“İndi çox nadir bir vəziyyətdəyik”

indi-cox-nadir-bir-veziyyetdeyik
Oxunma sayı: 666

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olub. Bu barədə AzərTAc dövlət informasiya agentliyi xəbər yayıb. Tədbirin aparıcısı İsveç Krallığının xarici işlər naziri Karl Bildt Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Aparıcı Karl Bildt Prezident İlham Əliyevi müzakirələrin əsas məruzəçisi kimi təqdim edərək deyib: “Çıxış etmək üçün möhtərəm iştirakçılarımız vardır. Burada Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. O, 2003-cü ildən Azərbaycanın Prezidentidir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, "Alyans"ın sədri Maykl Dikman, "Qreenpeace" Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidu, Ukrayna Prezidenti Viktor Yanukoviç də tədbirdə iştirak edirlər”.

İlham Əliyev konfransda çıxış edib. O, bildirib ki, Azərbaycan neft istehsal edən ən qədim ölkələrdəndir. “Faktiki olaraq, Azərbaycanda sənaye üsulu ilə ilk neft XIX əsrin ortalarında istehsal edilib. Amma, o vaxtdan bəri çox şeylər dəyişib. Müstəqillik bərpa ediləndən sonra Azərbaycan xalqı öz sərvətlərinin sahibi oldu. Bu 20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrildi. 1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr faktiki olaraq Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir”, - İlham Əliyev dedi.

"Xəzər dənizindən Aralıq dənizinə neft nəql edən böyük boru kəməri kimi tərəfimizdən inşa edilən enerji dəhlizi indi təkcə Azərbaycan xalqı və tərəfdaşlarımız üçün faydalı olmaqla yanaşı, gələcək layihələrimiz üçün də çox səmərəlidir. Azərbaycan indi həm də, nəhəng qaz ehtiyatlarına malik ölkə kimi də tanınır. Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaqdır", - Prezident bildirib.

Prezident İlham Əliyev hazırda daha geniş enerji dəhlizinin yaradılması üzərində işdən də danışıb. "Bu, təkcə neft sahəsini deyil, qaz sahəsini də əhatə edəcəkdir. Biz indi regionumuzun enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək mühüm qərarların qəbul edildiyi enerji layihələrimizin çox vacib və çətin mərhələsindəyik. Azərbaycan, əlbəttə ki, öz enerji təhlükəsizliyini təmin edib. Ancaq bazarlar olmadan biz, əlbəttə ki, layihələrimizi tam şəkildə həyata keçirə bilməyəcəyik. Bu gün biz şaxələndirilmiş boru kəmərləri şəbəkəsinə malikik. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi bizə neft və qazımızı müxtəlif istiqamətlərə nəql etməyə imkan verir. Buna görə də, şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir. Biz istehsalçı ölkə olan Azərbaycan ilə istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində düzgün balans tapmalıyıq və düşünürəm ki, tapırıq. Tranzit ölkələrin də maraqlarını unutmaq olmaz. Buna görə də, bu maraqların balansı və tərəfdaşlarımızın maraqlarına adekvat yanaşma layihələrimizin uğurla reallaşması üçün əsas səbəbdir", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev 2012-ci ilin əvvəlində bu konfransda çıxış edərək Cənub qaz dəhlizi"nin gələcəyi ilə bağlı daha nikbin olduğunu söylədi. "Nikbinliyi artıran bir neçə səbəb vardır. Hər şeydən öncə, əvvəl dediyim kimi, yeni qaz yataqlarının kəşfi, artıq mövcud olan nəqletmə infrastrukturu, baxmayaraq ki, bunun sayı elə də çox deyildir. İkincisi, Avropada bizim enerji ehtiyatlarımıza artan tələbat, o cümlədən Avropa institutları və Azərbaycan arasındakı olduqca məhsuldar əməkdaşlıq son bir neçə ildə əsl tərəfdaşlıq münasibətlərinə çevrilib. Avropa Komissiyası prezidentinin 2011-ci ildə Azərbaycana səfəri və "Cənub qaz dəhlizi" ilə bağlı Bəyannamənin imzalanması və hörmətli Ottingerin həmsədrlik etdiyi işçi qrupunun yaradılması. Bütün bu amillər gələcək planlarımızla bağlı çox müsbət mənzərə yaradır", - İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair Anlaşma Sazişinin imzalanmasına toxunaraq, bu hadisəni faktiki olaraq, Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxması üçün böyük qapı olacağını söyləyib. "Biz indi çox nadir bir vəziyyətdəyik. Belə ki, bizim Avropa bazarına ehtiyacımız vardır. Çünki birincisi, bu, böyük bazardır. İkincisi, bu bazar qanunvericilik və qanun normaları ilə tənzimlənir. Əlbəttə ki, bu, artan bazardır və bizim tərəfdaşlarımızın bazarıdır. Avropa bazarının da təchizatla bağlı alternativ mənbələrə ehtiyacı vardır.

Biz şaxələndirmə və enerji təhlükəsizliyi ilə bağlı çox danışırıq. Bu iki məsələ bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz, güclü "Cənub" dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar", - İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. "Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır. Azərbaycan ehtiyatları olan, sadiq, açıq siyasətə və Avropanın institutları ilə möhkəm əlaqələrə malik bir ölkədir.

Mən, həmçinin təkcə ehtiyatlara malik, istehsalçı, nəql edən və potensial tranzit bir ölkə kimi deyil, həm də öz təbii resursları və təbiətinə qayğı ilə yanaşan bir ölkə kimi öhdəliyimizlə bağlı da bir neçə kəlmə demək istərdim. Bir çox illərdir, onilliklərdir, bir əsrdən artıqdır ki, Azərbaycanın neft ehtiyatları ətraf mühitin mühafizəsinə heç bir hörmət qoyulmadan işlənilib", - dövlət başçısı dedi. "Bizim keçmişimizdə "ətraf mühit" anlayışı faktiki olaraq bir o qədər də lazımınca qiymətləndirilməyib. Bu gün bizim öhdəliyimiz onilliklər boyunca suda və quruda neft istehsalından qalan bütün o "miras"ı təmizləmək və həmçinin qlobal ətraf mühitin mühafizəsi işinə öz töhfəmizi verməkdir. Buna görə də, baxmayaraq ki, neftimiz, qazımız və bazarlarımız var, biz indi bərpa olunan enerji sahələrinə sərmayə yatırırıq. Biz düşünürük ki, bu bizim öhdəliyimizin bir hissəsidir. Biz su enerjisinə sərmayə yatırırıq. Biz keçən ildən başlayaraq, günəş və külək enerjisinə sərmayə qoymağa başlamışıq. Ona görə yox ki, bizim bu alternativ mənbələrə kəskin şəkildə ehtiyacımız vardır. Xeyr. Ona görə yox ki, bu, bizim enerji balansımızın əhəmiyyətli hissəsidir. Ona görə ki, biz buna keçmiş və gələcək nəsillərimiz qarşısında öhdəlik kimi yanaşdıq. Buna görə də, mən çox şadam ki, bu gün biz ekoloji mühafizə ilə bağlı məsələlərlə yanaşı, enerji təhlükəsizliyi, enerji ehtiyatlarını birlikdə müzakirə edirik. Azərbaycan öz rolunu oynamağa, enerji təhlükəsizliyini təmin etməyə, şaxələndirməyə və təbiətimizi mühafizə etməyə hazırdır", - Prezident İlham Əliyev bildirib.