“İqtidar elə etsin ki...” - Açıqlama

iqtidar-ele-etsin-ki-aciqlama
Oxunma sayı: 662

Bunu “Qafqazinfo”ya açıqlamasında KXCP sədrinin müavini Fikrət Cəfərov deyib. O bildirib ki, müzakirələrin yekununda səkkizlik modeli alınmadı: “VHF-nun daha bir təklifi demokratik seçki mühiti uğrunda birgə mübarizə hərəkatının yaradılmasından ibarət idi. Bununla bağlı hər üç – KXCP, ALP və VİP-in ümumi razılığı əsasında bu birliyin yaradılması istiqamətində danışıqlar davam edir. Son dəfə Mirmahmud Mirəlioğlu və Lalə Şövkətin görüşündə birliyin təsis edilməsi istiqamətində konkret danışıqlar olmuşdu. Əsas tələblər isə işçi qrupunun yaradılması və konkret tələblərin hazırlanmasıdır. Bu modeldə Azərbaycanda demokratik seçki mühitinin yaradılması uğrunda nəinki üç, hətta bütün ölkənin siyasi qüvvələrinin, ziyalılarının, vətəndaş cəmiyyəti resurslarının iştirakının təmin edilməsi istiqamətində danışıqlar gedir. Mirmahmud bəyin bu günlərdə daha 2-3 partiya sədri ilə görüşü olub və müsbət nəticələr əldə edilib. İnanıram ki, Azərbaycanda demokratik seçki mühitinin yaradılması uğrunda müqavimət hərəkatının yaradılması ilə bağlı daha ciddi bir qurum ortaya çıxacaq”.

F. Cəfərov deyib ki, onlar elə bir hərəkat yaradırlar ki, burada bütün sosial təbəqələrin nümayəndələrinin iştirakı təmin olunsun: “Daha indiyə qədər fəaliyyətdə olan hansısa şəxslərin adı ilə bağlı birlik olmasın. Bu ümumi xalq birliyi olmalıdır. Xalqın 80%-i iqtidardan narazıdır. Məqsədimiz odur ki, narazı elektorata istiqamət verə bilək”.

Sədr müavini həmçinin “Siyasi partiyalar haqqında” qanunun ictimai müzakirəsini də təklif edib: “Bütün ölkənin siyasi qüvvələri həmin müzakirələrdə iştirak edib, ortaq bir məxrəcə gəlməli , öz fikirlərini ifadə etməlidirlər. Yoxsa indiki kimi, cəmiyyətin xəbəri yoxdur ki, hakimiyyət siyasi partiyalarla bağlı qanun hazırlayıb və qəbul olunması üçün Venesiya Komitəsinə göndərib. Bildiyimizə görə razılıq da alıb. Bu yolverilməzdir. İqtidar unutmamalıdır ki, artıq zaman yetişib, dünyada baş verən proseslər də onu göstərir ki, onlar sabahın müxalifəti olacaqlar. Elə etsinlər ki, sabah müxalifətdə olanda yaşaya bilsinlər. Elə qanunlar hazırlasınlar ki, sabah özləri də bundan bəhrələnə bilsinlər”.