İqbal Ağazadə koalision hakimiyyət təklif etdi

iqbal-agazade-koalision-hakimiyyet-teklif-etdi
Oxunma sayı: 659

Müşavirədə çıxış edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə hakimiyyətin apardığı siyasəti sərt tənqid etdi, iqtisadiyyatın günbəgün geriləməsindən, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsindən danışdı. Partiya sədri dedi ki, Azərbaycanın bütün problemlərini həll etmək mümkündür. “Sadəcə, iqtidar bunları etmək istəmir. Azərbaycanın demoqrafik vəziyyətini, yaşam tərzini, yerlərdəki durumu, imkanları nəzərə alıb ciddi sosial-iqtisadi proqram hazırlanmalıdır. Azərbaycan neftdən gələn gəlirləri elə səmərəli xərcləyə bilər ki, neftdən asılılıq hər il 10 faizə qədər aşağı düşə bilər. Nəticədə 5 il sonra ölkəmiz Dövlət Neft Fondundan transferlər üçün limit qoya bilər. Mən bu gün pulun yığılıb saxlanılmasının tərəfdarı deyiləm. Bu gün dünyada ciddi iqtisadi imkanlar açılıb. Məsələn, Gürcüstan dəmir yolu 10 milyard dollara satışa çıxarılıb. Azərbaycan bunu sərmayə qoymaqla əmlakına çevirməlidir. Bununla həm Cənubi Qafqazda imkanlarını genişləndirə, həm də kifayət qədər gəlir əldə edə bilər. Bununla Ermənistanın, hətta Gürcüstanın özünün Azərbaycandan asılılığına nail olmaq mümkündür. Oxşar imkanlar Yunanıstanda, İspaniyada da var. Amerika vaxtilə bu siyasəti geniş şəkildə həyata keçirib və ciddi uğurlar əldə edib. ABŞ-ın bu gün dünyaya ağalıq etməsi də məhz bu siyasətin nəticəsində ortaya çıxıb. Bu gün Azərbaycanın rayonlarında tikilən beynəlxalq aeroportlardan kim təyyarə uçduğunu görür? Bunların heç biri rentabelli deyil və heç bir xeyir vermir. Səmərəli layihələrə pul xərcləmək lazımdır. Bu gün ərzağın 64 faizi xaricdən idxal olunur. Bu, Azərbaycan kimi aqrar imkanları geniş olan ölkə üçün utancdır. Pulları elə xərcləmək lazımdır ki, hansısa kataklizm baş verəndə, yaxud da kimsə səni çökdürmək istəyəndə qurduğun infrastrukturlar və yatırdığın sərmayələr hesabına diz çökməkdən qurtulasan, dövlət büdcəsini təmin edəsən”.

Ümid sədri daha sonra iqtidarın insanlara iqtisadi-sosial azadlıqlar belə verməməsindən danışdı: “Digər tərəfdənsə insanlar azadlıq istəyir. Liviyada sosial-iqtisadi göstəricilər bizdən yüksək idi. Amma insanlar ayağa qalxıb rejimi dəyişdi. Çünki insan təkcə yemək üçün deyil. İnsan azad, rahat, demokratik rejimdə yaşamaq istəyir”.

Vəziyyətdən çıxış yolu və müxalifətin vəzifələri barədə danışan İ.Ağazadə dedi ki, Azərbaycanda yeni iqtidar formalaşmasa, yeni qüvvələr hakimiyyətə gəlməsə, ölkənin problemləri həll olunmayacaq: “Bəlkə gələn il yaxşı olacaq” düşüncəsi ilə sakitcə dayanmaqla heç nə baş verməyəcək. Hər kəs yalnız bunu düşünməlidir: bu hakimiyyət getməlidir! Bundan doğan sual var: kim gələcək? Məgər Fransada burjua inqilabı olanda, yaxud hakimiyyətlər dəyişəndə kimin gəlməsi sualı önəmli idimi? Dəyişiklik mütəmadi olmalıdır, bu hüquq xalqa verilməlidir ki, xalq qüvvələri dəyişə-dəyişə doğrunu yerinə gətirib çıxara bilsin. Doğru yerinə gəlib çıxanda problemlər həll olunacaq. Buna çalışmalıyıq. Bu iqtidar bizə o qədər problemlər qoyub gedir ki, bunları birgə həll etmək üçün siyasi partiyalar toparlanmalıdır. Biz hazırda insanlarla işləmirik, öz çevrəmizə qapanıb qalmışıq. Eyni insanlar nə qədər qəhrəmanlıq, fədakarlıq edə bilər? Prosesə yeni-yeni insanları cəlb etməli, sıralarımızı genişləndirməliyik. Bütün siyasi təşkilatlar bunu etməlidir. Bütün dünyada, bizim regionda da dəyişiklik baş verir və bu prosesi əngəlləyə biləcək heç bir maneə olmayacaq. Bu, demokratiyanın avtoritarizmlə mübarizəsidir. Bu proses sonadək gedəcək...

Bəzi dostlarımız müxalifətin birliyinə nail olmağa imkan vermədi. Bunun bir səbəbi var idi; Ümid Partiyası. İctimai Palata formalaşanda dedilər ki, İqbal Ağazadə parlamentdə təmsil olunduğuna görə İP-də Ümidin təmsilçiliyi olmamalıdır. Cənablar, bu ölkədə 9 milyon insan var, mən yalnız Ümid Partiyasının sədriyəm. Ümid isə bəyanat verib ki, bu seçkilər antidemokratik keçirilib. Bu, ədalətsiz yanaşmadır. Biz indi isə İP-dən reallığa uyğun olmayan təkliflər müşahidə edirik. Hesab edirik ki, müxalifət 2013-cü ilin prezident seçkilərinə vahid komanda şəklində getmək üçün çalışmalıdır. Ölkədə normal fəaliyyəti olan cəmi 7-8 partiya var, onların birlikdə cəmi 4-5 prezidentliyə iddialı şəxsi var. Gəlin bu partiyalar birlikdə 18 aylıq keçid hökumətinin formalaşdırılması və vahid komanda şəklində proseslərə qoşulmaq barədə üzərimizə bir öhdəlik götürək. Aşağıdan yuxarı doğru bütün strukturların idarə edilməsini öz aramızda bölək. Məsələn, ölkədə 75 icra başçısı var, 7 partiya arasında püşk atılır, müəyyən olunur ki, hansı rayon kimə düşür. Hər kəs də idarəetmə mexanizmini hazırlayıb təqdim etsin. Qalan 4 böyük post - prezident, baş nazir, spiker, Prezident Administrasiyasının rəhbəri vəzifələri üçün də ya namizədlər arasında razılaşma olsun, ya da püşkatma. Mən demokratiya naminə 4-cü postu götürməyə hazıram. Ya da kimsə çıxsın irəli, desin ki, 18 aylıq keçid hökumətini mən yönəldirəm, amma növbəti dəfə namizəd olmasın. Amma bu gün İP bizdən asılı olmayan bir işi görməyi təklif edir ki, növbədənkənar parlament seçkiləri keçirək. Axı bu, bizdən asılı olmayan məsələdir. Axı parlamentin hüquqi baxımdan buraxılması mexanizmi yoxdur, bunu prezident də edə bilməz, parlament özü də. 40 nəfərdən artıq deputatın istefası isə ağla batmayan məsələdir, heç bir deputat bunu etməz, çünki növbəti dəfə seçiləcəyinə əmin deyil. Demokratik seçki mühiti yaratmaq, Seçki Məcəlləsini dəyişmək də bizdən asılı deyil, amma dostlarımız deyir gəlin bunun uğrunda çalışaq. Bizdən asılı olan birləşmək, vahid komanda yaratmaqdır, keçid hökumətinin mexanizmini hazırlamaqdır. Amma deyirlər bunu etmirik. Bu, doğru yanaşma deyil. Bir daha müxalifətə səslənirik ki, 2013-cü ildə Azərbaycanda dəyişiklik olmasını istəyirlərsə, hamı 2013-cü il prezident seçkiləri üçün birləşməlidir. Başqa birlik modelləri prezident seçkisi ərəfəsində dağılacaqsa, xalq xəyal qırıqlığına uğrayacaqsa, qazanan da hakimiyyət qazanacaqsa, bu, nəyimizə lazımdır? Biz 2013-cü il seçkilərinə hazırlaşırıq, 2012-ci il bizim üçün hazırlıq ilidir".

İ.Ağazadə partiyanın rəhbər şəxslərini, bütün üzvləri üzərlərinə düşən vəzifələrə daha ciddi yanaşmağa çağırıb dedi ki, Ümid 2012-ci ilin mayına qədər qurultayını keçirib daha gərgin iş rejiminə keçəcək. O, sonda bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etdi, hər kəsə uğurlar arzuladı. Müşavirənin ardınca partiyanın Ali Məclisinin toplantısı başladı. Orada ilin yekunlarına dair hesabatlar dinlənilib, 2012-ci ildə görüləcək işlər müzakirə olunub.