İqtisadiyyatımız ili yola saldı - Yekun

iqtisadiyyatimiz-ili-yola-saldi-yekun-
Oxunma sayı: 757

AMB-dən “Qafqazinfo”ya verilən məlumata görə, 2011-ci ildə mürəkkəb qlobal iqtisadi mühitdə Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirib, milli iqtisadiyyatda sabitlik hökm sürüb və artım prosesləri davam edib. Həyata keçirilmiş effektiv tədbirlər böhran illərində də iqtisadi artımın davam etməsini təmin edib və milli iqtisadiyyatın 2009-2011-ci illərdə stabil inkişafında əhəmiyyətli rol oynayıb.

Ölkənin xarici iqtisadi mövqeyi əlverişlidir, strateji valyuta ehtiyatları potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyədədir. Hazırda iqtisadi artım tamamən qeyri-neft sektorundan qaynaqlanır. İnflyasiya optimal idarə olunur və təkrəqəmli səviyyədədir. Makro-maliyyə sabitliyinin mühüm lövbəri olan manatın mübadilə məzənnəsi stabildir. Bank sektoru yüksək maliyyə dayanıqlığına malikdir. Maliyyə resurslarına çıxış genişlənir və təşviq olunur, nəticədə iqtisadiyyata kredit qoyuluşlarının artımı davam edir. Dünyanın əksər ölkələrinin kredit reytinqi azaldıldığı halda, Azərbaycanın kredit reytinqi yüksəlib.

2012-ci ilin pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilib. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsini həyata keçirəcək, habelə makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşməsinə zəruri dəstək verəcək.


2011-ci ilin əvvəlində dünya iqtisadiyyatında artım tempi gözlənildiyindən daha yüksək olduğu halda, II rübdən başlayaraq bir qədər azalıb. Yeni meyilləri nəzərə alaraq Beynəlxalq Valyuta Fondu (BVF) 2011-ci və 2012-ci illər üçün qlobal iqtisadi artım proqnozlarını dəyişib. İqtisadi artım tempindəki dəyişikliklər məşğulluq səviyyəsinə və digər sosial göstəricilərə də təsir edir. Bu şəraitdə qlobal iqtisadi artım üzrə regional fərqlər də artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, 2000-2007-ci illərdə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım inkişaf etmiş ölkələrdəkindən 2.6 dəfə çox idisə, 2011-12-ci illərdə bu fərqin 3.6 dəfə təşkil edəcəyi proqnozlaşdırılır.
Dünya iqtisadiyyatının artımını əngəlləyən başlıca amil qabaqcıl ölkələrdə dövlət borcu problemidir. Hazırda dünya iqtisadiyyatının ¾-nü təşkil edən inkişaf etmiş və etməkdə olan 15 ölkədə dövlət və özəl sektorun borcu dayanıqsız həddə çatıb. Dövlət borcunun həcmi avrozonada Ümumi Daxili Məhsulun səviyyəsinə yaxınlaşıb. Bu səbəbdən bir sıra qabaqcıl ölkələrin kredit reytinqləri aşağı düşüb. BVF-nin qiymətləndirmələrinə görə inkişaf etmiş ölkələrdə 2020-ci ilədək dövlət borcunun ÜDM-ə nisbətini 60%-ə endirmək üçün dövr ərzində ÜDM-in 8%-i qədər büdcə profisiti yaranmalıdır. Bu isə əhəmiyyətli fiskal konsolidasiya planının həyata keçirilməsini tələb edir.

Qlobal iqtisadiyyatda gedən proseslər əmtəə və maliyyə bazarlarına əhəmiyyətli təsir edib. İnkişaf etmiş bazarlarda maliyyə alətlərinin cəlbediciliyi azalıb, məzənnə riskləri artıb, aparıcı fond indeksləri aşağı düşüb. Dünya bazarında əmtəə qiymətləri və inflyasiya cari ilin I rübündə maksimuma çatdıqdan sonra, II rübdən sonra azalmağa başlayıb. Bu səbəbdən ilin sonunadək əhəmiyyətli qiymət artımı gözlənilməsə də, dünyanın əksər regionlarında inflyasiyanın ötən ildəkindən yüksək olacağı proqnozlaşdırılır.

