İnternet medianın durumu necədir?

internet-medianin-durumu-necedir
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, tədbir Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və ATƏT-in Bakı Ofisi ilə birgə Avropa Şurası və Avropa İttifaqı arasında Birgə Proqram çərçivəsində təşkil olunub. Konfransın tərəfdaşı isə Azərbaycan Mətbuat Şurası olub.

Konfransın açılış mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd ənənəvi və on-line media sahəsində beynəlxalq təcrübəni bölüşməkdir: “Bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-ə yaxın həftəlik qəzet, 9 ümumrespublika yayımçısı, 1 peyk televiziyası, 14 regional televiziya, 14 radio, 40-a yaxın xəbər portalı, 20-yə yaxın internet radio, 40-a yaxın xəbər portalı fəaliyyət göstərir. Hazırda əhalinin 65 faizi internetdən istifadə edir. Ölkədə “Facebook” istifadəçilərinin sayı 1 milyona yaxındır. 2 minə yaxın bloqçu fəaliyyət göstərir. 100 minə yaxın insan informasiyaları internet televiziya və radiolardan alır. Azərbaycanda bu sahədə kifayət qədər işlər görülür”.

Ə. Amaşov qeyd edib ki, hazırda Azərbaycandakı qəzetlərin tirajı 5-10 min olsa da, həmin qəzetlərin yaratdığı saytlara gün ərzində təxminən 50 min insan daxil olur. Şura sədri jurnalistlərin sosial sığortası ilə bağlı problemə də toxunub.

Sonra Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov çıxış edərək Aİ-nin hər zaman media sahəsində fikir azadlığına önəm verdiyini söyləyib: “Bir çoxları Avropa ittifaqına iqtisadi qurum kimi yanaşırlar. Amma əslində biz ifadə, söz, media azadlığının boğulmasına qarşı çıxırıq”.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə internet və sosial medianın artan rolundan danışıb.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopolos da konfransın Azərbaycanda KİV sahəsində islahatların aparılmasına və təcrübə mübadiləsinə xidmət edəcəyini söyləyib.

Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək dövlətin KİV-in inkişafına daim dəstək verdiyini xatırladıb: “Azərbaycanda dövlətin heç vaxt mətbuatı məhdudlaşdırmaq kimi niyyəti olmayıb. Bu sahədə bəzi problemlər var ki, onlardan da biri kadr problemidir”.

Konfrans işini bu gün yekunlaşdıracaq.

Nigar Məmmədli