“İqtidar centlmen kimi çıxıb getsin” - Müsahibə

iqtidar-centlmen-kimi-cixib-getsin-musahibe
Oxunma sayı: 720






Azərbaycan Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin “Qafqazinfo”ya müsahibəsi

- İlk sualı mitinqdən vermək istəyirəm. 19 iyun mitinqi necə keçdi? Razı qaldınız?

- Ümumiyyətlə onu qeyd etmək istərdim ki, icazəsiz aksiyalar polis zorakılığı ilə qarşılanır. Amma bu, xalqın öz fikrini, niyyətlərini cəmiyyətə ötürmə mesajları idi. Əlbəttə, icazəli olsaydı daha gözəl olardı, xalq heç bir qarşıdurma olmadan gəlib öz sözünü deyib gedərdi. Sadəcə olaraq hakimiyyət bir az ehtiyat edir və lazımı yerlərə göstərir ki, müxalifətin bazası yoxdur. Əslində bu belə deyil əgər hakimiyyət müxalifətin bazası olmamağını əsas gətirib bu yerləri göstərirsə, onda bazası yoxdursa qoy elə şəhərin mərkəzində də mitinq etsinlər. Nədən qorxurlar?

- Qanunda göstərilir ki, İcra Hakimiyyətinin hər hansı mitinqə icazə verib, verməmək səlahiyyəti yoxdur. Mitinq müraciəti yalnız xəbərdarlıq xarakteri daşıyır. Buna baxmayaraq İctimai Palata heç bir şikayət etmir. Bunun səbəbini nədə görürsünüz?

- Biz İctimai Palatanın üzvüyük, amma Koordinasiya Şurasında və Mitinq Komitəsində təmsil olunmuruq. Onların əvəzindən söz deməyim yaxşı çıxmır. Öz fikrimi bildirə bilərəm ki, Konstitusiyanın 49-cu maddəsində göstərilir ki, insanlar sərbəst toplaşa bilərlər və bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinə və ya hansısa bir şəhər İcra Hakimiyyətini xəbərdar etməlidirlər ki, sərbəst toplaşan insanların təhlükəsizliyi təmin edilsin. Bu qanuni tərəfidir, amma bu məsələ ilə əlaqədar olaraq İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətini məhkəməsi məsələsi, bəlkə də müzakirə gedir, bəlkə də gələcəkdə belə bir şey ola bilər. Ola da bilər, olmaya da bilər, amma olsa daha gözəl olar.

- İctimai Palata deyir ki, onların fəaliyyəti mitinqlərlə məhdudlaşmır, siz Gənclər Təşkilatı olaraq mitinqlərdə iştirak etməkdən başqa İP-nın fəaliyyətinə hansı formada dəstək verirsiniz?

- İctimai Palatanın Koordinasiya Şurasında hələlik ADP-dən heç kim təmsil olunmur. Bu məsələ ilə bağlı müzakirələr gedir ki, Siyasi Şuradan kimsə orada partiyanı təmsil etsin. İctimai Palatanın digər komissiyaları da var ki, dövlətin bu və ya digər siyasətinə qarşı öz fikirlərini deyə bilər, korrektələr edə bilər. Hələlik bu komissiyalarda və İP-nın Koordinasiya Şurasında təmsil olunmamışıq. Amma, istərdik ki, təmsil olunaq. Çünki bizim də öz fikirlərimiz, ideyalarımız var. Dövlətin siyasəti ideal deyil. Çünki, əhalinin 90 %-i, bundan da çox hissəsi narazıdır. Dövlətin siyasətində korrektələr etmək lazımdır.

- Siz konkret nədən narazısınız?

- Bu dövlətin siyasətinin hansısa hissəsindən razı olmaq olur ki? Əgər bu dövlətdə büdcədən maliyyələşən təşkilatlarda və yaxud da ki, təqaüdçülərin maaşlarında istehlak tələbi ilə uyğunlaşma yoxdursa, ölkədə sosial-iqtisadi problemlər baş alıb gedirsə burada hansı razılıqdan danışmaq olar?

