İnsan Tanrıya nə üçün inanır? - I Hissə

insan-tanriya-ne-ucun-inanir-i-hisse
Oxunma sayı: 752

Adətən, dini kəsim, körpəlikdən valideynləri və ya yaşadıqları cəmiyyət tərəfindən beyinlərinə yeridilmiş, yəni özlərinin seçmədiyi “öz” dini inanclarını qarşılarına “sini qabda” hazır qoyulmuş bir həqiqət kimi başa düşür, hansısa bir ilahi qüvvənin varlığını və mənsub olduğu dini şübhə etmədən qəbul edirlər. Bu mövzu hazırda ölkəmizdə aktual olduğundan, lütfən, gəlin, ona soyuqqanlılıqla və sağlam məntiqdən yanaşaq. Axı biz gözəl bilirik ki, babalarımız inandıqları bir çox şeylərdə yanlış olublar, mümkün deyilmi ki, onlar dini inanclarında da səhv etsinlər? Bu halda, gəlin, birlikdə ilahi qüvvəyə olan inancın nədən qaynaqlandığını təhlil edək. Amma öncə oxuculara tanrı anlayışının yaranması haqqında qısa məlumat vermək istəyirəm.

Əldə etdiyimiz dəqiq arxeoloji tapıntılara əsaslanaraq, biz əminliklə iddia edə bilərik ki, qədim insanlar yüz minillər boyu heç bir tanrıya inanmamışlar. Təxminən 40-50 min il bundan əvvəl ibtidai insan heyvanlar aləmindən çıxsa da, uzun müddət onda həyat tərzi tamamilə heyvanlardakı kimi instinktlərlə təyin edilirdi. Bəşəriyyətin mövcudluğunun başlanğıc mərhələlərində insan və heyvanlar arasında əsas fərq insanın heyvanlardan fərqli olaraq əvvəlcə sözlər vasitəsilə müəyyən dərəcəyə qədər, onu əhatə edən dünyanı dərk etməyə başlamasıdı. Sonra insan bu dünyada özünü dərk etməyə başlayır və bunun nəticəsində onda təxminən 15-20 min il bundan qabaq şüur, eləcə də ilkin dini dünyagörüşü formalaşmağa başlayır. Aydın məsələdir ki, ibtidai insanlarda tanrı haqqında təsəvvür olduqca primitiv idi. Bir tərəfdən onlar dərk etmədikləri və qarşısında aciz qaldıqları bütün təbiət hadisələrinin arxasında ilahi qüvvələrin olduğuna inanır, digər tərəfdən isə bu “ilahi qüvvələr” haqqında təsəvvürlər yaradır, onları müxtəlif canlı varlıqlara o cümlədən heyvanlara, ulduzlara və s. bənzədirdilər. Zamanla insanın şüuru təkamül etdikcə, bu “canlı varlıqlar”, insan obrazını almağa başlayırlar və biz bunu hazırkı “səmavi” adlanan dinlərin təqdim etdiyi tanrı obrazlarında da görə bilərik. Bu dinlərin tanrıları insan psixologiyasına uyğun olaraq sevinir, gülür, qəzəblənir, cəzalandırır, mükafatlandırır və s. Beləliklə, tanrılar haqqında təsəvvür insan şüurunun xüsusi (istisna) məhsuludur. Əslində, bütün tanrılar haqqında anlayışlar insanın şüurunda yaradılır və yaşayır; insanın şüurundan kənar tanrı haqqında anlayış yoxdur; insanın şüurundan kənar tanrının mövcudluğuna inamlar yoxdur.

