“İndi dünya tamamilə dəyişib”

indi-dunya-tamamile-deyisib
Oxunma sayı: 684

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, sessiyanın gündəliyi təsdiq ediləndən sonra Ali Məclisin sədri Vasif Talıbov 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib. Sessiyada insan hüquqları üzrə müvəkkil (ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Fransa Milli Assambleyasının soyqırımının inkarı ilə bağlı qərarına münasibət bildirib. Bu məsələ ilə əlaqədar çıxış edən V. Talıbov deyib ki, bu ölkənin hakim partiyası tərəfindən irəli sürülən layihəni qəbul etməklə Fransa parlamentinin aşağı palatası çox ciddi tarixi səhvə yol verib: “Aydındır ki, burada bədnam “erməni soyqırımı” bəhanədir. Bu qərar siyasi təzyiq aləti kimi türk dövlətlərinin inkişafının qarşısını almağa, növbəti dəfə ayrı-seçkilik salmağa yönəldilib. Fransa parlamentinin beynəlxalq arbitr roluna iddiası tamamilə yersiz və mənasız bir təşəbbüsdür. Çünki indi dünya tamamilə dəyişib. Beynəlxalq aləm başqa dəyərlərlə yaşayır. Bu dəyərlər ayrı-seçkiliyin yox, inteqrasiyanın, növbəti “soyuq müharibə”nin yox, siyasi birliyin və həmrəyliyin tərəfindədir”.

Sessiyada Fransa Milli Assambleyasının qəbul etdiyi layihə Avropa ailəsinin parçalanmasına, bütövlükdə türk dünyasına qarşı yönəlmiş cəhd kimi qətiyyətlə pislənib, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinə tövsiyə edilib ki, Fransa Milli Assambleyanın soyqırımının inkarı ilə bağlı qərarının bu qurumun növbəti iclasının gündəliyinə salınmasına və hamılıqla pislənməsinə nail olsun.

Ali Məclisin sədri sessiyaya yekun vuraraq deyib: “Yaranmış ənənə üzrə Naxçıvan Muxtar Respublikasında hər yeni il başlayarkən həyata keçiriləcək tədbirlərin xarakterinə uyğun olaraq konkret məqsədlər də müəyyənləşdirilir. 2012-ci ildə milli mənəvi dəyərlər sahəsində tədbirlərə diqqət artırılacaq, milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki illərdə başlanmış tədbirlər 2012-ci ildə daha geniş miqyasda davam etdiriləcəkdir. Hər birimiz bu sahədə fəaliyyətimizin nəticəli olmasına çalışmalı, milli dəyərlər ilində muxtar respublikamızın inkişafına öz töhfəmizi verməliyik”.

Ali Məclisin sədri daha sonra bildirib: “Biz 2011-ci ilə yekun vurduq. Qeyd olunduğu kimi, yola saldığımız il ərzində muxtar respublikamızda iqtisadiyyatın inkişafı davam etdirilmiş, quruculuq işlərinin həcmi daha da artırılmış, bir sıra uğurlar əldə olunmuşdur. Muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürümü bildirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və veteranları, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm”.