- Bəs bir gənc siyasətçi kimi çıxış yolunu nədə görürsünüz? Mütləq hakimiyyət dəyişməlidir, yoxsa islahatlar yolu ilə nəyəsə nail olmaq olar?

- Ümumiyyətlə iki cür ola bilər, inqilab və islahatlar yolu. İslahatlar üçün kifayət qədər vaxt verilib. Siyasi partiyalar konkret olaraq hökumətə mesajlar verir ki, bu yaxşı deyil, bunu düzəltmək lazımdır. Sadəcə olaraq digər demokratik dövlətlərdən fərqli olaraq Azərbaycan hakimiyyəti müxalifətlə hesablaşmır. Digər dövlətlərdə dövlətin siyasətində müxalifətin də fikirləri nəzərə alınır, dinlənilir. Bu, ümumi xalqın rifahı üçündür. Sadəcə olaraq bizdə iqtidar bu addımları atmır. Amma istisna deyil ki, sabah elə bir vəziyyət gələcək ki, xalq iqtidarla hesablaşmayacaq.

- Tutalım ki, iqtidar islahatlar keçirdi, müxalifətlə hesablaşmağa başladı. Onda razılaşacaqsınız, yoxsa yenə hakimiyyətin dəyişməsini tələb edəcəksiniz?

- Bu necə ola bilər ki? İqtidarda olan nazirlər bu və ya digər formada korrupsionerdirlər. Əgər korrupsionerdirlərsə, iqtisadi və digər cinayətlərdə əlləri var. Bu iqtidarın tərkibi avtomatik olaraq dəyişməlidir. İslahatlar da elə nazirlərin dəyişməyi, onların əvəzinə demokratik düşüncəli insanların gəlməyidir. Bundan sonra da demokratik siyasət yeridilməlidir. Bu yaxınlarda ərəb inqilabları qalxdı və o dalğa Azərbaycana gələndən sonra bir az hakimiyyət çəkilməyə başladı. Bir ara rüşvət yığışıldı. O müddətə qədər ki, Qəddafi xalqa divan tutmağa başlamamışdı. Qəddafi xalqa divan tutmağa başlayan kimi onlar da ayaq açıb yeridilər. Səhiyyə sistemində, dövlət xəstəxanalarında tələb etdiyimiz halda pulsuz müayinələr, müalicələr mümkün oldu. Məktəblərdə rüşvət bir az ara verdi. Sonra kanalizasiya xidmətləri, suya olan borcları prezident bağışladı. Bunlar dəryadan bir damla oldu. Amma bu, çox azdır. Çünki, 85 manat təqaüdçülərin nəinki dolanmağına, heç dərmanlarının puluna çatmır.

- Artıq 20 ilə yaxındır ki, müxalifət hakimiyyətə gələ bilmir. Müxalifət liderləri də artıq qocalır. Bəlkə, elə liderlər dəyişməldi? Gənclərlə əvəz olunmalıdır?

- Siz düz fikirləşirsiniz, əlbəttə ki, gənclər gəlməlidir. Gürcüstanda bu təcrübə özünü doğrultdu. Gənclər gəldi və çox gözəl demokratik islahatlar həyata keçirdilər, kiçik zaman kəsiyində Gürcüstanda demokratik ab-hava yarandı. Amma, digər tərəfi ilə razı deyiləm ki, 20 ildə YAP hakimiyyətdədir, lider yoxdur. Qocalsalar da bu, müdriklik əlamətidir. Sadəcə olaraq Azərbaycanda demokratik seçkilər yoxdur ki, iqtidar centlmen kimi uduzub, çıxıb getsin. Onlar bu və ya digər formada hakimiyyəti yenidən işğal edirlər. Seçkilərin saxtalaşdırılması hakimiyyətin işğal olunmasıdır.

- Partiya sədrliyinə seçkilərə hakimiyyət nəzarət etmir. Onda niyə ayrı-ayrı partiyalara rəhbərlik niyə gənclərdə deyil? Gənclər yoxdur, yoxsa buna imkan verilmir?

