“İqtidar narazılığın qarşısını alacağına ümid etməkdə yanılır” – Bəyanat

iqtidar-naraziligin-qarsisini-alacagina-umid-etmekde-yanilir-beyanat
Oxunma sayı: 657

İctimai Palata martın 15-də imzalanan əfv sərəncamında siyasi məhbusların adının olmamasıyla bağlı bəyanat yayıb. “Qafqazinfo”nun məlumtına görə, bəyanatda bildirilir ki, beynəlxalq aləmin və ölkə ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, azad olunanlar siyahısında Azərbaycanda vicdan məhbuslarının və digər siyasi məhbusların adları yoxdur: “İctimai Palata bir daha 2 aprel vicdan məhbuslarının və digər siyasi məhbusların azadlığa buraxılmamasından təəssüf ifadə edir və bu vəziyyəti qəti şəkildə pisləyir.

Məlumdur ki, 2011 - ci ildə 2 aprelində İctimai palatanın keçirdiyi dinc aksiyada iştiraka görə 100-lərlə şəxs qanunsuz olaraq həbs edilmiş və sonradan 16 nəfər ədalətsiz və əsassız məhkəmə qərarları ilə məhkum olunmuşdu və həmin şəxslər nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusları kimi tanınır. Bu müddətdə bir sıra rəsmi beynəlxalq təşkilatlar, xarici və milli hüquq müdafiə təşkilatları, tanınmış ziyalılar, siyasətçilər həmin şəxslərin və digər siyasi məhbusların azad olunması barədə Azərbaycan rəhbərliyinə dəfələrlə müraciətlər etmişdi. Öz növbəsində İctimai Palatanın bu haqda müraciətləri olmuşdu. 15 mart əfv fərmanı göstərdi ki, İctimai Palatanın vicdan məhbusları və digər siyasi məhbusların azadlığa buraxılmasının Azərbaycan cəmiyyətində, o cümlədən iqtidar – müxalifət münasibətlərində müsbət ab-hava yarada biləcəyi haqqında mesajları eşidilməmişdi. Aydın oldu ki, Azərbaycanın hakim dairələri və şəxsən dövlət başçısı İ. Əliyev növbəti dəfə qarşıdurma və gərginlik xəttini davam etdirmək xəttini seçdi. İslahatlara başlamaq üçün yarana biləcək ciddi bir şansdan növbəti dəfə imtina edildi. Azərbaycan kütləvi vicdan və siyasi məhbuslar ölkəsi kimi qaldı və beynəlxalq aləmdə yenə bu statusla tanınacaqdır.

İctimai Palata bəyan edir ki, Azərbaycan iqtidarı vicdan məhbuslarını və digər siyasi məhbusları həbsdə saxlamasının ölkədəki narazılığın qarşısını alacağına, demokratik qüvvələri qorxudacağına və kütləvi etiraz aksiyalarından çəkindirəcəyinə ümid etməklə ciddi şəkildə yanılır. Heç vaxt, heç yerdə bu yolla dəyişikliklərin qarşısını almaq mümkün olmayıb və bu Azərbaycanda da mümkün olmayacaqdır".

İctimai Palata tələb edir ki, vicdan məhbusları və digər siyasi məhbuslar dərhal və qeyd – şərtsiz azad olunmalıdır.