Binəqədidə elektrik enerjisi şəbəkəsi yenidən qurulur - Karvanlar yola salındı

bineqedide-elektrik-enerjisi-sebekesi-yeniden-qurulur
Oxunma sayı: 1469

“Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, bu məqsədlə müasir KTM-lər (Kompleks Tranformator Məntəqəsi), SİP-kabellər, elektrik dirəkləri və digər zəruri mal-materiallarla yüklənmiş avtomobil karvanları günorta saatlarında “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə yola salınıb.

T. Mustafayev qeyd edib ki, son illər həmin qəsəbələr sürətlə böyüyüb, çoxlu sayda yeni yaşayış məhəllələri salınıb. Lakin zəruri infrastruktur yaradılmadan həyata keçirilən kortəbii məskunlaşmanın nəticəsi olaraq bu ərazilərdə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatında da problemlər yaranırdı. Çünki köhnə xətlər və transformatorlar abonentlərin sayının sürətlə artması nəticəsində yaranan ifrat yüklənməyə davam gətirmirdi, habelə elektrik enerjisinin itkiləri artırdı.

“Bildiyiniz kimi son illər prezident İlham Əliyevin Azərbaycanda hər bir abonentin sutkanın 24 saatı boyu elektrik enerjisi ilə fasiləsiz təchiz olunmasına dair qarşıya qoyduğu vəzifələrə uyğun olaraq  “Azərişıq” ASC tərəfindən həm ölkənin regionlarında, həm Bakı ərafında yeni salınan qəsəbələrdə elektrik enerjisi şəbəkələrinin yenidən qurulması həyata keçirilir. Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrdə işlər artıq yekunlaşıb. İndi isə Binəqədi rayonunun ərazisində yeni salınmış qəsəbələrin və məhəllələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Bu məqsədlə “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından müasir avadanlıqlarla, zəruri mal-materiallarla yüklənmiş 12-yə qədər ağırtonnajlı yük maşını karvan şəklində həmin qəsəbələrə göndərilib”- T.Mustafayev deyib.

Tanrıverdi Mustafayevin sözlərinə görə, işlərin görüləcəyi ərazilərə 14 KTM, 3 min km uzunluğunda izolyasiyalı kabel, 8 km yüksək gərginlikli elektrik xətti, yeraltı elektrik xətləri üçün kabel, 1700 ədəd dəmir-beton dayaqlar və digər materiallar göndərilib.

Qurum rəsmisi xatırladıb ki, bu, 2019-cu ilin tədbirlər planı əsasında həyata keçiriləcək yenidənqurma və təmir-tikinti işləri ilə bağlı yola salınan ikinci yük karvanıdır. Bundan əvvəl, yanvarın 30-da Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar , mal-materialla yüklənmiş maşın karvanı yola salınmışdı.