- Başqa partiyaların bununla bağlı fikrini deyə bilmərəm, amma öz partiyamız haqında deyə bilərəm ki, bizdə sədrlik məsələlərini deyirsinizsə, dəfələrlə sədrlər dəyişilib, demokratik seçkilər olub. ADP yeganə partiyadır ki, məhz bölgədə - Naxçıvanda yaranıb, bütün ölkəyə yayılıb. 2005-ci ildə ADP-nin təşəbbüsü ilə yaradılan “Azadlıq” bloku qeyri-rəsmi hesablamalara görə, parlamentdə 70% yer qazanmışdı. Rəsmi hesablamalara görə isə bu 35% idi. Bunu rəsmi olaraq ilk dəfə açıqladılar ki, parlamentdə müxalifət 35 faiz yer qazanıb. Daha sonra isə seçkilərin saxtalaşdırılması baş verdi və bu say 7-8 nəfərə endirildi. Orada imtinalar da var idi. Seçkilərin saxtalaşdırılmasına etiraz olaraq, bəzi deputatlar mandatlarından imtina etmişdilər.

- Siz özünüz partiya sədrliyinə namizədliyinizi vermək barədə düşünmüsünüz?

- Ümumiyyətlə partiyalarda partiya sədrləri qurultaylarda seçilir. Mənim partiyanın Gənclər Təşkilatının sədrliyinə təqribən bir il yoxdur ki, gəlmişəm. Bundan əvvəl də partiyanın mərkəzi aparatında fəaliyyət göstərmişəm. Amma heç partiya sədri olmaq barədə fikirləşməmişəm. Mən Azərbaycanda demokratiyanın bərqərar olması üçün hətta sıravi formada da mübarizəyə hazıram. Əsas odur ki, biz mübarizədə qalib olaq.

- Partiya sədrliyinə gəlmək istəsəniz sizcə maneələrlə qarşılaşarsız?

- Bizim qurultay bu ilin sonuna planlaşdırılır. Bu da mənim Gənclər Təşkilatının sədri olmağımın bir illiyi ilə eyni vaxta düşür. Yenə deyirəm bu barədə fikirləşməmişəm, amma qurultay zamanı Ali Məclisdə gənclər daha çox təmsil olunacaq. Biz hazırda bu plan üzərində işləyirik. Partiya sədrliyi yox, məhz Ali Məclisdə təmsil olunmaq, Rəyasət Heyətində təmsil olunmaq kimi məsələləri prioritet götürmüşük.

- Həbsdə olan gənclərlə bağlı soruşmaq istəyirəm. Məsələn, VHP Gənclər Təşkilatı Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinə qoşulub, bu istiqamətdə tədbirlər keçirilər. Siz onlara necə dəstək verirsiniz?