2011-ci ildə Azərbaycan iqtisadiyyatı artmaqda və inkişaf etməkdə davam edib. Qlobal böhranın əsasən təsadüf etdiyi 2009-2011-ci illərdə orta iqtisadi artım 5% olub. 2011-ci ilin ötən 11 ayında isə qeyri-neft sektoru 9.5% artıb. O cümlədən qeyri-neft sənayesində 11.7%, ticarətdə 9.9% və xidmətdə 22.2% artım olub. Sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri indeksi ötən illə müqayisədə yaxşılaşıb. Cari ilin 11 ayında əhalinin nominal pul gəlirlərinin 19.2%, ev təsərrüfatlarına bank kreditlərinin isə 21.7% artımı daxili tələbin artmasına müsbət təsir edib. Nəticədə uzunmüddətli istifadə əşyalarının istehlakı artıb. İnvestisiya tələbi də genişlənib, ötən 11 ayda investisiya qoyuluşları 28.3%, o cümlədən qeyri-neft sektorunda 39% artıb.

Strateji valyuta ehtiyatlarının - “təhlükəsizlik yastığı”nın böyüməkdə davam etməsi ölkənin iqtisadi dayanıqlığını yüksəldir. 2011-ci ildə ölkənin xarici mövqeyində yaxşılaşma davam edib. Cari ildə tədiyə balansına ixrac qiymətlərinin yüksəlməsi, xarici maliyyə axınlarının artması müsbət təsir edib. 2011-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə ixracı 34% artaraq 26.8 mlrd. dollara, xidmət ixracı isə 26.4% artaraq 1.9 mlrd. dollara çatıb. Nəticədə cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 20.4% yüksələrək 14.4 mlrd. dollar təşkil edib. Bu da kapital hesabının kəsirini örtərək ehtiyat aktivlərini 10.4 mlrd.dollar artırıb. Strateji valyuta ehtiyatları 1 dekabr 2011-ci il tarixinə 42 mlrd. dolara çatıb və ÜDM-in 65%-ni ötüb. Strateji valyuta ehtiyatları 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ildə 60%-dən çox artaraq 10.5 mlrd.dolları ötüb.

2011-ci ildə Mərkəzi Bank makroiqtisadi sabitliyə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirib. Cari ilin ötən dövründə Mərkəzi Bank öz fəaliyyətini inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin realizasiyasına yönəldib.

Tədiyə balansında iri profisit şəraitində manatın məzənnəsi möhkəmlənib. 2011-ci ildə Mərkəzi Bank məzənnə siyasətini valyuta bazarında təklif mənbələrinin genişlənməsi şəraitində həyata keçirib. Məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 4 mlrd. dolardan çox valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə cari ilin ötən dövründə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.5% möhkəmlənib. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə demək olar ki, neytral qalıb və ölkənin rəqabət qabiliyyətinin qorunmasını təmin edib. Ötən 11 ayda xarici ticarətdə partnyor olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyanı 2.3% bəndi üstələyib.

Daxili tələbdəki meyilləri və xarici amilləri nəzərə alaraq 2011-ci ildə Mərkəzi Bank öz mandatına uyğun antiinflyasiya xarakterli pul siyasətini həyata keçirib. Mərkəzi Bank ilin əvvəlindən uçot dərəcəsini 2 dəfə dəyişərək 3%-dən 5.25%-ə qaldırıb. Eyni zamanda bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması 0.5%-dən 3%-ə qaldırılıb. Hazırda dünyada maliyyə bazarlarının kifayət qədər inkişaf etmədiyi ölkələrdə likvidliyin və xaricdən kapital axınlarının tənzimlənməsində məcburi ehtiyatların rolunun yüksəlməsi müşahidə olunmaqdadır. Zəruri hallarda (“maliyyə köpükləri” riski yarandıqda) bu alətdən aktiv istifadə beynəlxalq təşkilatlar tərəfindən də tövsiyə olunur. Bundan başqa Mərkəzi Bank pul kütləsinin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatlarından da istifadə edib.

Dövr ərzində inflyasiya pul siyasətinin hədəfinə uyğun təkrəqəmli səviyyədə qalıb, cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 8% təşkil edib. Qiymətləndirmələrə görə cari ilin 11 ayında inflyasiyanın 2.3 faiz bəndi xarici faktorlardan irəli gəlib. Qeyri-monetar faktorlardan “məsrəf” inflyasiyası da qiymət artımına təsir göstərib. Orta illik artım kənd təsərrüfatı istehsalçıları qiymətləri üzrə 10.7%, emal sənayesi istehsalçıları qiymətləri üzrə isə 5.9% olub.

