İnkvizitorlara tolerantlıq dərsi

inkvizitorlara-tolerantliq-dersi
Oxunma sayı: 1450

Rafiq Tağıya ölüm hökmü kəsildi, öldürüldü, təbrik edildik, başqa bir millət vəkilinə də ölüm hökmü verildi və bütün bunlar qarşısında “insanlıq dini”nin nümayəndələri nəinki İran ayətulalarını lənətləmədilər, dinlərini sorğu-sual etmək nədir, heç səslərini də çıxartmadılar. Bunlar olsaydı, biz, bizə ehtiyac olduğunu görməzdik. İndiki hay-həşir isə göstərir ki, biz onlar haqqında hələ yüksək düşüncədə imişik, sən demə, onlar bütün bu baş verənlərə sevinir, xısın-xısın hırıdayırlarmış. İki gün bundan qabaq yenə bir İran ayətulası dövlətimizə barmaq silkələyib. Qarğa-quzğun kimi üstümüzə cumanlardan heç bir səs-səmir yoxdur.

Bizi indi nicklər arxasında gizlənib, ölümlə hədələyənlər, bəyanatı imzalayanları öz məqalələrində “şarlatan”, “başıpapaqsız”, “pozulmuşlar”, “ləkəlilər”, “müəllifciklər” və s. adlandırıb, qarşı düşüncəyə öz kinlərini qəzəblə qusanlardan şəxsən mən incimirəm. Çünki onlardan elə gözlənilən də budur. Əslində biz bütün cəmiyyətimizə, dünyaya, siyasi hakimiyyətə və onun müxalifətinə elə bunu göstərmək istəyirik ki, görün, “insanlıq dini” insanları(mızı) nə hala gətirə bilər.

Dünəndən yazılanları diqqətlə oxuyuram ki, nəsə cavab yazım. Ancaq dişə dəyən bir ideya tapa bilmirəm və bu məni heyfsləndirir. İndi oturub, bu müəlliflərin müəllimlərinin nəsə yazmağını gözləyirəm ki, bəlkə onlara cavab vermək məni həyəcanlandırar. Məcburam ki, heç olmasa onların ironik suallarına cavab verəm.
Deyirlər ki, biz “öz simvollaşdırdıqlarını qoruya bilməyənlər”ik. Düz deyirsiniz, biz Rafiq Tağını sizdən qoruya bilmədik, ancaq indi heç olmasa, gələcəyimizi, balalarımızı, hətta sizin balalarınızı da sizdən qorumaq istəyirik. İndi biz heç olmasa, azad sözün gələcəyini, dünyəvi hakimiyyətimizi, demokratik qarşılıqlı tənqid mühitini qorumaq istəyirik.

Avropa dəyərlərinin nələr olduğunu soruşurlar. İslami olmayan hər şey! İrqi, dini, cinsi ayrı-seçkiliyin qoyulmaması, siyasi hakimiyyətin seçimlə formalaşdırılması, tolerantlıq və s. Bütün bunların gerçək Avropada ideal şəkildə gerçəkləşib gerçəkləşməməsi ayrı söhbətin mövzusudur. Mən “Avropa” adlı dəyərlərdən danışıram, mövcud Avropaçılıqdan yox. Bəs siz nədən danışırsınız, quldarlıq quruluşunun dəyərlərindən? 1400 il qabaq Ərəb səhrasında baş verənlərdən?
Soruşurlar ki, nədir tolerantlıq? Mən müəlliməm, öyrətməyi sevirəm. Qoyun, öyrədim. Tolerantlıq formaca və məzmunca sənin kimi olmayan qarşısında qəzəbsizlik, təbəssüm, dözüm deməkdir. Çünki hər birimizin təmsil və ifadə etdiyimiz forma və məzmun mümkün variantlardan ancaq və ancaq biridir. Buna görə də, tolerantlıq oyun yox, çoxvariantlığı, plüralizmi rasional olaraq qəbul etməkdir. Tolerant olmamaq isə “bir hər şeydir” totalitarizmidir. Tolerantlıq nə təkcə başqasının sənə zidd düşüncələrini dinləmək mədəniyyəti, nə də qarşı düşüncələrə hörmətlə yanaşmaq nəzakətidir. O, dünyaya baxış forması, varlığın müxtəlifliyi qarşısında dayanma şəklidir. Tolerantlıq içəridə yavaş-yavaş kinə, nifrətə, qəzəbə çevrilən məcburi dözümlülük nümayişi deyildir. O, qaçılmaz müxtəlifliyin birgəyaşayış norması, təzadların birlikdə yaşaya bilmə şərtidir.
Tolerantlığın ontoloji əsası bundan ibarətdir ki, həqiqət, düzgün forma, doğru yol və s. bir deyil, bir neçədir, çoxdur. Və onlar heç kimin təkbaşına ixtiyarında deyildir, heç kim təkbaşına onları təmsil edə bilməz. Və onlar heç bir konkret zamanda və heç bir konkret məkanda, heç hansı kitabda, heç kimin şəxsi həyat modelində bizə son və ya hazır şəkildə verilməmişdir! İndi bizə nə üçün sapıq dediyinizi özünüz anlayırsınızmı? Sizin dünyagörüşə nə qədər yad bir mövqedən danışdığımın fərqindəsinizmi? Dini etiqadın nə üçün vicdani, şəxsi, qeyri-ictimai olması lazım gəldiyini indi başa düşə bilirsinizmi? Çünki sizin üçün yalnız bir yol var. Buna intolerantlıq, invariantlıq, doqmatizm (ehkamçılıq) deyilir.
Birisi bizi lağa qoyub ki, bəyanatımızda yazdığımız “biz heç vaxt ortodoks islamı qəbul etmədik” deyərkən, xristianlıqda olan katolikliyi, protestantlığı, ortodoksluğu islamla eyniləşdirmişik, guya avropalı ağalarımıza doğma görünmək istəmişik. Deməli, dostlar, izah edirəm: “ortodoks” (qədim yunan dilində “doğru” deməkdir) xüsusilə dini terminologiyada ümumişlək termindir, dinə ancaq və ancaq hərfi olaraq əməl etməyin “doğru” olduğunu ifadə edir. Teologiyada ortodoks və heterodoks bir-birinə əks anlayışlardırlar. Məsələn, islamda kəlamçılar ortodoks, sufilər heterodoksdurlar; buddhizmdə hinayana ortodoks, mahayana heterodoksdur və s. İndi sizcə, Füzuli, Nəsimi, Söhrəverdi, Miyanəci və başqalararı ortodoks islamı təmsil edirlər?
Soruşulub ki, biz sufilər haqqında nəsə bilirikmi? Mən bu sualın müəllifinə bir smestr sufizm metafizikasından dərs keçə bilərəm. Həllacdan başlayıb, onun platonik, neoplatonik və hinduist-xristian kökləri, onun daoizmlə üzvi paralellikləri haqqında danışıb, İ. Ərəbidə qurtararam. Təsəvvüf mövzusunda zatdan başlayıb, vahidiyyətdən, əhədiyyətdən, nəfəsül-rəhmandan keçərək, təəmmüllə (contemplation) vəhdətül-vucuda çatmaq ontologiyasını izah edə bilərəm. Bunlar bizi nə sayırlar belə?
Sonda, bir azərbaycanlı ayətulla belə yazıb: “İslam ləkə götürməyən dindir”. Düzdür, ikiəlli razılaşıram!