- Müdafiə Komitəsi ilə bağlı təşəbbüs bizdə də var idi. Digər partiyaların Gənclər Təşkilatları ilə biz çox sıx əlaqədəyik. Demək olar ki, biz siyasi fəaliyyətdən kənarda həm də dostuq. Digər partiyaların Ali Şuralarından fərqli olaraq Gənclər Təşkilatları arasında heç bir intriqa yoxdur. Bu və ya digər məsələlərdə biz bir araya gələ bilirik. Həmkarım sizə düzgün məlumat verib, həbsdə olan gənclərin hüquqlarını müdafiə etmək üçün müdafiə komitəsi yaradılıb. Bu müdafiə komitəsi əvvəl yaradılan Cabbar Savalanın və Bəxtiyar Hacıyevin müdafiə komitələri ilə birləşib. Artıq demək olar ki, bütün gənclərin müdafiə komitələri bir yerdədir. ADP Gənclər Təşkilatı da bu komitədədir və əlindən gələni edir. Biz 22 mayda aksiya da keçirdik. Bu təklif şəxsən məndən gəlmişdi. Biz həbsdə olan gəncləri cəmiyyətin daha çox hissəsinə tanıtmağı planlaşdırırdıq. Çünki, onları indi ən çox siyasətlə maraqlanan, ya da siyasi fəaliyyətlə məşğul olanlar tanıyır. Üzr istəyirəm ifadəmə görə, beynini mədəsinə bağlamış insanlar siyasi hadisələri və siyasi insanları tanımır. Onla əlaqədar olaraq da biz belə bir aksiya keçirmək istədik. Biz həbsdə olan dostlarımızın şəkillərini götürdük və qərara aldıq ki, heç bir şüar səsləndirmədən Milli Parkda yürüş keçirək. Yürüş üçün də insanların orada daha çox olduğu bir vaxt seçdik. Biz sadəcə olaraq yürüdük və hər iki tərəfdən gələnlər həmin şəkilləri görürdü. Orada həbsdə olan gənclərin adları yazılmışdı. Məsələn, “Tural Abbaslıya azadlıq”, “Əhəd Məmmədliyə azadlıq”, “Cabbar Savalanlıya azadlıq”, “Bəxtiyara azadlıq” və “Vicdan məhbuslarına azadlıq” şüarları ilə biz bu gənclərə azadlıq istədik. Hətta orada Arif Hacılının da şəkli var idi. Gənc olmasa da əvvəllər böyük bir fəaliyyətdə olub. Azərbaycanın sovetlərdən qopmasında, o proseslərdə iştirak edib, Əbülfəz bəyin silahdaşlarından olub.

- İctimai Palataya qayıtmaq istəyirəm. Gənclər Təşkilatının sədri olduğunuz partiyanın sədri bu qurumun fəaliyyətini tənqid etmişdi. Buna münasibətiniz necədir?

- Əslində o fikir mitinqdən sonra yaranmışdı. İP mitinqdən əvvəl bəyanatlarla çıxış etmişdi, demokratiyaya keçidlə bağlı “Yol xəritəsi” hazırlamışdı. Orada hakimiyyətə təkliflər hazırlanmışdı, hətta vaxt da qoyulmuşdu, lakin o yerinə yetirilmədi. Etiraf etmək lazımdır ki, mitinq də güclü rezonans doğurmadı. Sərdar Cəlaloğlunun narazılığı ondan ibarət olmuşdu ki, yaxşı olardı ki, müxalifət partiyaları bir yerə gəlib rezonanslı bir mitinq keçirsin. Belə olan halda biz hakimiyyəti sirkələyə bilərik. O da islahatlarda daha inandırıcı görünərdi, imitasiya xarakterli yox, real olaraq edər. Gözdən pərdə asmaq üçün bütün televiziyalarda göstərilir ki, dövlət siyasəti belə yerinə yetirilir, deyirlər bütün sahələrdə iş gedir. Hansı işlərdir? Biz onları görmürük axı. Partiya sədrinin tənqidi bundan ibarət olub ki, yəni mitinqi belə etmirlər.

- Bütün partiyaların bir araya gəlib, rezonanslı mitinq etməyi mümkündürsə onda niyə bir araya gəlmirlər?

- Azadlıq blokunu təhlil etsək orada əsas 3 partiya var idi, ADP, Müsavat Partiyası və AXCP. Sonradan ALP ilə VİP gəlmişdi. Bu üç partiya birləşib, digər müxalifət qüvvələrini bir araya toplaya bilər, böyük bir ittifaq da yarada bilər. Ancaq əvvəllər də bu ittifaq olub, o ittifaqlarda bütün hallarda ADP nüvədə olub.

- Amma ittifaqlar heç vaxt uzun müddət davam etməyib.

- Bu ittifaqlar hansısa siyasi hadisələrə yönəlmişdi. Məsələn prezident seçkilərinə. İndi qarşıdan yenə prezident seçkiləri gəlir. Düşünürəm ki, bu işlə 2013-cü ilin əvvəlində bu ildən məşğul olmağa başlamaq lazımdır. Sabah gec olacaq. Sərdar Cəlaloğlunun da fikri bundan ibarətdir ki, biz bu gün elə bir mitinq edək ki, hakimiyyət islahatlar keçirməyə məcbur olsun. Bu gün 200 nəfəri ortaya çıxarmaq, onlarında bir qisminin həbs olunması o qədər də effektli deyil. Bundan da güclü mitinq etmək olardı. Güclər bir yerdə deyil hələ ki. Güclər bir yerdə olmadığı üçün dövlət də istədiyi kimi hərəkət edir.

- Rəsul Quliyevə münasibətiniz necədir?

- Rəsul Quliyev güclü siyasətçidir. Onunla normal münasibətimiz var, hərçənd ki, bir dəfə telefonla danışmışıq. O zaman o, rayon təşkilatları ilə söhbət aparırdı. Onda mən Binəqədi rayon təşkilatında təmsil olunurdum. O, ümumi ab-havanı öyrənmək istəyirdi, şəxsən üzvlərlə danışırdı. Elə bir şəraitdə danışmışdıq. Çox istərdik ki, həmin dövrdə ADP rəhbərliyinə gələydi. Həqiqətən də xalq 2003-cü il seçkilərindən sonra İsa bəyin xalqın önünə çıxmamasından sonra, 2005-ci il seçkilərində müxalifətin qalibiyyətinin rəsmiləşməməyindən sonra bütün ümidləri Rəsul Quliyevə bağlamışdı. Hamı gözləyirdi ki, Rəsul Quliyev gələcək Azərbaycana, amma son anda gəlmədi və ümidlər alt-üst oldu.

- Bəs indi gəlsə?

- Siyasətdə an məsələsi var və o dövr keçdi. Azərbaycanda dəyişikliyi xalq o vəziyyətə gətirib çıxararsa ki, dəyişiklik edilsin beynəlxalq qüvvələrdən çox şey asılıdır. Bu gün ərəb inqilablarından görürük ki, xalq prezident aparatının qarşısında böyük mitinq edir, amma hakimiyyəti dəyişdirə bilmir. Çünki, beynəlxalq qüvvələr bununla razılaşmır. Onunla əlaqədar olaraq gərək qərbin də razılığı olsun ki, hansısa bir lider xalqı öz ardınca aparıb, hakimiyyəti dəyişdirmək istəsə dəyişdirsin, ya dəyişdirməsin.

- Son sözünüz…

- Həbsdə olan gənclərlə bağlı əlavə etmək istərdim ki, müdafiə komitəsinin işi davam edir. Biz deputatlarla görüşlər keçiririk. Hələlik bizə yaxın qüvvələrdən İqbal Ağazadə ilə görüşmüşük. Biz ondan xahiş etmişdik ki, bu məsələni parlamentdə qaldırsın. O da qaldırmışdı. Planımızda var ki, digər deputatlarla da bu məsələni müzakirə edək ki, onlar da bu məsələni qaldırsın. Bu məsələ daim qaldırılmalıdır, daim gündəmdə olmalıdır. Çünki, onların günahı yoxdur, onlar etmədikləri cinayətdə suçlayırlar. Əlimizdən gələni edəcəyik ki, dostlarımız həbsdə olmasınlar. Qısa müddətdə azadlığa çıxsınlar. Biz İctimai Televiziyaya da müraciət etmişik. İctimai Televiziyadan hər bir vətəndaşın istifadə etmək hüququ var, biz bu hüququmuzdan istifadə etmək istədik. Lakin, İctimai televiziyadan bu məsələ ilə əlaqədar olaraq müsbət cavab gəlmədi. Proses davam edir, biz məhkəməyə müraciət edəcəyik.

“Qafqazinfo” vasitəsilə də demək istəyirəm ki, həqiqətən bu gənclərin günahı yoxdur, orada göstərilənlər saxta ittihamlardır. Müxalifət gəncləri heç bir dükanın şüşəsini, vitrinini sındırmayıb. Biz həqiqətən demokratik dəyişikliklər tərəfdarıyıq və dinc və sivil yolla mübarizə aparırıq. Heç bir zorakılıq etməmişik və etmək də fikrimiz yoxdur.

Fatimə Kərimli