“...İqtidar nümayəndələri haqlıdırlar” – Eynulla Fətullayev

iqtidar-numayendeleri-haqlidirlar-eynulla-fetullayev
Oxunma sayı: 658


- Eynulla bəy, sizcə Avroviziyadan istifadə edib, ölkədəki situasiyanı dəyişməyə cəhd etmək nə dərəcədə effektiv olacaq?

- Ümumiyyətlə, dünya təcrübəsinə və başqa ölkələrdə keçirilən Avroviziya müsabiqəsinə nəzər yetirsək görərik ki, iqtidar nümayəndələri haqlıdırlar. Çünki indiyə qədər heç bir ölkədə Avroviziyanın siyasi proseslə uzlaşdırılmasının şahidi olmamışıq. Apardığım tədqiqatlar zamanı bu məsələ ilə bağlı maraqlı faktlar əldə etmişəm. 1979-cu ildə Avroviziya mahnı müsabiqəsi İsraildə keçirilib. Hamı bilir ki, 1979-cu ildə İsrail bütün dünya tərəfindən işğalçı bir dövlət kimi tanınıb. Eyni halda, həmin ildə Misirlə-İsrail arasında Kemp-Devid sazişi imzalanmışdır. Lakin çox maraqlıdır ki, 1979-cu ildə bu müsabiqə orada keçiriləndə, insan haqları ilə bağlı heç bir kampaniya aparılmamışdı. Digər tərəfdən 2008-ci ildə bu müsabiqə Rusiyada keçirildi. Həmin ildə Rusiyada olan siyasi repressiyalar özünün kulminasiya nöqtəsinə çatmışdı. Amma buna baxmayaraq, Avroviziya mahnı müsabiqəsi həmin ildə Rusiyada keçirildi. İlk dəfədir ki, Avroviziya mahnı müsabiqəsinin siyasi proseslərə bağlanmasının və uzlaşdırlmasının şahidi oluruq. Bunun müsbət və mənfi bir kampaniya olması il bağlı hər hansı bir söz deyə bilmərəm. Əsas məsələ budur ki, Azərbaycanın Avropaya inteqrasiyası nəzər alaraq bu cür kampaniyaları aktuallaşdıran təşkilatlar, bunu həyata keçirtmək istəyirlər ki, Azərbaycan əgər Avropa dəyərlərinə sahib çıxmaq istəyirsə, o zaman Avropanın siyasi mədəniyyətini də ölkəyə gətirməlidir. Əslində bu bir kampaniyadır. Maraqlı olan digər bir məsələ budur ki, beynəlxalq aləm də müxalifətin apardığı kampaniyaya dəstək verir. Sanki Qərbin Azərbaycana qarşı təzyiq etmək üçün əlinə bir fürsət düşüb. Açıq aşkar görünür ki, Qərb Avroviziya mahnı müsabiqəsindən istifadə edərək Azərbaycana qarşı təzyiqlər edir. Eyni halda Qərb çox gözəl anlayır ki, Azərbaycan hakimiyyəti Avroviziya mahnı müsabiqəsini nə dərəcədə böyük önəm verir. Əslində nə qədər paradoksal səslənsə də, Avroviziya müsabiqəsi Avropada o qədər də populyar deyil. Bu müsabiqə əslində yeniyetmələrin festivalıdır. Digər tərəfdən bu o qədər də böyük və möhtəşəm bir festival deyil. Sadəcə olaraq Azərbaycan bu məsələdən istifadə edərək, Avropada özünü tanıtmaq istəyir. Eyni zamanda da ölkədə olan bəzi təşkilatlar Azərbaycanın bu addımından istifadə edərək, ölkədəki situasiyanı dəyişməyə cəhd edirlər. Azərbaycan hakimiyyətinin bu müsabiqəyə böyük şəkildə önəm verməsini nəzərə alan Qərb, bu məsələni siyasi təsir mexanizminə çevirərək müəyyən nəticələr əldə etmək istəyir.

- Siz çıxışlarınızda da qeyd etmisiniz ki, artıq Avrozonanın əksər hissəsində demokratik dəyərlər və insan haqları deqradasiya olunub. Belə olan halda Avropanın Azərbaycanda demokratiyanın bərpası istiqamətində çalışmasını nə dərəcədə səmimi qəbul etmək olar?

- Həmişə demişəm və bir daha təkrar edirəm ki, Qərbdə bütün bu məsələlərin hamısına iki konseptual yanaşma mövcuddur. Onlardan biri praqmatik siyasətin tərəfdarlarıdır, buna eyni halda real politik tərəfdarları da deyirlər. Digər bir yanaşma moral politik tərəfdarlarıdır. Yəni mənəvi siyasətin yayılması və təbliği ilə məşğul olan təşkilatlar, siyasi partiyalar və hökumətlər. Ənənəvi bir qaydaya əsasən moral politikin tərəfdaları həmişə azlıqda olublar. Heç şübhəsiz ki, daha çox praqmatik maraqların gerçəkləşməsinə və həyata keçirilməsində maraqlı olan qüvvələr üstünlük təşkil edirlər. Ona görə də Azərbaycanla bağlı məsələlərdə ciddi maraqlar mövcuddur. Hazırda bütün beynəlxalq təşkilatlar Azərbaycana qarşı çox sərt və tənqidi bir mövqedədirlər. 1993-cu ildə hazırkı hakimiyyət mütəşəkkillik tapdığı bir ərəfədən bu günə qədər Qərb heç vaxt Azərbaycan hökumətinə qarşı bugünkü kimi mövqe sərgiləməyib. Çünki əvvəlki illərdə Azərbaycan hökuməti daha çox qərbyönlü siyasət həyata keçirərək Qərbin istək və maraqlarını birbaşa təmin edirdi. Lakin 2005-ci ildən sonra isə Azərbaycan Qərbin istəklərinə uyğun olmayan siyasət həyata keçirməyə qərar verdi. Ona görə də, demokratiya və insan haqları müəyyən mənada bir təzyiq mexanizmi kimi həmin təşkilatların yadına düşdü. Halbuki, 1995-ci ildən 98-ci ilə qədər Azərbaycanda daha da repressiv bir mühit var idi. Dəhşətli repressiyalar nəticəsində Azərbaycanda 3 minə yaxın insan siyasi baxışlarına görə həbsə atılmışdılar. Çox qəribədir ki, həmin dövrdə beynəlxalq təşkilatlar susurdular. Niyə? Çox maraqlıdır. Çünki həmin dövrdə Azərbaycanın həyata keçirdiyi siyasət tam olaraq Qərbin maraqlarına uyğun idi. Lakin hazırda isə fərqli bir siyasət həyata keçirilir. Eyni halda etiraf etmək lazımdır ki, bu gün Azərbaycan hakimiyyəti Qərbin təhdidi ilə İranla bağlı mövqeyini dəyişməkdədir. Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiqlərin digər bir səbəbi isə İrandır. Hətta Vikileaks saytı da açıqlamasında bildirmişdi ki, ən yüksək səviyyəli görüşlərin başlıca mövzuları İrandır. Mən açıq deyim ki, hazırda Qərbdə praqmatik siyasətin tərəfdarları üstünlük təşkil edirlər. Əgər bu gün Azərbaycan yenidən Qərbin maraqlarını həyata keçirməyə başlasa, hakimiyyətə qarşı olan təzyiqlər dayanacaqdır.