Biqeyrət bəylər

biqeyret-beyler
Oxunma sayı: 821

Fikir məni götürdü. Kənd-kəsəyimizdə nə qədər yer adı var yazdım 12 vərəqli təkcızıq dəftərimə. Bir gün bu dəftərdən qəfil bir enerjinin məni vurduğunu açıq-aydın hiss etdim. Hətta o məkanlardan çox uzaqda olduğum halda.

Daha sonra, şair dostum Xanəmirin Qubadlı rayonunda, işğal altında qalan yer adlarının siyahısını şeir kimi çap etdirdiyinin şahidi oldum. Gözüm kəlləmə çıxdı. Xanəmirlə azacıq söhbətləşdik bu barədə və yuxarıda yazdığım fəlsəfi mühakimələri təxminən bu istedadlı qələm adamından da eşitdim.

Sizə onu da deməliyəm: dağ rayonlarında az qala hər 300-400 metrdən bir yerlərin adı var və bu sözlərin demək olar ki, hamısı alt yapılıdır. Yəni, altında həqiqətlər, rəvayətlər, əhvalatlar gizlənir. Həmin yerdə dayanıb, həmin alt yapı barədə düşünmək insana qəribə duyğular bəxş edir.

Xanəmirin təqdim etdiyi yer adlarının içərisində biri xüsusilə diqqətimi çəkdi: “Bəyliyin macal yeri”

Bu sahədə bir balaca səriştəm olduğu üçün düşünməyə başladım. Əcəba nə deməkdir bu? Təbii ki, hamınızın ağlına gələn ilk baxışdan mənim də ağlıma gəlmişdi. Çünki istedadlı xalqımız bu söz yaranan zamanların əhval-ruhiyyəsini net şəkildə bizə ötürmüşdülər. Hər yer bəylərin əlindədir, onlar aman vermir ki, çoxluq təşkil edən yoxsul və kasıb camaat – yəni xalq öz mal-davarını bir tərəfdə otarsın. Ancaq buralarda elə bir ərazi də var ki, bəylər oranı qəsb etməyiblər və cümlə füqəra öz arıq inəklərini, yunu tökülən əcvəl qoyunlarına bura apara bilir, biri-biri ilə yaxalaşa-yabalaşa hərləyib axşam evə gətirirlər.

Xalq dəli-zad deyil ki (hərçənd belə görünür), qəflətən ayağa qalxıb harasa ad qoysun. Hər hansı bir məkan haqda hərə öz ağlı və istedadı səviyyəsində bir söz tullayır və hansı söz həmin yerin ruhunu dəqiq ifadə edirsə yaddaşlara əbədi həkk olunur.

Gəlin “Bəyliyin macal yeri” sözündən yola çıxaq və bəylər barədə xalq yaddaşında yaşayan əhvalatları, şeirləri yadımıza salaq. Müdhiş mənzərə ilə qarşılaşacağıq. Maaləsəf ki, sovet dövründə bizi aldadıb-eləməyiblər. Binəva xalqımızın yaddaşında bəylərin demək olar hamısı qaniçən, acgöz, şorgöz, kasıbın iliyini soran, kərki kimi həmişə özünə tərəf yonan, haqqı öz xeyrinə zorlayan və hətta, qorxmayaq, biqeyrət adamlardır!

Bəylər, inanın, belədir!
Bir bəy kimi namusuma and içirəm!