İnsanlar insanlara inanmadı

insanlar-insanlara-inanmadi
Oxunma sayı: 661

Bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı. İnsanlar telefondakı səslərə inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı.

Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar, hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
İnsanlar gözlərinə inanmadılar, gözlər də insanları aldatdı və nəticədə eynəklərimiz yarandı.
İnsanlar inanmadılar ki, torpaq xəzinədir. Və onu qazıb qızıl çıxardılar, boyunlarına asdılar, barmaqlarına taxdılar. Qorxdular ki, yerdə qalsa o da çürüyüb məhv olar...

İnsanlar göylərə inanmadılar. Uçub gedib planetləri tapdılar. Amma, sonra məyus olaraq Yerə qayıtdılar. Tapdıqları şeylər işlərinə yaramadı.

İnsanlar İsaya inanmadılar, çarmıxa çəkdilər. İnsanlar ancaq Allaha inandılar, amma, düşünmədilər ki, Allah da öz lütflərini İsa kimi bəndələri vasitəsi ilə insanlara ötürür. İndi isə onun, İsanın nə vaxtsa gələcəyinə inanırlar.

Milyon illik bir bəlaya – EŞQƏ inanmadılar insanlar. İnsanlar Qeysə inandılar, amma Məcnuna inanmadılar, dəli dedilər...
İnsanlar Allaha sözlə qovuşdular, sözlə müraciət etdilər, amma, sözə inanmadılar, sözə gəlmədilər. Nəticədə müqavilələr yox, müharibələr oldu... İnsanlar insanlara inanmadılar və sığorta şirkətləri yarandı...
İnsanlar Allaha inandılar, amma, səhər duran kimi yuxularını da yozmağı unutmadılar. İnsanlar alın yazılarına inanmadılar – falçılar yarandı.

İnsanlar ayaqqabılarına görə ayaq ala bilmədilər. İnsanları ayaqları apardı, amma, beyinləri əmr edən yerə. Allah ona görə ayağı aşağıda yerləşdirib. Ayaq həmişə başın quludur. Ona görə yazıq ayağa inanan yoxdur... Amma bizi inandığımız yerə ayaqlarımız aparır.
İnsanların başlarına düşən daş, yarımçıq qalmış evlərinə yarımadı. Ona görə başımıza düşən daşlara inanmadıq, amma baş daşlarına yaman inandıq... Yalanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi. Amma, biz yenə evi yanan çobanın evinə tərəf öz parçımızda su daşıyırıq. Biz yalanlara yaman inanırıq...

Hə dostlarım, Hemenquey çalmayacaq “Əcəl zəngi”ni, əcəl zəngini əzrail çalacaq. Ona görə də bir-birimizi sevək, bir-birimizi aldatmayaq... Atamızın adını oğlumuza qoymaqla biz öz varlığımızın müddətini uzada bilmərik. Biz öz varlığımızın, mövcudluğumuzun müddətini bir-birimizə inanaraq, bir-birimizi aldatmayaraq artıra bilərik...