İlkin dini inanclar çox tanrılıqla başlasa da, insanların şüuru inkişaf etdikcə və onları əhatə edən təbiət hadisələrinin sirrləri açıldıqca tədricən tanrıların sayları da azalmağa başlamışdır. Eyni zamanda da sadəlövh insanlar üzərində öz hegemonluğunu həyata keçirən insanlar (peyğəmbərlər) ortaya çıxmışlar. Özlərini həmin tanrıların yerdəki nümayəndələri elan edən bu peyğəmbərlər iddia edirdilər ki, onlardan başqa heç kim tanrıları görə bilməz və onlar tanrılarla insanlar arasında yeganə vasitəçidirlər. Təbii ki, bu, olduqca gəlirli biznes olduğu, peyğəmbər adlanan insanlara hədsiz hakimiyyət və nüfuz verdiyi üçün onlar arasında rəqabət meydana çıxmışdır. Hətta bu rəqabət VII əsrdə Məhəmməd peyğəmbərin zamanında da özünü biruzə vermişdir. İslam mənbələrindən dəqiq bilirik ki, Məhəmməd peyğəmbərlə eyni dövrdə yaşayan biri qadın olmaqla digər dörd nəfərdə özlərini peyğəmbər elan etmiş, onların hər birinin “müqəddəs” sayılan kitabları və tərəfdarları olmuşdur. Onlardan üçü Məhəmməd peyğəmbərin dövründə müsəlmanlar tərəfindən öldürülmüş, dördüncüsü Müsaylimah (Müseylimə) isə islam peyğəmbərinin vəfatından sonra Əbu Bəkr tərəfindən Yamama döyüşündə öldürülür. Bu sətirləri oxuyan istənilən müsəlman oxucu, “onlar yalançı peyğəmbərlər olmuşlar” deyə düşünə bilər. O zaman, gəlin, unutmayaq ki, digər peyğəmbərlərin tərəfdarları da öz növbəsində Məhəmməd peyğəmbər də daxil olmaqla, o birilərini yalançı adlandırmışlar. Bu eyniliklə günümüzdəki mövcud olan müxalifət partiyalarının özlərinin əsl müxalifət olub, yerdə qalan hamısının hakimiyyətə işləməkdə suçlamasına bənzəyir. Əgər sabah üzə çıxsa ki, onların hamısı indiki hakimiyyətə işləyib, mən buna heç təəccüblənmərəm! Bir şeyi tam məsuliyyətimlə deyə bilərəm ki, əgər ərəblər VII əsrdə Məhəmməd peyğəmbərin deyil Müsaylimahın dini bayrağı altında Azərbaycanı işğal etsəydilər, bizlər indi tamamilə başqa dinə mənsub olub, Müsaylimahı peyğəmbər hesab edəcəkdik.

Peyğəmbərlər arasında qeyd olunan rəqabət, dinləri yaratmış peyğəmbərlərin öz dövründə hiss olunmasa da, onların ölümündən sonra həmin dinlərin daxilində də baş qaldırmışdı. Hazırda xristianlıqda olduğu kimi islam dinində də biri-birilərinə rəqib olan, hətta nifrət edən yüzlərlə təriqətlər var. Onların da hamısı ancaq özlərinin həqiqi yolda olduğunu yerdə qalanların isə saxta, yalançı olduğunu iddia edirlər. Aydındır ki, heç kim ikinci olmaq istəmir, hamı birinci olmaq istəyir, çünki ikinci yer cəzbedici deyil, ona nə gələn var, nə hörmət edən, nədə ki, pul verən!

Amma bu rəqabət bir yana, səmavi adlanan dinlərin “müqəddəs kitablarını” oxuduqda, onlarda yaşadığımız kainat haqqında təsvir olunan biliklər adamı heyrətə gətirir. Bu kitablar kainatın vur-tut bir aydan, bir günəşdən və bir də ulduzlardan ibarət olması haqqında bəsit məlumatlar verməklə yanaşı, eyni zamanda yer üzünün düz olmasını, kainatın mərkəzinin günəş deyil, yer olmasını iddia edirlər. Doğurdanmı, “müqəddəs kitabların” iddia etdikləri kimi onları göndərən ilahi qüvvə öz yaratdığı kainat haqqında bu qədər yanlış məlumata sahibdir, yoxsa quldarlıq dövründə yaranmış bu kitablar o zamandakı insanların kainat və təbiət haqqında primitiv dünyagörüşünü ozündə əks etdirir? Bu suallar üzərində düşünməyi oxucuların öz öhdəsinə buraxaraq mövzumuzun başlığına qayıdıram – insan tanrıya nə üçün inanır?

Bəri başdan qətiyyətlə deyə bilərəm ki, heç bir insan ağıl və məntiq əsasında tanrıya inanmır. Tanrıya olan inamın arxasında iki əsas amil biliksizlik və emosional hisslər durur. Gəlin, araşdırmamızın sonrakı Hissələrində amilləri ayrılıqda müzakirə edək.

Azər Əliyev