2011-ci ildə bank sistemində maliyyə sabitliyi qorunub, sektorun institusional inkişafı davam edib. Bank sisteminin kapital adekvatlığı və likvidlik göstəriciləri məqbul səviyyədə saxlanılıb. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənib, iqtisadiyyatın kreditləşdirilməsi davam etdirilib. Bank sektorunun potensial riskləri vaxtında tənzimlənib. Sektorda restrukturizasiya tədbirləri davam etdirilib.

2011-ci ildə potensial riskləri və bank nəzarəti üzrə formalaşan Bazel-III standartlarını nəzərə almaqla risk əsaslı prudensial nəzarət çərçivəsinin formalaşdırılması davam etdirilib. Yeni makroiqtisadi vəziyyətdə bankların daha təmkinli və sağlam aktivliyinin təmin olunması üçün zəruri nəzarət rejimi və alətləri tətbiq edilib. Kapitallaşma proqramları davam etdirilib, kapital tələbi ilə bağlı yeni normativin tətbiqinə başlanılıb. Bütün bunlar bank sisteminin sabit və dayanıqlı fəaliyyətinin təmin edilməsinə, əhalinin və investorların etimadının qorunmasına yönəldilib. Eyni zamanda banklarda idarəetmə potensialının gücləndirilməsinə, aktivlərin sağlamlaşdırılmasına, maliyyə ehtiyatlanması səviyyəsinin artırılmasına, risklərin tənzimlənməsinə yönəlmiş tədbirlər davam etdirilib.
Bank sisteminin maliyyə dayanıqlığı təmin edilib, bank aktivlərinin keyfiyyət göstəriciləri məqbul həddə qorunub. Real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının xüsusi çəkisi 6.5% təşkil edib ki, bunun da yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür. Bank sistemi optimal gəlirliyini qoruyub və investisiya cəlbediciliyini saxlayıb. Hazırda ümumi likvidlik səviyyəsi yüksəkdir. Ötən 11 ayda likvid aktivlər ümumi aktivlərin 14.3%-i həddində olub.

Bank sektoru potensial risklərin örtülməsi və aktivliyin dəstəklənməsi üçün zəruri kapital səviyyəsinə malikdir. Kapitalın adekvatlıq göstəricisi 12%-lik normaya qarşı 15.8% təşkil edir. İlin əvvəlindən bankların məcmu kapitalının artımı 8% təşkil edib. Sektorun xarici mövqeyi dayanıqlıdır və yaxşılaşıb. Son 3 ildə özəl bank sektorunun xarici borcu 2 dəfə azalıb. Stress-testlər göstərir ki, bank sektoru riskləri absorbasiya etmək və dayanıqlığı qorumaq potensialına malikdir.
2011-ci ildə bank sisteminin maliyyə vasitəçiliyi dərinləşməkdə davam edib. Ötən 11 ayda kredit qoyuluşları 7.5%, bank aktivləri 10.7%, əhalinin əmanətləri 26.4% artıb. Dövr ərzində müddətli depozitlərin 22.1% artması bank sisteminə inamın yüksəlməsini xarakterizə edir. Dollarlaşma səviyyəsi isə (xarici valyutada depozitlərin geniş pul kütləsində payı) son bir ildə 4 faiz bəndi aşağı düşüb.
Ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi, habelə təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Milli Ödəniş Sistemi infrastrukturu vasitəsilə ödənişlərin həcmi 2011-ci ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.3% artıb. Hazırda bankların və “Azərpoçt” MMC-nin Bakı şəhəri və 50-dən çox rayonu əhatə edən ödəniş məntəqələrinin sayı 1700-ü ötüb.
2011-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 7.2%, quraşdırılmış bankomatların sayı 11.2%, POS-terminalların sayı 62.3% artıb.

Maliyyə sektorunun regional əhatə dairəsinin və bank xidmətlərinə çıxış imkanlarının genişlənməsi davam edib. 2011-ci ilin 11 ayında 23 yeni bank filialı açılıb ki, bunun da 13-ü regionların payına düşür. Hazırda bank filiallarının 49%-dən çoxu regionlarda yerləşir.

İpoteka kreditləşməsi cari ildə də iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayıb. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 mln. manat məbləğində sosial ipoteka verilib. İpoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilib. 2011-ci ilin ötən dövründə İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla 2000 nəfərə 77 mln. manat məbləğində ipoteka krediti verilib. Beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 mln. manat) faydalanan ailələrin sayı 8750-ə çatıb. İpoteka kreditləri üzrə portfel sağlam olub və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməyib.

Nigar Məmmədli