacaq. İddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.