İmişlidəki fransız qadının prezidentə müraciəti nəticə verib - Fotolar

imislideki-fransiz-qadinin-prezidente-muracieti-netice-verib-fotolar
Oxunma sayı: 683

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, fransız qadın Böyük Vətən müharibəsi zamanı azərbaycanlı partizan, cəsur döyüşçü Səməd Şirməmmədovla ailə həyatı quraraq ölkəmizə pənah gətirib. Ömrünün 60 ilini Azərbaycanda keçirən İvonna xanımın evi 2010- cu ilin yazında baş verən daşqınlar zamanı qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşüb. O, bir müddət öncə bu barədə dövlət başçısına və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək ona köməklik göstərilməsini xahiş edib.

“Kür” Qərargahı üzvləri ilə görüşdə İvonna xanım bildirib ki, onun müraciətindən sonra İmişli rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər məsul şəxslər onunla görüşüblər. Evinə baxış keçirib fransız xanımı dinləyiblər. Onun müraciətinə diqqətlə yanaşılacağına söz veriblər. Üzləşdiyi problemin aidiyyatı qurumlara çatdırılmasında göstərdiyi köməyə görə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təşəkkürünü bildirən İvonna xanım Qərargah üzvləri ilə görüşdə ən böyük arzusunun öz doğma vətəninə- Fransaya getmək olduğunu qeyd edərək onun bu istəyinin Fransanın Azərbaycandakı səfirliyinə çatdırılmasını xahiş edib. Qərargahın koordinatoru Oqtay Gülalıyev İvonna xanımı əmin edib ki, onun bu istəyini Fransanın Azərbaycandakı səfirliyinə çatdıracaq.

Səfər - görüş Prezident yanında QHT- lərə Dövlət Dəstək Şurası tərəfindən dəstəklənən “Kür daşqınlarının yaratdığı problemlərin həlli ilə bağlı vətəndaşlarla dövlət qurumları arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə yerli icma üzvlərinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilib.