İqbal Ağazadə 100 milyonlarla dollarlıq əlaqələrdən danışdı

iqbal-agazade-100-milyonlarla-dollarliq-elaqelerden-danisdi
Oxunma sayı: 703




Hörmətli xanımlar və cənablar

Azərbaycan hər zaman Qara dəniz və Xəzər dənizi hövzələri ölkələrinin iqtisadi-siyasi inteqrasiyasında maraqlı olub. Bu gün Azərbaycanın Xəzər dənizi hövzəsində sahib olduğu karbohidrogen ehtiyatları üzrə imkanları kifayət qədər yüksək səviyyədədir. Azərbaycanın Xəzər dənizi hövzəsindəki enerji yataqlarının işlənməsi, onun Avropa bazarlarına çıxarılması hər zaman dövlət siyasətinin və milli maraqlarının prioritetlərindən biri olmuşdur. Bu baxımdan da biz ilk olaraq «Nabucco» layihəsi üzrə iqtisadi imkanların öyrənliməsi, Azərbaycanın bu layihədə iştirak etməsini çox vacib amillərdən biri hesab edirik.

Əgər biz Xəzər və Qara dəniz hövzələri ölkələrinin iqtisadi inteqrasiyasından danışırıqsa, o zaman layihənin gerçəkləşməsində iştirakçı olacaq dövlətlərin ümumi razılığının olmasına çalışmalıyıq. Bu layihə üzrə iştirakçı olacaq dövlətlərdən Türkiyənin müəyyən güzəştlərə getməsi təqdir edilməlidir.
Artıq Türkiyə Cümhuriyyəti rəsmən bəyan edib ki, layihənin gerçəkləşəcəyi təqdirdə tranzit ölkə kimi qalmağa razıdır və kəmərdən axacaq qazın 15 %-ni ölkəsində saxlamağa israr etmir.

Lakin burada kəmərin qazla doldurulması məsələsi hər zaman mübahisəli olaraq qalır. Azərbaycanın mövcud mavi qaz ehtiyatlarının «Nabucco»nun tam olaraq təmin edilməsinə yetmədiyi birmənalıdır. Xəzər dənizində Azərbaycana məxsus qaz yataqlarının mövcud ehtiyatları 1.3-2.5 trilyon kubmetrə bərabər olduğu söylənilir.
Əgər biz bu layihədə iştirakı arzulanan Türkmənistanın 12.7 trilyonluq qaz ehtiyatlarının olduğunu da nəzərə alsaq o zaman kəmərin ən azından bu iki ölkə tərəfindən reallaşdırılmasının tamamilə mümkün ola biləcəyini iddia edə bilərik.
Faktiki olaraq istehsal imkanları da bu kəmərin reallaşması üçün önəmli faktorlardan biridir. Azərbaycan hər il ən yaxşı halda 22.8 milyard kubmetr qaz istehsal edir. Bu 22.8 milyard kubmetrin də 11.6 milyard kubmetrini Azərbaycan öz daxili tələbatına sərf edir. «Nabucco» üzrə mövcud layihələndirməyə əsasən Azərbaycan təkbaşına bu kəmərin qazla təminatını ödəməyə qadirdir. Amma bu həmişəlik deyil. Avropa Birliyinin bu layihə üzrə açıqladığı rəqəmlərdən də aydın olur ki, «Nabucco» üzrə mavi qaz almaq istəyən ölkələrin illik qaz istehlakı üzrə tələbatı 176.7 milyard kubmetrdir. Onu da qeyd edək ki, Avropa Birliyi dövlətlərinin illik qaz istehlakı üzrə tələbatı 482 milyard kubmetr, Avropa ölkələrinin isə illik istehlak tələbatı 602 milyard kubmetrə bərabərdir.
Bu rəqəmlərə əsasən demək olar ki, Azərbaycan qazının hamısını özünə saxlamadan satsa, bütün qaz ehtiyatı Avropaya 2 il, Avropa Birliyinə 2.7 il, «Nabucco» kəməriylə qaz almaq istəyən ölkələrə isə 7 il çata bilər.

Bununla belə qeyd edək ki, hələlik Azərbaycanın Xəzər hövzəsindəki qaz yataqları tam olaraq öyrənliməyib. Mövcud kəşfiyyat işləri də göstərir ki, Azərbaycanın qaz ehtiyatları ildən-ilə artır. Əgər 2009-cu ilə qədər Azərbaycanın hasilat üzrə mavi qaz ehtiyatlarının həcmi 22 milyard kubmetri keçmirdisə, artıq bu göstəricələr 2010-cu ilin sonlarında 23 milyard kubmetrə qədər artıb. Bundan başqa Artıq “Abşeron”, “Naxçıvan”, “Alov” və “Şərq” strukturları mövcuddur. “Abşeron” yatağında bu il kəşfiyyat quyusu qazılacaq ola bilsin ki, burdakı ehtiyat “Şahdəniz” həcmində olsun. Təbii ki, 2009-cu ildə açılmış «Ümid» yatağı üzrə də 100 milyard kubmetrdən çox qaz ehtiyatı var. Bütün bunlar da bir daha göstərir ki, Azərbaycan Türkiyə, Gürcüstan və Rusiyaya qaz satmaqla yanaşı, həm də «Nabucco» kəməri üzrə də tranzit deyil, əsas apırıcı və iştirakçı tərəfə çevrilə bilər.
Bununla yanaşı biz layihə üzrə Xəzər dənizi hövzəsi ölkələrinin iştirakını da araşdırmalıyıq. Nəzərə almaq lazımdır ki, bu gün hövzə dövlətlərindən olan və Azərbaycandan bir neçə dəfə çox qaz ehtiyatlarına malik olan Türkmənistan faktiki olaraq Rusiyaya mavi qaz satır. İlkin danışıqlar zamanı Türkmənistanın «Nabucco»ya qoşula biləcəyi barədə məlumatlar verilirdi. Lakin Rusiya Türkmənistandan qazın nəql edilməsi niyyətlərindən imtina etməyib. Əksinə bu layihə ilə bağlı müzakirələr ortaya çıxandan sonra yeni bazar təklifləri barədə eşidirik. Məsələn Çin Türkmənistandan uzunluğu 7 min kilometr olan yeni qaz kəmərinin çəkilişi ilə bağlı olaraq danışıqlara başlayıb.

Əgər biz Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadi inqerasiyasından danışırıqsa, o zaman mütləq Xəzər dənizi vasitəsilə Orta Asiya bazarını Cənubi Qafqaza və Qara dəniz hövzəsinə çıxarılmasını da müzakirə etməliyik. Azərbaycanın iqtisadi tranzit imkanları da buna böyük şərait yaradır. Əgər orta Asiya dövlətlərinin məhz «Nabucco» kəmərinə qoşulmalarına nail olsaq, o zaman heç şübhəsiz ki, Xəzər dənizi və Qara dəniz hövəsi dövlətlərinin iqtisadi imkanlarının bir tranzit üzrə birləşdirilməsinə də nail ola bilərik. Söhbət enerji ehtiyatlarının daşınması üzrə marşrutların mövcudluğuna nail olunduqdan sonra, əlavə iqtisadi imkanlar üçün bazarların formalaşmasından gedir.
Hesab edirik ki, bu marşrut üzrə maraqlı olan dövlətlər, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsiylə yanaşı, qlobal dünyada daha çox həm də digər iqtisadi elementlər üzrə bazarların formalaşmasına da nail olmaqdan gedir. Nəzərə alsaq ki, istər Xəzər hövzəsi dövlətləri olan Cənubi Qafqaz regionu, istərsə də Qara dəniz hövzəsi dövlətlərinin bu imkanları kifayət qədər yüksəkdir, o zaman həm də regionda siyasi sabitliyin təmin edilməsinin də mümkünlüyünü bura əlavə etmək olar. Region üzrə təkcə enerji layihələri üzrə deyil, həmçinin də digər bazar məhsullarının satışı üzrə marşrutların və bazarların müəyyən edilməsinə nail olunarsa, o zaman Avropa ilə sıx siyasi və iqtisadi əməkdaşlığa can atan dövlətlərin də inkişafına nail oluna bilər.
Biz artıq Xəzər dənizi və Qara dəniz hövzəsi dövlətlərindən olan Azərbaycan, Türkiyə və Gürcüstanın enerji əməkdaşlığından, sərnişin və yükdaşınma üzrə nəqliyyat marşrutlarının formalaşmasına cəhd etdiyimizi qeyd edə bilərik. Bakı-Tiflis-Qars dəmiryol xəttinin çəkilməsi istiqamətində məhz Azərbaycan tərəfindən təşəbbüs göstərilməsi, bu nəqliyyat yolunun gerçəkləşdirilməsi istiqamətində birbaşa olaraq Azərbaycanın maliyyə ayıran tərəf kimi çıxış etməsi də qeyd edilməlidir.

Bakı-Tiflis-Qars yeni dəmiryolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə sərhədinə qədər (Kartsaxi, Gürcüstan) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiyası, yenidən qurulması və istismarının prinsip və şərtləri haqqında Azərbaycan və Gürcüstan hökumətləri arasında sazişə əsasən sahənin layihələndirmə, inşa, reabilitasiya-yenidənqurma işlərinin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin ayıracağı məbləğ 775 milyon dollardır. Müvəkkil bank vasitəsilə ayrılacaq bu vəsait iki tranşla ödəniləcək. İlk tranş - illik dərəcəsi 1% olmaqla 25 il müddətinə 200 mln. dollar, ikinci tranş - illik dərəcəsi 5% olmaqla 25 il müddətinə 575 mln. dollar həcmindədir.
Artıq dəmiryol xəttinin inşası üzrə aparılan işlər də demək olar ki, yekunlaşmaq üzrədir. Bu ilin sonlarına qədər dəmiryolunun istifadəyə verilməsi də planlaşdırılır.

Bakı-Tiflis-Qars dəmiryol xətti faktiki olaraq Xəzər dənizi və Qara dəniz hövzəsi üzrə iqtisadi əməkdaşlığın, yeni bazarların formalaşması imkanlarını yüksəldir. Bundan başqa Azərbaycan-Gürcüstan və Türkiyə arasında sərnişindaşımada böyük bir imkanların formalaşdırılmasına da səbəb olur.
Bütün bunlar da region dövlətlərinin həm enerji ehtiyatlarının daşınması, həm də kənd təsərrüfatı məhsullarının bazar imkanlarını kifayət qədər yüksəldir. Nəzərə alsaq ki, Xəzər dəniz və Qara dəniz hövzəsi dövlətlərinin həmdə quru nəqliyyatı üzrə infrastrukturunun yaxşılaşdırılması kifayət qədər əhəmiyyətli məsələdir, o zaman biz bu məsələ ilə bağlı olaraq daha konkret layihələrin həyata keçirilməsini arzulamaqla yanaşı, onların gerçəkləşdirilməsinə də nail olmalıyıq.

Mövcud bazar şərtləri daxilində Cənubi Qafqazın iki dövləti Azərbaycan və Gürcüstan faktiki olaraq Xəzər və Qara dəniz hövzəsi dövlətləridir. Bu dəniz hövzələri regionu üzrə iqtisadi əməkdaşlığın formalaşmasında da məhz Cənubi Qafqazın iki dövləti kifayət qədər əhəmiyyəti geosiyasi mövqedədir.

Əgər Ermənistan da işğalçılıq siyasətindən əl çəkərək Azərbaycan torpaqlarını azad etsə, o zaman Cənubi Qafqaz vahid orqanizmə çevrilərək inteqrasiyanın yüksəlməsinə böyük təkan verə bilər. Türkiyənin hövzə dövlətləri ilə yaxın iqtisadi və siyasi əlaqələrinin olması da arzulanan və təklif edilən hövzə iqtisadiyyatının inteqrasiyasının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayır. Əgər bu iki Cənubi Qafqaz dövlətindən birinin, Azərbaycanın birbaşa olaraq Xəzər dənizi vasitəsilə dünya sularına və bundan dolayı dünya bazarına çıxışında müəyyən siyasi əngəllər mövcuddursa, quru nəqliyyatı vasitəsilə bunu etməkdə heç bir problem mövcud deyildir. Yəni bu gün Xəzər hövzəsi dövlətlərindən Rusiya və İranın regiondakı təsirləri, iqtisadi baxımından təsiretmə imkanları kifayət qədər yüksək olduğundan, Avropaya iqtisadi və siyasi inteqrasiyaya can atan Azərbaycan və Gürcüstan üçün faktiki olaraq problemlər vardır. Rusiya istər «Nabucco» kəmərində iştirakda maraqlı olan Azərbaycan və Türkmənistana, istərsə də Gürcüstanla iqtisadi əlaqələrini gücləndirən digər region və hövzə dövlətlərinə təsir etməkdən çəkinmir.

Xüsusilə də regionda mövcud olan siyasi münaqişələr, dövlətlərin inzibati sərhədlərində mövcud olan milli-etnik qarşıdurma ehtimalları Azərbaycan və Gürcüstanın Avropaya iqtisadi və siyasi inteqrasiyasına ciddi əngəllər törədir. O cümlədən demokratikləşmə də regionun Avropaya inteqrasiyasında olduqca əhəmiyyətli faktorlardan biridir.
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, hətta İran «Nabucco»ya qoşulmaq arzusunda olduğunu belə gizlətmir. Bu iqtisadi baxımdan AB-nin bəzi dövlətləri üçün cəlbedici görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, İran regionda uranın zənginləşdirilməsi üzrə proqramlarını davam etdirməklə, həmçinin də Yaxın Şərq regionundakı mövqeyinə görə, ABŞ və elə Avropa dövlətləri tərəfindən sərt tənqidlərin ünvanıdır.
Həmçinin, İran region dövlətləri üçün də təhlükə mənbəyi olmaqla yanaşı qonşuları ilə də təhdid dilində danışan dövlətdir. Daxildə isə insan haqları, demokratiya daim boğulur, vətəndaşların hüquqları ilə yanaşı, Milli haqları da tapdanır. İran ərazisində 30 milyona yaxın azərbaycanlı yaşayır ki, onların da heç birinin mədəni haqları tanınmayıb.
Bu baxımdan da Xəzər və Qara dəniz hövzəsi dövlətlərinin sıx iqtisadi əməkdaşlıq və siyasi ənənələrin formalaşması İran və Rusiyanın regiondakı bir çox maraqlarına uyğun gəlməyə bilər.

Bu baxımdan da Gürcüstan və Azərbaycanla, Türkiyə və Orta Asiya regionuna çıxış faktiki olaraq böyük bir hövzənin Avropaya iqtisadi inteqrasiyasını, həmçinin də təhlükəsizliyini zəmanət altına almış olur.
Xəzər dənizi və Qara dəniz hövzəsi dövlətlərinin nəqliyyat əlaqələri üzrə infrastrukturunun formalaşdırılmasından danışarkən bir məqama da diqqətinizi yönəltmək istərdim. Sadalanan dövlətlər üzrə kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılmasında da bir sıra problemlər mövcuddur. Bu region dövlətlərinin, xüsusilə də, Azərbaycan, Gürcüstan, Türkiyənin və Orta Asiya respublikalarının ortaq bazar imkanlarının yaradılması Avropa üçün də ekoloji baxımdan əlavə imkanların və inkişafın meydana çıxmasına səbəb olur. Məsələ burasındadır ki, qeyd edilən hövzə dövlətlərindən olan Azərbaycanın, Gürcüstanın, Orta Asiyanın və Türkiyənin kənd təsərrüfatı məhsulları üzrə imkanları da kifayət qədər yüksəkdir. Faktiki olaraq bazarların və nəqliyyat infrastrukturunun olmaması səbəbindən demək olar ki, bu dövlətlərin kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması imkanları minimuma enməyə başlayır.
Bununla yanaşı region dövlətlərin turizm imkanlarının da öyrənilməsi və hövzə dövlətlərinin iqtisadi inteqrasiyası məsələsində ilk növbədə bu məqama da diqqət yetirilməsi əhəmiyyətlidir.

Hesab edirəm ki, qeyd etdiyimiz enerji təhlükəsizliyi proqramlarının icrası ilə paralel olaraq həm də region dövlətlərində daha stabil və dayanıqlı iqtisadiyyatın təməl prinsipi kimi turizmi də inkişaf etdirmək önəmlidir. Avropalıların Xəzər hövzəsi dövlətləri ilə yaxından tanış olmaları, onların bu regionun siyasi demokratikləşməsi prosesində yaxından iştirak etməsi istənilən halda əhəmiyyətli bir məqamdır. Bu baxımdan da biz Xəzər hövzəsi dövlətlərindən olan Azərbaycan və Gürcüstanın Qara dəniz hövzəsi dövlətləri Türkiyə, Ukrayna, Rumıniya ilə turizm imkanlarının genişləndirilməsinə də xüsusi diqqət yetirməliyik. Qeyd etməliyik ki, Rumıniya ilə Azərbaycan arasında mədəniyyət, turizm, iqtisadiyyat və texniki əməkdaşlıq sahəsində dörd müqavilə imzalanıb. Xüsusilə qeyd edilməlidir ki, Rumıniya GUAM ölkələrində dondurulmuş münaqişələrin BMT-də müzakirə edilməsi təklifini də irəli sürüb.
Bundan başqa Azərbaycanla Ukrayna arasında son 5 ildə turizm, mədəniyyət və iqtisadi əməkdaşlığa dair 7 dövlətlərarası müqavilə imzalanıb. Azərbaycanla Gürcüstan arasında isə əməkdaşlıq daha çox inkişaf edərək turizm, enerji nəqli, mədəniyyət sahələri üzrə dövlətlərarası əməkdaşlığa dair 30-dan çox sənəd imzalanaraq qüvvəyə minmişdir. Hövzə dövlətlərindən olan Türkiyə ilə də dövlətlərarası müqavilələr və faktiki olaraq turizm, mədəniyyət, enerji nəqli ilə bağlı olaraq sənədlər hələ 90-cı illərin əvvəllərindən etibarən qüvvəyə minmişdir.
Bundan başqa biz Xəzər dənizi və Qara dəniz hövzəsi dövlətlərinin iqtisadi inteqrasiyasına nəzər saldıqda hövzə dövlətlərinin bir-birinin ərazisində yatırdığı investisiyalarının həcminin ildən-ilə artdığının da şahidi oluruq.

Son 5 ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 200 milyon dollardan 1.7 milyard dollara qədər artıb. Türkiyəli iş adamlarının Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 3.7 milyard dollara bərabərdir. Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində də investisiyaların həcminin artdığını müşahidə edirik. Əlbəttə ki, biz hövzə dövlətlərinin iqtisadi əməkdaşlığa dair imkanlarının daha da yüksəldiyinin şahidi oluruq. Bu sevindirici faktdır. Həmçinin də onu deməyə əsas verir ki, bu əməkdaşlıq konkret proqramlar üzrə davam etdirilsə, təbii ki, daha böyük imkanlara nail olmaq olar.

Bunun üçün hövzə dövlətlərinin idarə edilməsində demokratiklik, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, insan haqlarının, söz və mətbuat azadlığının qorunması, demokratik seçkilər xüsusi önəm daşıyır. Fundamental inteqrasiya, birgə yaşam, eyni dəyərlərin daşıyıcısı olmaqdan çox asılıdır.
Avropa ölkələri bu istiqamətdə xüsusi səy göstərməli, iqtisadi maraqları üzərindən siyasi maraqları və demokratiyanı qurban verməməli, Rusiya, İran kimi dövlətlərin xalqları və ölkələri təhdid etməsinə göz yummamalıdırlar.
İnanıram ki, demokratik cəmiyyətlər qurulacaqsa, inteqrasiyanı əngəlləyəcək heç bir şərt qalmayacaq.