Binə satıcılarına cinayət işi açıldı

bine-saticilarina-cinayet-isi-acildi
Oxunma sayı: 644

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkəti iflic edilib.

Məlumata görə, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 10 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.