İntiqam Əliyevin aeroport dramı

intiqam-eliyevin-aeroport-drami-
Oxunma sayı: 706

Onu Bakının hava limanında vəkil yoldaşları, jurnalistlər qarşılayıb. İntiqam Əliyev “Media forum” saytına açıqlamasında bildirib ki, dekabrın 7-də İstanbul Atatürk hava limanında mülki geyimli şəxslər onu döyüblər: “Onlardan biri özünü əcnəbilərlə iş şöbəsinin müdiri kimi, digəri isə polis məmuru kimi təqdim edirdi”.

Hüquqçunu hava limanında qarşılayan jurnalist Turxan Kərimli “Media forum” saytına deyib ki, İntiqam Əliyev çox həyəcanlı görünürdü: “Sağ əllə sol biləyini tutmuşdu. Axsadığı hiss olunurdu. Üz-gözündə zəif qızartılar vardı. Bizə açıqlamasında döyüldüyünü təsdiq etdi. Dedi ki, onu döyən adamlardan biri özünü Abdullah kimi təqdim edib. İntiqam bəy sonradan çantalarını götürməyə gedəndə təzədən polis əməkdaşları ona hücum ediblər və onun qollarını qandallayaraq hamının gözü qarşısında cinayətkar kimi aparıblar. İntiqam bəy deyir ki, gedə-gedə hamıya deyirmiş ki, mən vəkiləm, heç bir qanunsuz hərəkət eləməmişəm. Heç kim buna reaksiya verməyib”.

“Azadlıq” radiosu xəbər verir ki, İntiqam Əliyevin hüquqlarını türkiyəli vəkil Xəlil Kocabaş müdafiə edir. O, radioya açıqlamasında təsdiq edib ki, İntiqam Əliyev Bakıya deportasiya olunmasına bir saat qalmış yenidən təzyiqlərə məruz qalıb. O bildirib ki, Türkiyə polisi ilə mübahisə zamanı İntiqam Əliyevin sözləri düzgün başa düşülməyib: “Polis onu itələyib, ya da bəlkə yumruqla vurub. Nəzarət kameralarının görüntüləri ilə məsələ aydınlaşdırılacaq. Bundan başqa onu təhdid ediblər, deyiblər ki, daha betərini də edə bilərlər”.

Hadisənin detallarına toxunan vəkil deyib ki, İstanbul hava limanında hansısa sözün yanlış anlaşılmasına görə polis özünü təhqir edilmiş sayıb və bir neçə nəfər İntiqam Əliyevin üstünə düşüb, onu sürüyüb bir otağa salıblar: “Dörd saat mən ona yetişə bilmədim. Hətta mən çatanda xəbərdarlıq etsəm də, polis çığırıb-bağıraraq hərəkətlərini davam etdirdi. Onu da deyim ki, Türkiyə dövləti bizə yardımçı olmadı, dövlət idarələri tərsinə hərəkət edib hüquqi prosedurları əngəllədi, hadisənin böyüməsinə səbəb oldu”.

Vəkil həmçinin deyib ki, Türkiyə polisinin İntiqam Əliyevə təhqir və zorakılığına görə məhkəməyə müraciət edəcəklər: “Biz İntiqam Əliyevə qarşı törədilən hərəkətlərə görə bütün məhkəmə orqanlarında iddia qaldıracağıq”.

Hələ İstanbulda saxlanan zaman İntiqam Əliyev hadisə barədə belə məlumat verib: “Dünən mən Vilnüsdən, ATƏT-in tədbirindən Bakıya dönürdüm. Pasport yoxlamasından keçirdim. Gömrük məmuru sənədə möhür vurandan sonra sənədi mənə normal şəkildə təqdim etmədi, ikrah hissi ilə onu stolun üstünə atdı. Mənim üstümə qışqırdı ki, götürüm. Mən onu sakitliyə dəvət etdim. Bundan sonra aramızda mübahisə yarandı. Az qala bütün aeroportun polisi töküldü üstümə. Hüquqşünas olduğumu dedim, əhəmiyyət verən olmadı. Buna etiraz etdim və polis rəisi ilə görüş istədim.

Rəhbərlik gəldi, amma o məndən polis məmurundan üzr istəməyimi tələb etdi. Mən bundan imtina etdim, polislərin mənə qarşı kobudluq etdiyini dedim. Bildirdim ki, mən təhqir olunmuşam, məndən onlar üzr istəməlidirlər. Bundan sonra məni aeroportun zirzəmisinə apardılar və 4 saat orda saxladılar. Vəkil tələb etdim, vermədilər. Şikayət yazmaq üçün imkan da vermədilər. Sonradan qollarıma qandal vurub bütün aeroport boyu cinayətkar kimi apardılar. Buna etiraz edəndən sonra mənə vəkilimlə görüş verdilər. Mənə bildirdilər ki, səni saat 22:50-də Türkiyədən deportasiya edəcəklər. Polisə həqarət maddəsi ilə cinayət işi də açılıb. Amma bu barədə mənə nə sənədlər verilir, nə də detallı məlumat. Deportasiya olunmam o anlama gəlir ki, mən bir neçə il Türkiyəyə gedib-gələ bilmərəm. Amma mənə dedilər ki, deportasiya olunsan da, cinayət işi davam edəcək”.

Olayla bağlı “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı dərhal reaksiya verib. İntiqam Əliyev vurğulayıb ki, bu qurumun reaksiyasından sonra vəziyyət yumşalıb.