“İnqilablar fonunda Türkiyə ərəb ölkələrinin də liderinə çevirilib” - Rəy

<b>“İnqilablar fonunda Türkiyə ərəb ölkələrinin də liderinə çevirilib” - <font color=red>Rəy </b></font>
Oxunma sayı: 145





ABŞ-ın “Nyu-York Times” qəzeti Misir, Livan, Sudan və Tunis kimi ölkələrdə baş verən hadisələrə diqqət çəkərək, Türkiyənin yaranmış boşluğu doldurduğunu yazıb. Məsələyə AXCP sədrinin müavini, politoloq Razi Nurullayev “Qafqazinfo”ya göndərdiyi açıqlama ilə münasibət bildirib: “Ərəb inqilabları dalğasının fonunda Türkiyə nəinki Türk dünyasının, artıq ərəb dövlətlərinin də lideri kimi qəbul olunmaqdadır. Tunis və Misir inqilabları, qaynayan Liviya və Suriyada Türkiyənin nüfuzu və vacibliyi göz önündədir. Türkiyə istəsə, hətta Avropa və ABŞ-ı, dayandıra da bilər. Başqa zamanlar olsaydı, bəlkə də, Türkiyə Ərəb ölkələrinin diktaturalarını tam müdafiə etməsə də, onları tam ayağa da verməzdi. Çünki, bundan öncə ABŞ-ın terrorla mübarizə üçün girdiyi İraq və Əfqanıstan əməliyyatları həm də neft maraqları kimi başa düşülürdü. Amma, indiki dünya düzəni tamam başqa müstəvi diktə edir. Əvvəllər, diktəni diktatorlar edirdisə və cavabını da güclü dövlətlər verirdisə, bu gün diktəni və qərarı xalqlar verir. Artıq, bütün dövlətlər, o cümlədən ABŞ, Avropa Birliyi, Türkiyə xalqların yanında olmağa üstünlük verməyə başlayıb. Elə, Türkiyənin də “Yeni Osmançılıq” siyasəti də bu müstəviyə söykənir. 22 ərəb dövləti var. Bu dövlətlərdən heç biri lider ölkə deyil. Ərəblərin lideri Misir və Hüsnü Mübarək hesab edilirdi, onu da devirdilər. Bu gün Ərəb dünyası başsızdır. Türkiyənin yeni siyasəti Ərəblərin “başı” olmaq üzərində qurulmaqdadır. Onsuz da yaxın 5 ildə, Ərəb dünyasında lider ölkə kimi formalaşmaq 22 ölkədən heç birinə qismət olmayacaq. Əksinə, təlatümlər daha da genişlənəcək. Ərəb xalqlarında baş verən milli oyanış, orada yaşayan digər xalqların da yatmiş hisslərini oyandırıb. Gözləmək olar ki, ərəb dünyasında etnik zəmində münaqişələr də alovlansın. Bu münaqişələrin Türkiyə ərazisinə transferi də bir çox Türkiyəni sevməyən ölkələrin gündəliyindədir. Türkiyə bir yandan Ərəblərin “başı” olmaq, digər yandan isə öz “baş”-ını saxlamaq məcburiyyətində qalacaq”.

R. Nurullayevin fikrincə Türkiyənin İran islam Respublikası ilə yaxınlaşması onun apardığı qlobal - “Yeni Osmançılıq” siyasətinə zərər vurmaqdadır: “Bir yandan ABŞ və Avropa Dövlətləri Türkiyənin birdən-birə diktə edən ölkəyə çevrilməsi ilə barışa bilmir, digər tərəfdən isə İran regionda lider olmaq iddiasındadır və bu məsələdə türkiyə ona əvəzsiz xidmətlər göstərməkdədir. Məhz, ədalət naminə demək lazımdır ki, elə Türkiyə də İran kartı üzərindən qlobal oyunçuya çevrilməkdədir. İran da bunu bilməmiş deyil və bu kart-blanşı Türkiyəyə verməklə, ondan əvəzini də almaqdadır. Ərəb dünyasının bölüşdürülməsində, istər-istəməz Türkiyə ilə İran üz-üzə gəlməli olacaq. Qalib ölkə isə Türkiyə olacaq. Çünki, Ərəb dövlətlərinin Türkiyəni özlərinə məsləhətçi seçmələri, məhz, İran faktoru ilə bağlıdır. Ərəblər, “farslaşmaqdansa”, elə yenidən “Osmanlı” olmağı tərciyyə edirlər. Xüsusən də, Türkiyə də onlara əvəzində güclü iqtisadi, mədəni və siyasi azadlıqlar vəd edir. Türkiyə bu gün dünyanın ən güclü inkişaf tempi olan 10 iqtisadiyyatı içərisində yer alır. 79 milyonluq Türkiyənin dünyaca tanınmış rəqabətə davamlı şirkətləri var, Rusiya və Yaxın Şərqə milyardlarla ölçülən ixracat həyata keçirir, milyardlarla dollar sərmayələr cəlb edir. Onun iqtisadiyyatı 2002-ci ildən bəri 3 dəfə artıb. İxracat 36 milyard dollardan 114 milyard dollara çatıb.

Türkiyə bu gün ciddi diplomatik gedişlər etməkdədir. “Yeni Osmançılıq” yeni diplomatik gedişlərə bağlı məsələdir. Güc əsri artıq arxada qalıb, indi diplomatiya əsridir. On il əvvəl, Türkiyənin beynəlxalq məsələlərdə rolundan danışmaq belə olmazdı. Amma, bu gün, Türkiyə əsas oyunçulardan biridir. “Nyu York Times” qəzeti 2009-cu il, oktyabrın 4-də dərc etdiyi məqalədə belə bir cümlə işlətmişdi: “Türkiyə nüfuzunu güc tətbiq etməklə yox, diplomatiya ilə genişləndirməkdədir… Son zamanlar, Türkiyə diplomatiyası çox uğurlar əldə edib və ən əsası, Ərəb dünyasında populyarlıq qazanıb”. Türkiyənin bu gedişlərini isə “The Economist” qəzeti 2010-cu il, 21 oktyabr sayında dərc etdiyi məqaləsində belə intepretasiya etmişdi: Türkiyə “Qərbə arxasını çevirir”. Amma, fakt budur ki, Türkiyə artıq onlilliklərdir ki, Avropa Birliyinə daxil olma yolunda süründürülməkdədir. Məhz, buna görə də, Türkiyə Avropa Birliyindən kənar yaşama hüququnu reallaşdırmaqdadır. Türkiyədə özünü-saxlama, xilas etmə instinkti işləməyə başlayıb”.

Politoloq, Azərbaycanın bu məsələlərdə nə rol oynaya biləcəyi ilə də bağlı da maraqlı açıqlamalar verib. Sabah, onun bu açıqlamasını da oxuya bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi