İqbal Ağazadəni sevmirəm

iqbal-agazadeni-sevmirem
Oxunma sayı: 695

Hətta dəfələrlə belə müzakirələrin sonunda zidd fikirli insanların müzakirələri davam etdirmək üçün bir-birini yeməyə dəvət etdiyini də görmüşəm. Həsəd aparmamaq əldə deyil. Amma bizdə təəsüf ki, tam əksidir... Bu məsələyə toxunmağımın əsl səbəbi də budur.. Nə isə gəlim əsas mətləbə. 1 ilə yaxındır ki, xətrini istədiyim, fikirlərinə çox önəm verdiyim və uzun zamandır dostluq etdiyim ziyalılardan biri münasibətlırimizə qəribə bir soyuqluq gətirmişdi.

Doğrusunu deyim ki, əvvəlcə çox dərinə getmirdim. Düşünürdüm ki, yəqin problemləri var. Məsələnin birbaşa mənimlə bağlı olduğuna ehtimal belə vermirdim, çünki onu üzəcək, qıracaq heç bir hərəkət eləmərəm. Ən azından o səbəbdən ki, böyüyümüzdür... Münasibətlərimizin “buz dövrünü” ta o zamana qədər önəmsəmədim ki, bu yaxınlarda səfirliklərin birinin verdiyi ziyafətdə hörmətli “ağsaqqal” mənim salamımı almadı. (Keçmişdə ağsaqqallar “qan” bağlayardılar, küsülü barışdırıb, sülh yaradardılar. Daha qaşınmayan yerdən qan çıxarmazdılar). Məndə bu ziyafətdən sonra kiçiklik vəzifəmi yerinə yetirib bir dəstə çiçək bağlatdırıb, şirniyyat alıb onun görüşünə getdim. (Belə məsələlərdə prinsip aparmaq adətim deyil). Bir az söhbət elədik. Mən “bəlkə nə vaxtsa bilmədən sizə qarşı hörmətsizlik eləmişəm, ola bilər fikirli olmuşam, günahım nə isə bağışlayın” deyə yarızarafat-yarıciddi daha da qalınlaşan buzdağını əritməyə çalışdım. Aldığım cavab sözün əsl mənasında üzümə şapalaq kimi dəydi. “Bilirsən Aynur, mən İqbal Ağazadəni sevmirəm”. (Əslində sonra xatırladım ki, “ağsaqqalın” buz dağını ucaltma prosesini başlaması mənim “Ümid” partiyasına gəlmə zamanımla üst-üstə düşür). “Anlamadım, bundan mənə nə” deyə soruşdum, cavabında “Axı sən indi ordasan” cümləsini eşitdim.

Bu nə cür məntiqdir? Axı bu insan özünün ictiami xadimdən əlavə həm də siaysətçi hesab edir. Uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Onun evindən necə çıxdığımı, nələr dediyimi burda sizinlə paylaşmak istəmirəm. Amma bu yazını oxuyursa bir daha “Çox təəsüf edirəm” deyirəm. Bu ölkədə siyasi əxlaq, siyasi polemika, siyasi opponentlik kimi bir sıra anlamlar işlək mexanizmə çevrilməyincə biz elə bu gündə də qalacağıq. İnsanların bir araya gəlməsində, dialoqların başlanmasında elə birinci ziyalılar önayaq olmalıdırlar. Axı siyasətdə səni sevirəm, və ya səni sevmirəm anlayışı olmamalıdır. Siyasət hisslərlə deyil, ağılla idarə olunmalıdır. Biz o vaxt münasibətləri şəxsiləşdirə bilərik ki, qarşımızdakı şəxs bizim qardaşımızı öldürsün, bacımızı boşasın və s. (Heç bəlkə onda da şəxsiləşdirə bilmərik). Müəyyən məqsədlər, hədəflər üçün birlikdə siyasi yola çıxdığın insanı sevib-sevməmək lüksümuz yoxdur bizim. Sən onda bir insanı sevmirsənsə nəinki onunla, hətta ətrafındakı bütün insanlarla salam-kəlamı kəsməlisənmi? Onda deməli məndən qəribə adam yoxdur bu ölkədə, çünki ölkədəki bütün siyasi partiyaların, hərəktaların, qeyri-hökümət sektorundakı təşkilatların rəhbərliyinin çoxu mənim gözəl münasibətlərim olan insanlardır. Və burdan tam məsulyyətimlə deyirəm onların əksəriyyəti bu ölkəni idarə edə biləcək səviyyəyə, bilik və bacarığa malikdirlər. İndi onlar mənim sevmədiyim bir siyasətçinin yanında yer tutublarsa, mənim onları iqnor etməyim ədalətlidirmi sizcə? Axı siyasətdə uğurun birinci şərtlərindən biri elə siyasi dözümlülükdür. Axı elə AXC hakimiyyəti dövründə də əldə olunan bütün uğurların itirilməsinə səbəb elə bu dözümsüzlük oldu. Proses bitəndən sonra bir hökümətdən 5 partiya çıxdi zamanında. Amma o partiyaların biri də AXC hərəkatının kütləviliyi təmin edə bilmədi. Çünki onların gücü birlikdə idi, bir-birlərinə dözmələrində idi. Birlikdə prosesi uddular, parçalandılar hər şeyi itirdilər. Və bunun vəbalını təəsüf ki, Azərbaycan xalqı ödüyür.
Hakimiyyətin xisləti budur, o əldə etdiklərini daha çox, daha davamlı saxlamaq üçün bu yolu seçib. Amma onu yıxmaq üçün bu günkü Azərbaycan müxalifəti hansı yolu seçib? Axı bu ölkədə hakimiyyətin təzyiqləri ilə əzilən, insan haqlarının, demokratiyanın pozulmasına əngəl ola bilməyən bu müxalifət elə siyasi dözümlülük göstərə bilmədiyi üçün vəziyyət bu yerə gəlib çatıb. 18 ildir bu hakimiyyətin təpiyi altında əzilən müxalifət 18 ay siyasi dözümlülük göstərib bir koalisyonda, bir dialoq masası arxasında qala bilibmi? Bax bütün bu məsələlərin kökündə həmin sevməmək dayanır. Mən onu sevmirəm, mən bunu sevmirəm.:)) Həzərat siz bir birinizi sevməyin, lütfən, sadəcə Azərbaycan xalqını sevin. Birləşin və köklü dəyişiklər edin bu ölkədə. Bəlkə onda xalq da sizi sevə, şəxsi ambisiyalar, prinsiplər üzündən əldən verdiyiniz hakimyyətin onlara 18 ildir yaşatdığı zülmü unuda.